Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / Elçin Qurbanov: “Hüquqa və məntiqə sığmayan qaydalar dövlətçiliyə ziddir”

Elçin Qurbanov: “Hüquqa və məntiqə sığmayan qaydalar dövlətçiliyə ziddir”


Son aylarda dövlət sərhəd xidmətinin ölkənin quru yolla giriş qapılarında vətənə dönmək istəyən vətəndaşların narazılığına haqlı səbəb olan qaydalar tətbiq etməsi ciddi söz söhbətə səbəb olub. Belə hallardan yalnız birinin üzərində qalmaqla aydınlaşdırmaq istəyirəm.

Qonşu Gürcüstana öz valideynlərini ziyarət etməyə çətinliklə gedən və gətirdiyi halda sonradan qoca valideyinini geriyə aparan şəxsin yaxın qohumluğunu tanımayan Dövlət Sərhəd Xidmətinin nəzarətçiləri sağlamlığına görə təyyarədən istifadə edə bilməyən qocanı sərhəddən tək keçməsinə icazə verərək övladı geri qaytarır və məcbur edirlər ki, hava yolundan istifadə etsin. Övlad isə Bakıya qaıdıb təyyarə bileti alaraq qoca anasını xahiş minnətlə sərhəddi keçən digər şəxslərin köməkliyi ilə yerləşdirdiyi ünvana gedir.

Əldən düşmüş qocanı yalnız bir neçə gün sonra yaşadığı evinə apara bilir. Mənzərəni təxəyyülünüzdə canlandırmağınızı istəyirəm. Qoyulan anlaşılnaz məhdudiyyət Qocaya və vətəndaşa verilən əziyyətdən və əlavə xərcdən başqa hansı nəticə yaradır ? Nə vaxtdan ana və ya ata yaxın qohumlar siyahısından çıxarılıb ?


Bundan sonra isə Gürcüstana keçən vətəndaşımız quru yolla ən tezi 10 gündən sonra vətənə qayıda bilər. Vətəndaş oradakı səfirliyimizdə müraciət etməli , yalnız müvafiq icazə aldıqdan sonra doğma vətənə geri dönə bilər. Elə başa düşməyin ki, bu məsələ Covid infeksiyası ilə əlaqəlidir. Mən heç infeksiyanın olmadığını da demirəm. Çünki xəstəlik var , onunla mübarizə də aparılmalıdır.

Yeri gəlmişkən qonşu dövlətdə məhdudiyyətlər aradan qaldırılmış, hətta maskadan istifadə də məcburi deyil. Sadəcə vaksin dozalarının qəbul edilməsi kifayət edir. Digər tərəfdən isə açıq havada səfər etmək, qapalı təyyarə salonlarından daha təhlükəsizdir. Nə hüquqa , nə də məntiqə sığmayan qaydalar hansı təfəkkürə görə tətbiq olunur başa düşə bilmirəm.

Heç bir səbəb olmadan vətəndaşın azadlıq hüququ kobud şəkildə pozulur. Xatırlatmaq istəyirəm ki, vətənə maneəsiz dönmək hər bir vətəndaşın Konstitusiya ilə müəyyən edilmiş Azadlıq hüququdur. Konstitusiyaya görə Azərbaycan hüquqi dövlətdir. İnsanların təbii hüquqlarına əsaslanan qanunların şah olduğu dövlətdir.

Bütün dövlət hakimiyyəti orqanları yalnız və yalnız konstitusiya əsasında və həddlərində fəaliyyət göstərə bilərlər. Bəzi hüquqların müvəqqəti məhdudlaşdırılması isə ictimai təhlükəsizliyin təmin edilməsi məqsədilə, qanuni yolla elan edilmiş fövqəladə vəziyyət, epidemoloji təhlükə barədə karantin rejiminin tətbiqi halında mümkündür.

Hava nəqliyyatında isə tamam fərqli abu-havanın olması diqqəti yalnız bircə mətləbə kökləyir , vətəndaşın maddi imkanlardan asılı olmayaraq məcburi şəkildə aviaşirkətlərin xidmətindən istifadə edilməlidir. Yaxud da pulu qurtarmış vətəndaş onun müraciətinə səfirliyin baxacağı və müvafiq icazəni verəcəyi günə qədər sığınacaq tapmalıdır. Mən müvafiq qurumlara üzümü tutub “nə etmək istəyirsiz?” sualına cavab almaq istəyirəm.


Qanuna və hüquqa əsaslanmayan məhdudiyyətlərin tətbiqi ilə kütləvi narazılıq yaratmaq, düşmən dəyirmanına su tökməkmi istəyirsiz ?
Nə məntiqə, nə də qanunçuluğa uyğun gəlməyən fəaliyyətlə dövlətin ali məqsədini də yerlə yeksan edirsiniz.

Vətəndaş öz azadlıqlarını təmin etmək üçün ən yaxşı halda ölkəni həmişəlik tərk etmək üçün yollar axtarır və ölkəni tərk etdikdən sonra isə öz nifrətini eybəcər şəkildə ifadə etməli olur. Bütün bunlar çox nəcib məsələlərdir. Qulluq mövqeyindən aslı olmayaraq hər biriniz ilk növbədə vətəndaşsınız. İstənilən qanunsuzluq hər kəsin həyatına sirayət edir. Bundan zövq alan şəxs isə ruhi xəstədir.

Unutmaq lazım deyil ki, fərdin də Dövlətin də ən ali dəyəri ədalətdir. Ədalət pozularsa , nizam pozular ,əziyyətlər artar, düşmənlər çoxalar və dövlət sarsıyar. Mən vəziyyəti bir olay üzərindən izah etməyə çalışdım, əslində isə anoloji vəziyyətin yayılma aralı daha genişdir.

Elçin QURBANOV

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …