Çərşənbə axşamı , Sentyabr 21 2021
Ana səhifə / Aktual / Eldəniz Səlimov həbsə gedir

Eldəniz Səlimov həbsə gedir

Deputat Eldəniz Səlimovun Xaçmaz Rayon Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin polis əməkdaşı Zaur Mirzəyevin qanuni tələbinə əməl etməyərək onu döyməsi faktı Baş Prokurorluqda araşdırılmaqdadır. Toplanan material üzrə Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.

Eldəniz Səlimovun barəsində qətimkan tədbirinin seçilməsi məsələsi onun deputat toxunulmazlığına görə hələlik həll edilməyib. Eldəniz Səlimovun mandatı ilə bağlı məsələyə baxılması isə artıq qərarlaşdırılıb. Milli Məclis sədri Sahibə Qafarova 53 deputatının tələbi ilə parlamentin növbədənkənar sessiyasının çağırılması haqqında sərəncam imzalayıb. Növbədənkənar sessiyanın gündəliyinə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında məsələ daxil edilib. Təqdimatı baş prokuror Kamran Əliyev verib.

Rəsmi məlumata əsasən, iyulun 29-da gecə 1 radələrində Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Milli Məclisin deputatı Eldəniz Səlimov xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşına zor tətbiq edib. Daxili İşlər Nazirliyindən daxil olan material Baş Prokurorluqda araşdırılıb. Bu arada deputat baş verənlərə görə üzrxahlıq edib, Azərbaycan xalqından üzr istəyib. Bir çox ekspertlər hesab edir ki, deputatın üzrxahlığı onun həbsinin qarşısını almayacaq. Bu baxımdan baş prokurorun müraciətinin müsbət cavablandırılacağı, Eldəniz Səlimovun toxunulmazlığı qaldırıldıqdan sonra onun həbs ediləcəyi haqda qəti fikirlər söyləyənlər də az deyil.

Bundan başqa, Eldəniz Səlimovla bağlı şok faktlar ortaya çıxıb. Qoluzorlu deputatın pandemiya qaydalarını pozaraq nəvəsinə toy edən Ramiz Mehdiyevin ciddi siyasi dəstəyi və təqdimatı ilə deputat mandatı qazana bildiyi iddiaları var. Digər məlumata görə, Eldəniz Səlimov tez-tez Ramiz Mehdiyevin bağ evlərində təşkil olunan qəbullarda iştirak edir. Eldəniz Səlimovun ötən il Ramiz Mehdiyevin nəvəsinin qalmaqallı toyunda da iştirak etdiyi deyilir. Pandemiya dövründə toya qatılan deputatın pandemiya məhdudiyyətlərinə əməl etməməsi də təəccüblü deyil.

“Bakı” Hüquq Şirkətinin rəhbəri, hüquqşünas Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, ölkədə məhkəmə hüquq islahatlarının  aparılması ilə bağlı Prezident İlham Əliyevin verdiyi sərəncamlar, atılan addımlardan sanki bəzi məmurlar, deputatlar, vəzifə sahibləri məlumatlı deyillər: “Eldəniz Səlimovun polisin qanuni tələbinə bu şəkildə reaksiya verməsini şərtləndirən bir çox amillər var. Bu adamlar qanunverici orqanda oturub qanunsuzluq etməyi bir vərdişə çevirirlər. Düşünürlər ki, cibimdə mandat var, kim mənə söz deyəcək. Deputatı olduğu rayonda ona kimsənin söz demək səlahiyyətinin olmadığına da əmindirlər. Hər dəfə də qanundankənar addım atanda, məsələn, yol hərəkəti qaydasını pozurlar, yol polisi saxlayır, vəsiqəni göstərib keçirlər. Başqa bir yerdə bir başqa qanunsuzluq edir, yola verilir deyə fikir yaranır ki, nə istəsələr edə bilərlər. Özlərini qanundan üstün tuturlar. Halbuki Prezident İlham Əliyev hər çıxışında məmurlara çağırış edir, hər bir məmuru xalqın qulluqçusu olmağa səsləyir. Prezident deyir ki, hər kəs bilsin, eşitsin və nəticə çıxarsın. Məmurlar xalq üçün yaşayırlar. Əksinə deyil. Məmur xalqın xidmətçisidir. Vətəndaşa xidmət, kömək göstərməlidir. Yekəxanalıq etməməlidir.

