Cümə axşamı , Mart 28 2024
Ana səhifə / “Elə bil Həştərxan vaqonundan indi düşüblər…” – Əli Mirəliyev əkiz bacılara

“Elə bil Həştərxan vaqonundan indi düşüblər…” – Əli Mirəliyev əkiz bacılara

Teleaparıcı Sevil və Sevinc Səfərova bacıları ətrafında baş verənlər, eləcə də bir çox aparıcıların dil qüsurlarının olması müğənni Əli Mirəliyevi özündən çıxarıb.

Ə.Mirəliyev dilində qüsur olan insanların efirə çıxarılmasının doğru olmadığını bildirib: “Mən dəfələrlə çıxışlarımda bildirmişəm ki, nəinki müğənnilərin dil qüsurlarına, hətta teleaparıcıların danışıq, davranış qüsurlarına da bir tədbir görülməlidir. Mən bu gün efir məkanını əvvəlki vaxtlarla müqayisə edirəm, təsəvvür edin ki, yerlə göy qədər fərq var. Əvvəl diktorlara, teleaparıcılara nəzarət vardı, onların efirə çıxması üçün dəfələrlə sınaqlardan keçirirdilər, qabiliyyətləri yoxlanılırdı və tam peşəkar olduqları halda efirə çıxarılırdılar. İndi elə yetirəni çıxarırlar efirə. Bu telekanal rəhbərliklərinin günahıdır. Əvvəl belə nitq, danışıq qüsurları tapa bilməzdiniz. Amma indi 10 dəqiqə televizora baxırsan, 50 dənə “quş” buraxırlar. Bundan başqa teleaparıcılar hansı regiondan olurlarsa, o regionun ləhcəsini efir məkanına çıxarırlar. Kimisi şəkilidir, kimisi qazaxlıdır, o zaman efirdə hərə öz ləhcəsi ilə danışmalıdır? Əvvəl Dövlət Televiziyasında bir qazaxlı dostum var idi. O necə peşəkar idisə, ədəbi dildə səlis danışırdı. Hətta o gənc teleaparıcılara kurslar da keçirdi, onlara da natiqlik, nitq qabiliyyətini öyrədirdi. Dil, ana dili müqəddəsdir. Dilimizin gözəlliyini onun qüsursuzluğunu daima qorumalıyıq. Bu gün fikir verin latın xalqı, latın milləti yoxdur, amma dili o qədər möhkəmdir ki, hər bir sahəyə öz təsirini göstərib. Belə bir deyim də var ki, bir milləti məhv etmək istəyirsinizsə, onun dilini məhv edin. Əgər bu gün bunlar kimi qeyri-peşəkarlar efirdə dilimizi bu vəziyyətə salırlarsa o zaman 10-15 ildən sonrakı aqibətimiz necə olacaq?”

Müğənni idman şərhçilərindən də danışıb: “Mən futbola baxıram, tez-tez fikir verirəm ki, şərhçilər necə qeyri-səlis şərh edirlər. Futbol qalır bir kənarda, şərhçiyə gülürəm ancaq. O vaxtlar da şərhçilərimiz var idi, necə peşəkar şərh edirdisə, adam baxdığından da zövq ala bilirdi. Bu gün Ofelya Sənani var, Şərqiyə xanım var, Natavan xanım, Nərgiz xanım. Niyə onlara baxıb örnək götürmürlər? Onlar necə səliqəli, səlis, qüsursuz danışırdılar. Bunlar burnunda mızıldanırlar, adam heç bilmir nə deyir, söyüş söyür, yoxsa nə danışır. Elə bil Həştərxan vaqonundan indi düşüblər. Heç bunlara nəzarət edən yoxdur? O bacıların tərbiyəsinə, əxlaqına söz ola bilməz. Amma efirdə bəzi məqamlar var ki, onu diqqətdə saxlamaq lazımdır. Bəzi davranışlar, kriteriyalar var ki, nəzərə alınmalıdır. Efir çox həssas bir yerdir. Efirə yaraşmayan hərəklərə, efirə yaraşmayan davranışa, sözlərə yol vermək olmaz. Onların hələ efirə çıxan vaxtı deyil, onlar gedib mahnı oxusunlar, efirlərdə mahnılar ifa etsinlər, müğənnilik fəaliyyətlərini davam elətdirsinlər, amma onların teleaparıcı fəaliyyəti hələ tezdir. Onların nə yaşı, nə təcrübəsi var ki, çıxırlar efirə? Onları efirə çıxaran adamdadır günah. Çünki efir məkanı nəzarətsizdir. Onlara edilən tənqidlər də normaldır, mən özüm də o tənqidlərə şərikəm. İnsanlar, cəmiyyət öz təpkisini göstərməlidir. Onlar da bunu qəbul etməlidir. Onlar o nalayiq sözü işlətməsələr belə hansısa sözü qüsurlu tələffüz etdikləri üçün də məsuliyyət daşıyırlar. Bu, cinayət məsuliyyəti deyil, bu yol verdikləri nöqsanın məsuliyyətidir. Onlar isə irad qəbul etmək əvəzinə hansısa jurnalisti telekanal adından təhdid edib, “Biz də jurnalisti, müğənnini “vura” bilərik” deməsi isə böyük səhvdir. Tənqiddən nəticə çıxartmaq əvəzinə əgər hədə- qorxuya, təhdidə keçirlərsə, tam əminliklə deyə bilərik ki, onların yeri efirlik deyil. Bəzən mən efirə dəvət alanda görürəm ki, sözlərimi, danışığımı kəsirlər, niyə mənim danışığımı, sözlərimi kəsdikləri kimi o qızların da danışıqları kəsilmir? Mən yuxarıda oturanlara səslənirəm ki, Bədii Şura yaradılsın. Bu cür teleaparıcılar, jurnalistlər, diktorlar o şuradan keçsin. Belə olmadığı təqdirdə nə dilimiz qalacaq, nə incəsənətimiz, nə də mədəniyyətimiz. Belə olmaz. Bunun çox acı nəticələri olacaq. Siz jurnalistlərə isə yalnız təşəkkür düşür ki, həm dünyada, həm ölkədə, həm televiziya məkanında baş verənləri mütəmadi izləyirsiniz, tənqid edirsiniz, nöqsanları aşkarlayırsınız. Sizə yalnız bu işinizdə təşəkkür düşür. Kim dəyərləndirər özünü inkişaf etdirər, kim hədə-qorxu, təhdid edərsə, bəlasını və cəzasını çəkər”. (Cebhe.info)

Həmçinin oxuyun

DTX 105 yaşında – VİDEO

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb. Azinforum.az xəbər verir ki, qurumun sosial …

Bir cavab yazın