Ana səhifə / Aktual /  Eldar Həsənov İqbal Ağazadənin partiyasını “alıb” – Eks baş prokuror prezident seçkilərinə hazırlaşır

 Eldar Həsənov İqbal Ağazadənin partiyasını “alıb” – Eks baş prokuror prezident seçkilərinə hazırlaşır

Azərbaycanın sabiq baş prokororu, Azərbaycan Respublikasının Rumıniyadakı fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənov böyük siyasətə qayıtmaq istəyir.
Bu barədə Avropa.info saytına məlumat verən mənbə sabiq baş prokurorun 2018-ci ildə keçirilməsi nəzərdə tutulan prezident seçkiləri ilə bağlı fəal hazırlıq işlərinə başladığını bildirib.
Məlumata görə, Eldar Həsənov bir sıra ictimai və siyasi fəallarla görüşlər də keçirib. Özünü “Qarabağ klanı”nın lideri elan edən sabiq baş prokuror növbəti prezident seçkilərində iştirakını bəyan edərək, ətrafına Qarabağdan olan tanınmış simaları toplamağa cəhdlər edir.
Məlumatlara görə, E. Həsənov siyasi partiyanın dəstəyi olmadan fəal siyasətlə məşğul olmağın imkansızlığını nəzərə alaraq, partiya da “alıb”. O, “Qarabağ klanı” na digər iddialı, keçmiş MTN şəbəkəsinin vurulmasından sonra “ulduzu sönən” Ümid Partiyasının sədri İqbal Ağazadə ilə danışıqlara başlayaraq, siyasi dəstək istəyib.
Mənbənin məlumatına görə, İ. Ağazadə növbəti prezident seçkilərində Ümid Partiyasının namizədinin E. Həsənov olacağına dair vəd verərək, keçmiş baş prokurorla birgə addımlar atmağa hazır olduğunu bəyan edib. E.Həsənov prosesləri sürətləndirməyi tapşırıb və tezliklə Bakıya qayıdacağını yaxın ətrafına bildirib.
Məlumatı Avropa.info-ya verən mənbə bildirib ki, E. Həsənovun apardığı danışıqlar yalnız İ. Ağazadə ilə yekunlaşmayıb:
“Keçmiş baş prokuror sabiq müsavatçı və istefada olan MTN zabiti İlham İsmayıl, habelə, ADR rəhbəri Qubad İbadoğlu ilə də danışıqlar aparıb. Nəzərə alsaq ki, adıçəkilən hər iki şəxs qarabağlıdır, onda E. Həsənovun planının nədən ibarət olduğu bilinir.”
Xatırladaq ki, İ. Ağazadənin adı həbs olunan, bir çox cinayətlərdə ittiham edilən və həbsxanada intihar edən, tələbə yoldaşı, keçmiş MTN polkovniki İlqar Əliyevlə hallanırdı. Geniş biznes imkanlarına malik olan Ağazadənin millət vəkili seçilməsi də məhz İlqar Əliyevin də təmsil olunduğu MTN şəbəkəsinin yardımı ilə həyata keçirildiyi haqda iddialar var. Müxalifətdə “troya atı” rolunu oynayan İ. Ağazadə artıq deputat mandatına da həsrət qaldığı üçün özünə yeni müttəfiqlər axtarır və bu müstəvidə ona ən güclü dayağının Eldar Həsənov ola biləcəyini düşünür.
Avropa.info-ya məlumat verən mənbə onu da bildirib ki, Eldar Həsənov AXCP və Müsavat, onlara yaxın media orqanları ilə də yaxın təmaslar qurmağa nail olub və bunun müqbilində külli miqdarda qonorar ödəyib. Mənbənin məlumatına görə, sabiq prokuror bir sıra tanınmış ziyalılar, QHT nümayəndələri və jurnalistlərlə də təmas qura bilib, onları növbəti prezident seçkilərində namizəd olacağına inandıra bilib. Mənbə onu da vurğulayıb ki, E. Həsənov İ. Ağazadə vasitəsilə mətbuata müxtəlif məmurlar barəsində kompromatlar ötürür və bununla da cəmiyyətdə hakimiyyətdaxili çəkişmə görüntüsü formalaşdırmağa çalışır.
Qeyd edək ki, Eldar Həsənov Serbiyanın daxili işlər naziri Neboşya Stefanoviçin başçılıq etdiyi nümayəndə heyəti ilə dünən Bakıya gəlib.

Avropa.info

Yazıda adları çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …

Bir cavab yazın