Çərşənbə , Dekabr 2 2020
Ana səhifə / Aktual /  “ELDAR MAHMUDOVA MÜRACİƏT ETDİM Kİ, ELŞAD ABDULLAYEV DƏRHAL HƏBS OLUNMALIDIR, AMMA…” – MÜSAHİBƏ

 “ELDAR MAHMUDOVA MÜRACİƏT ETDİM Kİ, ELŞAD ABDULLAYEV DƏRHAL HƏBS OLUNMALIDIR, AMMA…” – MÜSAHİBƏ

“2005-ci ildə birbaşa efirdən Eldar Mahmudova dedim ki…”
“2010-cu ildən işsizəm…”
Onunla görüşümüz aprelin 5-ə təsadüf etdi. Hiss etdik ki, əhvalı şəndi. Səbəbini belə izah etdi ki, düz 24 il bundan əvvəl, məhz bu tarixdə böyük uğura aparan mühüm siyasi addımlardan birinə imza atıblar. 1992-ci ildə Konstutisiyanın 121-ci maddəsinin 2-ci bəndinə etiraz əlaməti olaraq Milli Məclisin qarşısında mitinqlər təşkil ediblər. Xatırladaq ki, vaxtilə tətbiq edilən həmin maddənin məhz mərhum prezident Heydər Əliyevin prezident seçkilərində iştirakının qarşısını almaq üçün meydana çıxmışdı.Kefinin yaxşı olmasının digər səbəbini isə Milli Ordumuzun cəbhədə qazandığı zəfərlə izah etdi. Beləliklə, müsahibimiz 2000-2005-ci ildə Milli Məclisin deputatı, 2006-2010 – cu illərdə Naftalan şəhər icra hakimiyyəti başçısı olmuş YAP Siyasi Şurasının üzvü Musa Musayevdir. Azinforum.az “Bakı-xəbər” qəzetinə istinadən həmin müsahibəni təqdim edir. 

– Musa müəllim, daim fəal olan bir adam, nədənsə, son vaxtlar gözə dəymir, vəziyyətiniz necədi?

