Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Aktual / “Eldar Mahmudovun nazir postundan çıxarılması MTN əməkdaşlarının qanunsuz dinləmələri ilə bağlı olub” – MTN-in sabiq müstəntiqi

“Eldar Mahmudovun nazir postundan çıxarılması MTN əməkdaşlarının qanunsuz dinləmələri ilə bağlı olub” – MTN-in sabiq müstəntiqi

2000-ci ildən Fransada mühacir həyatı yaşayan Milli Təhlükəsizlik Nazirliyinin keçmiş müstəntiqi Ramin Nağıyev “Yeni Müsavat” qəzetinə müraciət edərək MTN sistemindəki son durumla bağlı bir sıra məqamlara aydınlıq gətirmək istədiyini bildirib. Onunla müsahibəni təqdim edirik.

– Uzun müddətdir mediaya açıqlama vermirsiniz. Ancaq indi müsahibə təşəbbüsünü özünüz irəli sürdünüz. Hesab edirsiniz ki, artıq danışmağın məqamıdır?

– Doğurdan da uzun müddətdir heç bir açıqlama vermirdim. Ancaq bu o demək deyil ki, mən xəbər məkanından uzaq idim və deməyə sözüm yox idi. Əksinə, Azərbaycanda gedən prosesləri çox ciddi izləyirdim və izləyirəm. Sadəcə, indiyə qədər ölkənin milli təhlükəsizliyi üçün məsuliyyət daşıyanlara nə əlim, nə səsim çatmırdı. Son günlər Eldar Mahmudov milli təhlükəsizlik naziri vəzifəsindən uzaqlaşdırılıb, nazirliyin bir çox yüksək vəzifəli məmuru işdən çıxarılıb, onlarla şəxs həbs edilib. Milli Təhlükəsizlik Nazirliyinin keçmiş əməkdaşı kimi mən kənarda qala bilməzdim. Mənim də bu struktur haqqında deyəcəklərim var.

– Siz Eldar Mahmudovun nazirliyi dönəmində MTN-də işləmisizmi? Ümumiyyətlə onun nazirliyi dönəmini necə xarakterizə edirsiniz?

– Yox, mən onun dönəmində çalışmamışam. Tanış deyilik, çünki ayrı-ayrı nazirliklərdə işləyirdik – mən MTN-də, o, DİN-də. Rusca belə bir deyim var – “vəfat edənin ardınca ya gərək yaxşı danışasan, ya da gərək heç danışmayasan”. Bizim “ölənin dalınca danışmazlar” məsəli kimi… Bu misalları əsas götürsək, Eldar Mahmudov dönəmi haqqında yalnız bir cümlə deyə bilərik – yaxşı heç nə yox idi. Əsas vəzifəsi dövlətin daxili və xarici təhlükələrdən müdafiəsini təmin etmək, ərazi bütövlüyü üçün əks-kəşfiyyatla məşğul olmaq, ölkənin daxili sərhədlərini qorumaq, informasiya təhlükəsizliyini təmin etmək olan böyük bir nazirliyin strukturları Mahmudovun və onun yaxın çevrəsinin maraqlarına xidmətə yönəldilmişdi. Təbii, bütün bunlar ölkənin milli təhlükəsizliyi üçün böyük zərbə idi. Ona görə də ölkədə böyük səs küyə səbəb olan cinayətlərin heç biri – nə Elmar Hüseynovun və Rail Rzayevin qətli, nə ADNA terroru indiyə qədər açılmayıb.

– Maraqlıdır ki, bircə Hacı Məmmədovun rəhbərlik elədiyi 2 qarşı “Qara kəmər” əməliyyatı baş tutub. Sizcə, bu cinayətin üstü belə demək mümkünsə, maraqlar toqquşduğuna görə olub?