Amma biz nə görürük? Pandemiya ilə əlaqədar tətbiq olunan məhdudiyyətlərə əməl etməyə dəvət olunan deputat polisə əl-qol atır, onu vurur, döyür. Ona bu səlahiyyəti kim verib? Bu adamlar oturduqları Milli Məclisin mahiyyətini belə anlamır sanki! Qanunverici orqanda oturub hakimiyyət nümayəndəsinin qanuni tələbinə yumruqla necə cavab vermək olar? Qanun deyib qanunsuzluq etməkdən çəkinmirlər. Polis əməkdaşı Azərbaycan dövlətinin təmsilçisidir. Deputat polisə əl qaldırmaqla faktiki olaraq Azərbaycan dövlətinə qarşı addım atır və buna görə də qanunların tələb etdiyi ən sərt şəkildə cəzasını almalıdır”.

Hüquqşünas deyir ki, Azərbaycan Konstitusiyasının 90-cı maddəsi səlahiyyət müddətində deputatların şəxsiyyətinin toxunulmazlığını qoruyur. Lakin deputat həmin müddətdə cinayət əməli törədərsə, bərəsində qətimkan tədbiri seçilə bilər: “Bu halda artıq deputatın barəsində qətimkan tədbirinin seçilməsi üçün addım atılıb. Baş prokuror Kamran Əliyev Milli Məclisə onun toxunulmazlığının qaldırılması üçün müraciət edib. 2016-cı ildə deputatların statusunu məhdudlaşdıran bir müddəa 89-cu maddəyə 7-ci bənd olaraq əlavə edilib. Deputat etik davranış qaydalarını kobud surətdə pozduqda, mandatından məhrum edilir. Bu Konstitusiya əlavəsindən sonra 2017-ci ildə ”Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildi. Qanunun qəbul edilməsində məqsədlər bunlardır:

– deputat fəaliyyətinin səmərəliliyinin və şəffaflığının artırılması;

– Azərbaycan Respublikası Milli Məclisinin nüfuzuna və yüksək deputat adına xələl gətirə biləcək davranışın qarşısının alınması;

– deputat fəaliyyətində maraqların toqquşması hallarının qarşısının alınması;

– deputatın etik davranış qaydalarına əməl etməsinin təmin olunması;

– deputat fəaliyyətinə ictimai etimadın gücləndirilməsi.

Bununla yanaşı, qanunun 4-cü maddəsi deyir ki, deputat öz fəaliyyətində insanların hüquqlarını, azadlıqlarını, qanuni maraqlarını pozan, şərəf və ləyaqətini alçaldan, işgüzar nüfuzuna xələl gətirən kobud, təhqiramiz söz və ifadələrə yol verməməli, hüquqi şəxslərin işgüzar nüfuzunu ləkələyən qərəzli hərəkətlər etməməlidir.

Qanunun 6-cı maddəsi deputatdan vicdanlı və mədəni davranış tələb edir.

– Deputat vicdanlı davranış nümayiş etdirməlidir.

– Deputat Milli Məclisin nüfuzuna və yüksək deputat adına xələl gətirə biləcək davranışa yol verməməli, deputat adını, şərəf və ləyaqətini uca tutmalıdır.

– Deputat vətəndaşlarla, o cümlədən seçiciləri ilə münasibətlərində, həmkarları, dövlət orqanlarının nümayəndələri ilə davranışında, ictimai çıxışlarında və Milli Məclisin iclaslarında nəzakətli və təmkinli olmalıdır”.

Hüquqşünasın sözlərinə görə, deputatın vətəndaşa, polisə və digər şəxslərə əl qaldırması qanunun 3-cü, 4-cü və 6-cı maddələrinin açıq pozulmasıdır və parlamentdaxili məsuliyyətə səbəb olan pozuntudur.