– Hər şey qaydasındadır. Adam aktiv fəaliyyətdə olanda gözə çox dəyir. Yəqin bundandır (Gülür-M.Q)
– Deyəsən, işsizsiniz?
– Bəli, 2010-cu il yanvarın 25-dən mən işsizəm.
– Amma YAP Siyasi Şurasınız üzvüsünüz. Sizi bura gətirən yol hardan başlayır?
– Mənim siyasi fəaliyyətim ümummilli lider Heydər Əliyevin SSRİ rəhbərliyindən haqsız yerə uzaqlaşdırılmasından sonra başlayıb. Həmin vaxt istər Moskvada, istərsə də burda Heydər Əliyevə qarşı qarayaxma kampaniyasına start verilmişdi. Dahi şəxsiyyətin rəhbər vəzifələrdə işlədiyi dövrdəki xidmətləri kənara qoyularaq, ona qarşı məkrli planlar işə salınmışdı. Gən ziyalı kimi, həmin vəziyyətə biganə qala bilmədim. Həmin vaxtdan da siyasi fəaliyyətə start verdim.
– Deməli, Sizi siyasətə yalnız Heydər Əliyev faktoru gətirib…
– Mən əslən Qərbi Azərbaycandanam. Bilirsiniz ki, elə həmin illərdə orda yaşayan soydaşlarımızın deportasiyasına başlandı. Gördüm ki, həmin prosesin məhz Heydər Əliyevin Siyasi Bürodan uzaqlaşmasından sonra başlaması təsadüf deyil. 1988-cu ildə Ermənistanda bir mənim doğulub boya-başa çatdığım Nüvədi kəndindən başqa azərbaycanlı qalmamışdı.
– Niyə məhz Nüvədidə bu mümkün olmuşdu?
– Bilirsiniz ki, bizim kənd Ordubadla Mehri rayonu arasında yerləşirdi. Əhalisinin isə hamısı azərbaycanlı idi. 1990-cı ildə mərhum Heydər Əliyevin gəlib Naxçıvanda yaşaması nüvədilərə də ürək-dirək verdi. Bizim camaatın kəndi gec tərk etməsində Heydər Əliyev faktoru danılmaz rol oynayıb. Ancaq həmin vaxtlar Heydər Əliyevin özünü də rahat buraxmırdılar. Onun nüfuzundan ehtiyat edən Ayaz Mütəllibov hakimiyyəti parlamentdə oyrədilmiş adamlar vasitəsilə ümummilli liderin üzərinə əsassız hücumlar təşkil etdi. Bayram Bayramov, Mirabbas Qasımov, Nadir Mehdiyev kimi adamlar Heydər Əliyevin əleyhinə çıxışlar etdilər. Əslində isə bu prosesə hələ 1987-ci ildən start verilmişdi. Yaxşı yadımdadır, həmin vaxtlar məşhur “Dalğa” verilişi vardı. O proqrama Heydər Əliyevin dövründə vəzifədən uzaqlaşdırılan adamları çağırıb ucuz şoular təşkil edirdilər. Elmlər Akademiyasında çalışan gənc mütəxəssis kimi mən həmin haqsızlığa dözmədim. Xatırlayıram ki, həmin verilişə məktub göndərdim. Makinada yazılan həmin məktub bu gün də məndə durur (göstərir-M.Q). Məzmunu beləydi ki, Heydər Əliyevi əsassız hədəfə çevirmək, onun gördüyü bütün işlərin üstündən xətt çəkmək doğru deyil.
– Məşhur “Yaş senzinin ləğvi” mitinqlərinin təşkilatçılarından olubsunuz. Əslində, böyük bir hadisə sayılan həmin proseslər barədə məlumat olduqca azdı. Bəlkə bu barədə bizi məlumatlandırasınız. Nəyə etiraz edirdiniz və həmin mitinqi kimlər təşkil edirdi?
-Həmin mitinqlərin başlıca tələbi Heydər Əliyevə seçkilərdə iştirakla bağlı qoyulan məhdudiyyətin aradan qaldırılmasından ibarət idi. Mitinqin təşkilatçıları arasında Hacıbala Abutalıbov, Murtuz Ələskərov, Səfiyar Musayev, Osman Abutalıbov, Rizvan Vahabov, Aydın Heydərov, Xeyrulla Hümbətov, Əli Nağıyev, Siyavuş Novruzov, Abdin Fərzəliyev və başqaları vardı. Bir neçə gündən sonra Ayaz Mütəllibovun tərəfdarları gəlib həmin mitinqi dağıtdılar. Əsas fəallıq edənlər Hacı Əbdüllə “Qardaşlıq” cəmiyyətinin sədri olan cinayətkar Ağa Axundov idi. Onların silahlı dəstələri bizim üzrimizə hücum çəkdi. Biz oranı tərk etdikdən sonra onlar Ali Sovetin qarşısında böyük bir çadır qurub orda keşik çəkməyə başladılar. Mitinqlərimizi Elmlər Akademiyasındakı bağda davam etdirdik. 1992-ci ildə “91-lər” adı ilə bir qrup ziyalı Heydər Əliyevə müraciət ünvanladı. Sonra YAP-ın yaranması prosesi başladı. Bu tarix barədə xeyli məlumat olduğu üçün geniş danışmaq istəmirəm.
– O vaxt da YAP-a üzv oldunuz?
– Bəli, partiyanın qurulmasında yaxından iştirak etmişəm. Nəsimi rayon təşkilatının yaradıcısı mən olmuşam. 1993-cü ilin fevral ayında Heydər Əliyevin qardaşı Həsən Əliyev rəhmətə getdi.
Mərhum prezident yas mərasimində iştirak etmək üçün Bakıya gəldi. Həmin vaxt o, Bakıda YAP rayon təşkilatlarının sədrlərilə görüş keçirdi. Görüşdə mən də iştirak etdim və Heydər Əliyevin qaşısında ilk çıxışı mən etdim. Qeyd edim ki, həmin vaxt Nəsimi rayonundakı YAP üzvlərinin sayı Bakının digər 10 rayonundakı üzvlərinin sayına bərabər idi.
Çıxışımdan sonra Heydər Əliyev cənabları ilə görüşümüz oldu. Qərara alındı ki, 3 gün ərzində bizim Nəsimi rayon təşkilatının konfransını təşkil edək. Orda Heydər Əliyevin də iştirakı nəzərdə tutulurdu. Hansısa səbəbdən, deyə bilmərəm, həmin konfrans təxirə salındı. Həmin qərarı mənim nəzərimə YAP-ın o zaman sədr müavini olan Rəfael Allahverdiyev çatdırdı.
-Heydər Əliyev Naxçıvanda yaşadığı dövrdə onunla orda görüşünüz olubmu?
-Xeyr, mən Heydər Əliyevlə Naxçıvanda görüşməmişəm. Onunla ilk görüşüm 1990-cı ilə təsadüf edir. Həmin vaxt Heydər Əliyev Moskvadan Azərbaycana qayıdırdı. Onu hava limanında qarşılayanların arasında mən də vardım. Ayaz Mütəllibovun cinayətkar dəstələri onun Bakıya qayıdışına imkan vermək istəmirdi. Hətta xoşagəlməyən şüarlar belə səsləndirirdilər. Azlıq təşkil etsək də, onların qabağından qaçmadıq. Mərhum aakademikimiz Cəlal Əliyevin və bir neçə nəfər Əliyevsevərin köməyilə biz onu qarşılayıb Cəlal müəllimin evinə apardıq. Bir neçə gün burda qaldıqdan sonra isə o, Naxçıvan şəhərinə getdi.
– Bəs Heydər Əliyev ölkəyə ikinci dəfə rəhbərlik etməyə başlayanda Siz nə işlə məşğul oldunuz?
– Həmin vaxt mən Elmlər Akademiyasının Nəbatət bağında çalışırdım. 1994-cü ildə YAP Nəsimi rayon təşkilatının sədri kimi elə həmin rayonun yeni yaradılan özəlləşmə idarəsinin rəisi təyin edildim. 1994-cü ilin may ayından 1996-cı ilin dekabr ayına qədər həmin vəzifədə işlədim.
Sonra Nazirlər Kabineti yanında Dünya Bankının həyata keçirdiyi layihəyə rəhbər müavini təyin olundum. 2000-ci ilin noyabr ayına qədər həmin sahədə çalışdım. Həmin ilin parlament seçkilərində YAP-ın təqdim etdiyi siyahı üzrə millət vəkili seçildim.
– Sonrakı seçkilərdə niyə parlamentə düşə bilmədiniz?