– Hacı Məmmədovun bandasının tutulmasında Eldar Mahmudovun heç bir xidməti olmayıb. Hacı Məmmədovun törətdiyi cinayətlər, kimlərin onun dəstəsinə üzv olması haqqında MTN-də 1999-cu ildən dəqiq, geniş informasiya var idi. Mən bu haqda mediaya dəfələrlə danışmışam, ona görə də söhbətə yenidən qayıtmaq istəmirəm.

– Yuxarıda dediniz ki, Eldar Mahmudovun bəzi əməlləri milli təhlükəsizliyə zərbə vurub. Konkret nəyi nəzərdə tutursunuz?

– Hər gün Azərbaycan mediasında dərc edilən iş adamlarının qorxudularaq talanması, onların oğurlanması, “özəl” həbsxanalara salınması xəbərlərindən danışmayacam. Mən əsasən Azərbaycanda radikal dini cərəyan – sələfizmin genişlənməsi haqqında danışmaq istəyirəm. Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıdandan sonra MTN-in qarşısında konkret məqsəd və vəzifələr qoymuşdu. Bu vəzifələrin içərisində ölkəyə sızan terrorçu qrupların ləğv edilməsi, radikal dini cərəyanların ölkəyə yol açmasının qarşısının alınması ən əsaslardan biri idi. Uzun illər təhlükəsizlik orqanlarında çalışan və general rütbəsinə qədərə gəlib çatan Heydər Əliyev çox yaxşı bilirdi ki, hansısa qüvvələr ölkədə sabitliyi pozmaq istəsələr, bunu fanatik dindarların əli ilə etməyə çalışacaq. 1996-cı ilin sonlarına qədər MTN bu işin öhdəsindən çox yaxşı gəlirdi. O zaman da radikal dini cərəyanları çox ciddi dəstəkləyən Səudiyyə Ərəbistanı, Qatar, Birləşmiş Ərəb Əmirlikləri kimi dövlətlərə aid bir çox fondların Azərbaycandakı bölmələri bağlandı, əməkdaşları isə ölkədən çıxarıldı. O zaman hər kəs anlayırdı ki, bu fondların arxasında xarici dövlətlərin xüsusi xidmət orqanları dayanır. 2004-cü ildə Eldar Mahmudov milli təhlükəsizlik naziri postuna gətiriləndən sonra vəziyyət 180 dərəcə dəyişdi. Həmin fondlar yenidən Bakıda nümayəndəliklərini açdılar, böyük maliyyə axını başladı, sələfilər ölkədə rahat, açıq fəaliyyətə keçdilər, ətraflarına çox sayda tərəfdarlar toplamağa başladılar. Qısa müddətdə təkcə Bakıda sələfilərin 15-20 min tərəfdarı yarandı. Səudiyyə Ərəbistanının ənənəvi dini cərəyanı olan sələfilik söhbət açdığım dövrə qədər Azərbaycanda qətiyyən polulyar deyildi. Böyük maliyyə axını ilə şəhərlərdə, kənd və qəsəbələrdə özəklər yarandı. Sələfilər Azərbaycanda hakimiyyəti ələ keçirib ölkəni İslam Xilafətinə birləşdirmək niyyətlərini qətiyyən gizlətmirlər. Bu isə ölkənin milli təhlükəsizliyinin təhdididir. Azərbaycanın xüsusi xidmət orqanları, konkret Milli Təhlükəsizlik Nazirliyi bu cəhdlərin qarşısını almalı idi. Ancaq bu baş vermədi. Əksinə, MTN radikalların əsas gəlir qaynaqlarından olan Binə, Sədərək və digər iri ticarət nöqtələrindəki məntəqələrini himayə etməyə başladılar. Təbii, bunu havayı etmirdilər. Bundan başqa MTN bəzi məmur-oliqarxların sələfilərə hər ay bəlli məbləğdə maliyyə ötürməsinə də göz yumurdu. Söhbət icma üzvlərinin sayından asılı olaraq aylıq 30-50 min manatlıq ayırmalardan gedir. Bundan başqa, 2010-cu ildən başlayaraq Azərbaycanın 1000-dən çox vətəndaşını Suriyaya və İraqa savaşmaq üçün aparan muzdluların ölkəyə sərbəst gediş-gəlişinə də göz yumuldu. Həmin 1000 nəfərdən 500-ü artıq öldürülüb. Sumqayıtda radikalların törətdiyi və MTN-in mediada tirajlanmaması üçün yetərincə ciddi çalışdığı məsələ isə ayrı bir hekayədir. Bu siyahını uzatmaq üçün yetərincə fakt var. Məsələn, yüksək vəzifəli dövlət məmurlarının övladlarının sələfilərə ciddi maliyyə dəstəyi verməsi və onlarla sız münasibətləri haqqında xeyli fakt var. Bu məsələ üzərində ona görə xüsusi dayanmağa məcbur oldum ki, bu gün o daha aktualdır. Qərb ölkələrinin xüsusi xidmət orqanları Liviya, Misir, İraq, Suriya kimi ərəb ölkələrinin dini fanatlarından öz məqsədləri üçün istifadə etdilər və bunun hansı nəticələrə gətirdiyini hamımız görürük. Noyabrın 13-də Parisdəki terror olayı da o sıradan… Bu, Azərbaycanda da baş verə bilər. 2010-cu ildən Türkiyənin Suriya ilə sərhəd ərazilərində düşərgələr saxlanmasına nəhəng pullar boş yerə xərclənmir. Həmin düşərgələrdə Azərbaycan vətəndaşları da var. Seçimdən sonra onların bir hissəsi Suriyaya göndərilir, hazırlığı zəif hesab edilənlər isə təlimlərini davam etdirilir. Onlara eyni zamanda konspirasiya, etibar qazanma qaydaları öyrədilir və onlar üçüncü ölkələr vasitəsilə Azərbaycana qayıdır. Bu illər ərzində həmin düşərgələrdə təlim keçən neçə qrupun Azərbaycana qayıtdığı bəlli deyil. Mən dəfələrlə mümkün kanallarla bu informasiyaları ölkə rəhbərliyinə göndərmişəm… Ancaq onların qarşısının alınması üçün heç bir tədbir görülməyib. Yalnız Eldar Mahmudov vəzifədən kənarlaşdırılandan və MTN-ə yeni rəhbər təyin ediləndən 1 gün sonra Bakıda böyük əməliyyat keçirildi və onlarla sələfi həbs edildi. Daşlar yerindən oynayıb… Əsas odur ki, gecikməyək.

