Bazar , Oktyabr 25 2020
Ana səhifə / Aktual / Eldar Mahmudovun müdafiəsinə ehtiyac olarsa… – reaksiyalar

Eldar Mahmudovun müdafiəsinə ehtiyac olarsa… – reaksiyalar

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun həbs ediləcəyi ilə bağlı  xəbərlər ölkə gündəmindən düşmür. Son bir həftədə iki dəfə istintaqda ifadə verdikdən sonra fotoları yayılan sabiq nazirin hətta bu həftənin sonuna qədər qoluna qandal vurulacağı iddia olunur.

“MTN inqilabı” çərçivəsində məsuliyyətə cəlb edilən şəxslərin hamısına hökm oxunduqdan sonra Mahmudovun da dəmir barmaqlıqlar arxasına düşəcəyi deyilir. Azərbaycanın təhlükəsizlik sisteminə ciddi zərbə vuran, bir çox müdhiş cinayətlərdə adı keçən keçmiş nazirin həbs edilə biləcəyi barədə xəbərlərlə eyni vaxtda ölkə müxalifətinin, hüquq müdafiə təşkilatlarının, mətbuat orqanlarının onun hər hansı bir hüququ pozularsa, onu müdafiə edib-etməyəcəkləri ilə bağlı da məsələ gündəmə oturub. Bu da təsadüfi deyil. Çünki indiyə qədər hakimiyyətdən “vurulmuş” Mahmudov tipli məmurlara müxalifətin qucaq açması kimi nümunələr az olmayıb. Məsələn, sabiq səhiyyə naziri Əli İnsanov, keçmiş iqtisadi-inkişaf naziri Fərhad Əhmədov, eks-deputat Hüseyn Abdullayev, Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyev və başqaları.

KXCP sədri Mirmahmud Mirəlioğlu indidən bu barədə danışmağın tez olduğunu söylədi: “Mediadan fərqli olaraq həbs olunacağına inanmıram. Baxmayaraq ki, bu istiqamətdə bəzi söz-söhbətlər gedir. Həbs edilsə, o zaman verdiyiniz sualın cavabına baxarıq. Onun  hansı maddələrlə, necə həbs olunacağından, eləcə də cəmiyyətə məlum olan barəsindəki faktlardan çıxış etsək, indiki halda onu müdafiə etməyə lüzum yoxdur. Digər tərəfdən, indiyə qədər həbs edilən şəxslərdən ödənişlər edənlərin, azadlığa buraxılanların şahidi olduq. Hətta deyərdim ki, gözləntilərin əksi də ola bilər. Bəlkə onun adını bu qədər hallandırdıqdan sonra ona vəzifə verəcəklər, kim bilir…”

Böyük Quruluş Partiyasının sədri, hüquqşünas deputat Fazil Mustafa bunları dedi: “Mən hüquq müdafiəçisi deyiləm. Amma onu deyə bilərəm ki, kimsə cinayətkardırsa, biz niyə cinayətkarın hüququnu qorumalıyıq? Əksinə, biz cinayətkarın həbsinə tərəf duran insanlarıq. Bütün hallarda Eldar Mahmudovun məsuliyyətə cəlb olunmasının tərəfdarıyam. Törətdiyi əməllərə görə hər kəs məsuliyyət daşımalıdır. İnsanlara bu qədər zərər vuran şəxslərin məsuliyyətdən kənarda qalması doğru olmaz. Məhkəməsi, yaxud həbsdə olduğu vaxt hüquqları pozularsa, onu müdafiə etməklə bağlı məsələyə gəldikdə isə onu deyə bilərəm ki, bu məsələ ilə məşğul deyiləm”.

“Teleqraf” Media Qrupunun rəhbəri Aynur Camalqızı mətbuat olaraq, Mahmudov barəsində xəbəri onların da dərc etdiyini qeyd etdi: “Açığı, vətəndaş olaraq MTN ətrafında gedən proseslərə, məhkəmə işlərinə maraq göstərmirəm. Amma media olaraq, işimiz olduğuna görə bu məsələ ilə bağlı xəbərləri biz də veririk. Eldar Mahmudovun istintaqa cəlb olunduğu barədə məlumatlarla mən də tanışam. Prosesləri izləyib, təbii ki, yayırıq. O, həbs edilərsə, məhkəmə zamanı müdafiəyə ehtiyacı olacağı halda deyə bilərəm ki, biz, sadəcə, öz işimizi görməliyik. Sırf media olaraq, vəzifəmiz nədən ibarətdirsə, o işlə məşğul olmalıyıq. Onun müdafiəyə ehtiyacı yaranarsa, ölkədə vəkillik institutu var, ora müraciət edə bilər. Yəqin ki, vəkilləri də olmamış deyil. Bir da onu deyirəm ki, bizim işimiz, sadəcə, xəbər yaymaqdır”.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu sabiq nazirlə bağlı məsələni müzakirə etdiklərini bildirdi: “Açığı, Mahmudovla bağlı mənə o işdən çıxarılarkən atasının kənddəki heykəlinin uçurulması çox pis təsir etdi. Eldar Mahmudov nə qədər cani olsa da, onun atasının bura nə dəxli var idi? Atası professor olub, özü də çox hörmətli insan idi. Mahmudov vəziyyəti o həddə çatdırıb ki, atasının heykəlini uçururlar. Bu olmamalı idi. Hər kəs özünə cavabdehdir. Bəh-bəhlə heykəli qoymağa icazə verilir, amma sonradan uçurulur. Ölən insanı bu şəkildə təhqir etmək olmaz. Bu, Eldar Mahmudovun öz günahıdır. Amma millət də hüquq baxımından cani olmamalıdır. Mahmudovu həbs etdikləri zaman ona işgəncə versələr, döysələr sözsüz ki, hər bir insan kimi onun da hüquqlarını müdafiə edəcəyik. Çünki xoşumuza gəlməsə də, canilərin də döyüləndə hüquqlarını müdafiə edirik. Amma cinayətləri özü törədib, özü də cavabdeh olmalıdır”.

 

Həmçinin oxuyun

Vilayət Eyvazovdan yeni təyinat – Kamran Əliyevi o əvəz etdi

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Kamran Əliyevin yerinə təyinat olub.“BakuPost”un …