 

musa-musayev1
– Yəqin siz jurnalistlərin də yadında mənim deputat olduğum dönəmlər yaxşı qalıb. Çünki o vaxt mən çox fəal depuatat idim. 2005-ci il seçkilərinə mən yenə YAP-ın irəli sürdüyü namizəd kimi qatılmışam. Binəqədi rayonu 8 saylı dairədən estafetə qoşuldum. Həmin vaxt YAP-ın qərarı oldu ki, hər dairədən hakim partiyanın bir namizədi olmalıdır. 8 saylı dairədən 24 nəfərin namizədliyi irəli sürülmüşdü. Onlardan 11-i YAP üzvü idi. Onlar təmsil olunduqları partiyanın qərarına zidd getmişdilər. Həmin YAP-çılardan biri də o vaxtkı Beynəlxalq Universitetin rektoru Elşad Abdullayev idi. Yəqin ki, 2012 və 2013-cü illərdəki “Gülərqeyt” əməliyyatı yadınızdadır. Elşad Abdullayevin nümayiş etdirdiyi videolarda həmin dövrdəki seçkilərdən çox danışılır. Həmin adamın çox böyük maddi imkanları vardı. Nəyin bahasına olursa-olsun deputat olmaq istəyirdi. Az qalırdı ki, buna nail də olsun. Hətta MSK onun deputat seçildiyi belə elan etdi. Ancaq sonradan nəticələr ləğv olundu və Elşad Abdullayev 9 saylı dairədən əlavə seçkilər zamanı yarışa qatıldı. Orda YAP-ın irəli sürdüyü namizəd olaraq iştirak edirdi. Həmin dairədə onun namizədliyi məhkəmənin qərarı ilə ləğv olundu.