– MTN-də baş verənlər haqqında informasiya çox azdır. Sizcə, nəyə görə proses bu qədər gizli gedir?

– Burada təəccüblü heç nə yoxdur. Bütün addımlar qanun üzrə görülür. İstintaq gedir və cəmiyyətə informasiyanın hansı dozada verilməsi istintaq qrupunun rəhbərliyinin səlahiyyətindədir. Bu istintaqa mane olmamaq üçün əsas şərtlərdən biridir. Onu da unutmaq olmaz ki, söhbət sadə vətəndaşlardan deyil, MTN əməkdaşlarından gedir. İrəli sürülən ittihamlar təkzibolunmaz faktlarla sübut olunmayana qədər onların suçlu olub-olmadıqlarını söyləmək hüquqa ziddir.

– Eldar Mahmudovun paralel dövlət qurması haqqında da danışılır. Sizcə, bu prosesdə daha kimlər ola bilərdi?

– Eldar Mahmudov vəzifəsindən azad ediləndən sonra Azərbaycan mediasında onun törədə biləcəyi cinayətlərlə bağlı çox versiya səslənib. Bu sırada kölgə hökuməti yaradaraq dövlət çevrilişinə cəhd etməyə qədər bir çox ittihamlar var. Ancaq bu ittihamları, versiyaları təsdiq etmək üçün ciddi faktlar olmalıdır. Mənə elə gəlir, bu versiyaların bəzisi sensasiya axtaran jurnalistlərin fantaziyasının məhsuludur. Prosesdə daha kimlərin həbs ediləcəyini dəqiq demək çətindir, bunun heç istintaqı aparan müstəntiqlər də dəqiq bilə bilməz. Çünki istintaq zamanı daha hansı cinayətlərin ortaya çıxacağı, kimlərin adlarının hallanacağı bəlli deyil. Bir şeyə əminəm ki, həbslər hələ davam edəcək.