Qanunun 14-cü maddəsi bildirir ki, “Etik davranış qaydalarının pozulmasına görə deputat Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır. Milli Məclisin Daxili Nizamnaməsinin 41-ci və 23-cü maddələrinə əsasən, etik davranış qaydaları pozulduqda Milli Məclisin Sədrinin təqdimatı əsasında Milli Məclisin İntizam komissiyası araşdırma aparmaq və müvafiq əsaslar aşkar etdikdə Milli Məclisin deputatının mandatından məhrum edilməsi haqqında qəbul etdiyi rəyi Milli Məclisin sədrinə təqdim etmək vəzifəsi daşıyır.

Pozuntu halları rəydə öz təsdiqini tapdıqda, Milli Məclisin sədri İntizam komissiyasının Milli Məclisin deputatının mandatından məhrum edilməsi barədə rəyini Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına göndərir.

Göründüyü kimi, deputat toxunulmazlığı altında gizlənib, kimisə döymək, təhqir etmək, kobud, nəzakətsiz davranışlara yol vermək olmaz. Bu davranış etik pozuntu olduğundan deputat mandatının itirilməsi ilə yekunlaşa bilər.

Fəzail Ağamalı: “Vahid Əhmədovun köhnə Müdafiə naziri ilə yaxşı əlaqələri,  işbirliyi olub”

Fəzail Ağamalı 

Milli Məclisin İntizam komissiyasının sədr müavini Fəzail Ağamalı bildirib ki, Azərbaycan Respublikası Konstitusiyasının 90-cı maddəsinin II hissəsinə görə, Milli Məclisin deputatının toxunulmazlığına yalnız Azərbaycan Respublikası Baş Prokurorunun təqdimatına əsasən Milli Məclisin qərarı ilə xitam verilə bilər: “Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, Milli Məclisin sədri Milli Məclisin deputatı haqqında təqdimatı əvvəlcə Milli Məclisin İntizam komissiyasına göndərir. İntizam komissiyası təqdimata baxaraq Milli Məclisin deputatının toxunulmazlığına xitam verilib-verilməməsi barədə rəy qəbul edir. Milli Məclis bu barədə məsələlərə deputat toxunulmazlığına xitam verilməsi barədə təqdimat olan deputatın iştirakı ilə baxır. Həmin deputatın iclasda iştirakı mümkün olmadıqda məsələyə onun iştirakı olmadan baxılır. Bu məsələ Milli Məclisin iclasında müzakirə edilərkən deputatın ittiham edildiyi cinayətdə təqsirli olub-olmaması müzakirə oluna bilməz. İclasda iştirak edən deputatlar yalnız deputat toxunulmazlığına xitam verilməsi barədə Azərbaycan Respublikası Baş Prokurorunun təqdimatında kifayət qədər əsasların olub-olmamasını aydınlaşdıra bilərlər və bu məqsədlə Azərbaycan Respublikasının Baş Prokuroruna suallar verə bilər, deputat toxunulmazlığına xitam verilməsinin lehinə və ya əleyhinə çıxış edə bilərlər.

Milli Məclisin deputatının toxunulmazlığına xitam verilməsi barədə Milli Məclisin qərarı azı 63 səs çoxluğu ilə qəbul edilir. Milli Məclisin qərarı ilə deputat toxunulmazlığına xitam verildikdən sonra Eldəniz Səlimov barədə cinayət işi açıla bilər. Konstitusiyanın 89-cu maddəsinə əsasən, cinayət törətdikdə və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda Milli Məclisinin deputatı mandatından məhrum edilir”.

Yazı hazırlanarkən məlum oldu ki, Milli Məclisin İntizam komissiyası artıq öz iclasını keçirib. İclasda baş prokuror Kamran Əliyevin “Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında” Milli Məclisə təqdimatına baxılıb. E. Səlimov iclasda çıxış edərək əməlini etiraf edib, üzr istəyib. İntizam komissiyası Milli Məclisin deputatı Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında rəy qəbul edib və məsələ parlamentin bugünkü iclasına tövsiyə olunub.

P.S. Dünən deputat YAP sıralarından da xaric edilib. Bu barədə YAP Xaçmaz rayon təşkilatından məlumat verilib.

Həmçinin oxuyun

Allahşükür Paşazadə niyə susur?

Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşülür Paşazadə bildirmişdi ki, Xamneyinin fətvası Qarabağın azad olunmasının əsas carçısı …