– Yadımızdadır, həmin seçkilərin təbliğatı zamanı o zaman böyük nüfuza malik olan Eldar Mahmudova televiziya vasitəsilə müraciət edirsiniz və bildirirsiniz ki, Elşad Abdullayev cinayətkar olduğu üçün həbs edilməlidir. Belə risqli çıxışa Sizi nə vadar etmişdi?
– Mən Elşad Abdullayev barəsində dəqiq araşdırmalar aparmışdım. Əldə etdiyim nəticə bundan ibarət idi ki, həmin adam fırıldaqçının biridi. Bütün bunlar məni Elşad Abdullayevin əsl simasını cəmiyyətə çatdırmağa vadar etdi. ANS telekanalının ödənişli efirindən istifadə edərək, Elşad Abdullayevin cinayətkar olduğunu bəyan etdim. Dedim ki, Elşad Abdullayev YAP-a xəyanət edibsə, sabah dövlətimizə də xəyanət edəcək. O vaxt Elşad Abdullayevi Binəqədi rayon İcra Hakimiyyətində, Milli Təhlükəsizlik Nazirliyində, MSK-da dəstəkləyən qüvvələr vardı. Bu səbəbdən də efir vasitəsilə Eldar Mahmudova müraciət etdim ki, Elşad Abdullayev dərhal həbs olunmalıdır. Tarix göstərdi ki, mən düz danışmışam.
– Seçkidəki uğursuzluqdan sonra, deyəsən. bir müddət işsiz qaldınız?
– Deputat seçilə bilməyəndən sonra mən YAP-da öz fəaliyyətimi davam etdirdim. Çünki həmin partiyanın Siyasi Şurasının üzvü idim. 2006-cı il mart ayının 24-də cənab Prezidentin əmri ilə mən Naftalan şəhər İcra Hakimiyyətinin başçısı təyin olundum. Mən ora gedəndə Naftalanın ərazisi 305 hektar idi. Balaca kurort şəhərinin 8 minə yaxın əhalisi vardı. Ancaq Sovetlər dönəmində həmin şəhərə ildə 60-70 min turist gəlirdi. Ancaq mənf fəaliyyətə başlayanda həmin sanatoriyaların çoxu fəaliyyət göstərmirdi. Çünki 5 sanatoriyanın hamısında qaçqınlar yerləşmişdi. Naftalanda çalışdığım 4 il ərzində məqsədim Naftalanın keçmiş şöhrətini özünə qaytarmaqdan ibarət olub. 2006-2010 cu illərdə Naftalan şəhərində 6 sanatoriya tikilib istifadəyə verildi. Mənim təkliflərimdən sonra şəhərin ərazisi genişləndirilərək 3573 hektara, əhalisi isə 10 min nəfərə çatıb. Göranboyun nəzdində olan bir neçə kənd artıq Naftalana birləşdirilib.

 

mus
– Sizin işdən azad edilməyinizi 2009-cu il bələdiyyə seçkilərinin Naftalanda baş tutmamağı ilə izah edənlər də oldu. Bu nə dərəcədə doğrudur?
– Tamamilə doğru deyirsiniz. Belə iddialarla mən də rastlaşmışam və hər birinə ətraflı cavab vermişəm. Qeyd etmək istəyirəm ki, Azərbaycanda seçkilər demokratik və yüksək səviyyədə keçir. Hər zaman seçkilərdə fəal iştirak etmişəm. 1993-cü il prezident seçkilərində Nəsimi rayonu üzrə DSK-nın sədr müavini olmuşam. Sonra 5 il parlamentdə təmsil olunmuşam. Seçki sahəsində böyük təcrübəm olub. Qazandığım təcrübə onu deməyə əsas verir ki, mən heç vaxt seçkidə qanunsuzluğa yol vermərəm.
Bu mənə qarşı qərəzli olan bəzi insanların ortaya atdığı yalan idi. Bir daha bəyan edirəm ki, 2009-cu ildə Naftalanda bələdiyyə seçkiləri çox demokratik şəraitdə keçirilib. Bəzi adamların ordakı maraqları təmin edilmədiyi üçün seçkilərin nəticəsi ləğv edildi. Məni vəzifəyə İlham Əliyev təyin etmişdi, o da azad etdi.
Heç bir vəzifə uzunömürlü deyil. Harda olmağımdan asılı olmayaraq, mən Heydər Əliyev yoluna sona qədər sadiq adamam. Cənab Prezidentin istənilən etimadını bundan sonra da doğrultmağa hazıram.
– Hansısa postda çalışmağa hazırsınızmı?
– 2010 cu ildən işsizəm. Təbii ki, işsizlik yaşı deyil, amma mən nə edə bilərəm? Bir daha deyirəm ki, mənə tapşırılan istənilən işin öhdəsindən layiqincə gəlməyə hazıram.
Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

“30 ildir çatladıq, Əliyevdən “vur” əmri, gəlincə rahatladıq…”

Azərbaycanın Qarabağda apardığı 44 günlük savaş ərzində qardaş Türkiyə dövləti və xalqı bu haqq savaşına …

Bir cavab yazın