– Sizin MTN-də baş verənlərlə bağlı öz versiyanız yoxdur?

– Mənim qənaətim yanlış ola bilər, ancaq mən düşünürəm ki, Eldar Mahmudovun nazir postundan çıxarılması MTN əməkdaşlarının qanunsuz dinləmələri ilə bağlı olub. Mən bu versiyanı daha real sayıram. İstintaqın hansı istiqamətdə aparılması, verilən informasiyalar belə düşünməyə əsas verir. Fikir verdinizsə, öncə dinləməni həyata keçirənlər, daha sonra onlara bu tapşırığı verənlər həbs edildi.

– Akif Çovdarov bir neçə qətldə rəsmən şübhəli bilinir. Hələlik konkret hansı qətllərdən söhbət getdiyi açıqlanmayıb, ancaq səs-küylü cinayətlərdə onun əlinin olduğu ehtimalı var. Siz nə düşünürsüz? Məsələn, Rail Razayevin qətlində onun dəst-xəttini hiss eləyirsizmi?

– Akif Çovdarov haqqında çox eşitmişəm. Fikrimcə, ona qarşı irəli sürülən qətl ittihamları əsassız sayıla bilməz. Bütün bunlara sözsüz, istintaq aydınlıq gətirməlidir. Bayaq dediyim kimi əldə konkret faktlar olmadan bu haqda danışmaq doğru və professional deyil. Mən hələ də anlaya bilmirəm ki, Çovdarov kimi bir kadr MTN-də necə xidmət edib?

– Ramin bəy, sizin bir sıra köhnə kadrların yenidən MTN-ə qaytarılması xəbərlərinə münasibətiniz necədir?

– Mən Milli Təhlükəsizlik Nazirliyinə yenidən xidmətə qaytarılan şəxslərin siyahısı ilə tanış oldum. Çox təəssüf, o siyahıda öz işinin professionalı olan yalnız bir nəfərin adına rast gəldim. Mən onunla İqor Xotkovski işinin istintaqı zamanı tanış olmuşdum. Eldar Mahmudovun kadrlarını nazirlikdən təmizləmək və onların yerinə yeni, ya da köhnə kadrlar gətirmək olar. Əsas məsələ onların hazırlıqlı olub-olmaması ilə bağlıdır. Bunun qiymətləndirməsini kim aparacaq? MTN Akademiyası? İllərdir bu işi pul, tanışlıq, yuxarıların zəngi ilə edən qurum? Bütün dünyada terror təhlükəsinin qlobal xarakter aldığı, eləcə də dünyanın qlobal yeniləşməsi üçün edilən rəngli inqilabların Azərbaycan sərhədlərinə yaxınlaşdığı bugünlərdə reallığı dərk etməyin, daxili düşmənlərə qarşı mübarizədə öz profesionallıqlarını göstərən MTN əməkdaşlarının yenidən xidmətə qaytarılmasının zamanıdır. Onların bir çoxu Vətənə xidmət edə və ölkəyə böyük xeyir verə, həm də öz təcrübələrini yeni nəslə öyrədə bilər. Zaman daralsa da, ölkənin xüsusi xidmət orqanlarını dirçəltmək, ölkənin təhlükəsizliyini gücləndirmək mümkündür. Bunun üçün ölkə rəhbərliyinin, eləcə də Milli Təhlükəsizlik Nazirliyinin yeni rəhbərliyinin siyasi iradəsi gərəkdir.

Aygün Muradxanlı, musavat.com

 

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …

Bir cavab yazın