Cümə axşamı , İyun 4 2020
Ana səhifə / Aktual / “Elə sirlər də var ki, ömürlükdür, bunlar arxivlərdə saxlanılır” – Arzu Nağıyev

“Elə sirlər də var ki, ömürlükdür, bunlar arxivlərdə saxlanılır” – Arzu Nağıyev

“Son beş ildə ölkəmizdə bütün hakimiyyət qollarında ən yüksək vəzifəli şəxslər də daxil olmaqla köklü kadr dəyişiklikləri həyata keçirilib”.
Bunu Milli Məclisin plenar iclasında çıxış edən parlamentin İnsan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc bildirib. Deputat deyib ki, dövlət sirlərinin etibarlı qorunması və milli təhlükəsizliyə aid edilən məlumatların yayılmamasını yenidən bir nömrəli məsələyə çevirir: 
“Əlbəttə, biz hamımız keçmiş MTN və onun cinayətkar yüksək rütbəli rəhbərliyinin dövlət mənafelərinə, millətimizin qanuni haqlarına necə zərbə vurduqlarını yaxşı bilirik. Bununla belə, sirləri təkcə təhlükəsizlik orqanları qorumalı deyil. İndi artıq istefada olan və mühüm dövləti məlumatlara bir vaxtlar çıxış səlahiyyəti qazanan adamların hazırkı məsuliyyətindən bəhs etmək daha önəmlidir. Dərin təhlillər göstərir ki, Azərbaycan dövlətinin siyasi, hərbi və milli təhlükəsizliyinə aid olan, eləcə də dövlətin elitasında təmsil olunan şəxsləri daimi gərginlik, özünümüdafiə və şantaj hədəfində saxlamağa xidmət edən məlumatlar açıq informasiya məkanına çıxarılmaqda davam edir. Hakimiyyətə düşmən kəsilən qüvvələrin çıxışlarında, yaxud adi bloger yazılarında kod altında olan məlumatların izi açıqca görünür. Bunlar cinayət əməlləridir. İstər vəzifədə ol, istərsə də olma, dövlət idarəçiliyi informasiya daşıyıcılarından ən azı 25-30 il dövlət mənafelərini qorumağa dair imzaladıqları sənədlərə sadiqliyi tələb edir.
Doğrudur, müasir dünyada dövlət sirlərinin qorunması həddindən artıq çətinləşib. Xüsusilə ”WikiLeaks” hadisəsi göstərdi ki, BMT rəhbərini, yaxud Almaniya kanslerini və yüzlərlə birinci siyasi-hərbi şəxsləri hər addımda izləməyi qarşısına məqsəd qoyan ABŞ elitası, o vaxtlar dövlət katibi xanım Klintonun özü məxfi məlumatların kütləvi yayılması fonunda böyük zərbə aldı. Lakin müasir kommunikasiya vasitələrinin ən yüksək səviyyəyə çatması fonunda belə dövlət sirlərini qorumadan milli mənafelərini  təmin etmək mümkün deyil. Bəli, biz hamımız yaxşı başa düşürük ki, ölkəmiz müxtəlif kəşfiyyat və casus qrupların hədəfindədir. Bununla belə, bəzən adi ictimai mərasimlərdə, məhəlli söhbətlərdə sabiq vəzifə adamlarının dövlətlərarası danışıq və görüşlərə, ölkə rəhbərinin müxtəlif siyasi plan və strategiyalarına dair qapalı söhbətlərinin necə ictimailəşdirildiyini görürsən. Bəs sabah o kateqoriyalı şifrəli məlumatlar Silahlı Qüvvələrimiz, hərbi resurslarımız, taktiki planlarımız və ya dövlətlərarası məxfi razılaşmalar haqda olsa, onda nə edəcəyik”.
Oruc qeyd edib ki, bir çox ölkədə müharibə şəraitinə görə sirlərə çıxış məhdudlaşıb, sərtləşdirilib, 3 qat əlçatanlıq sistemi tətbiq olunub: “Kim düşünürsə ki, indi dünya idarəçiliyi konfidensiallığını itirib və hər şey əlçatandır, şəffafdır, səhv edir, hətta deyərdik ki, məsuliyyətsizcəsinə yanılır. Azərbaycan dövlətinin həyatında baş verən belə taleyüklü dövrdə bütün sabiq vəzifə adamlarına təkrarən məlumatların yayılmamasına dair öhdəlik aktları imzalatdırmaq məqsədəuyğun olardı. İkincisi, ”Dövlət sirri haqqında” Qanunun qəbulundan 15 il keçib və onu daha da təkmilləşdirməyə ehtiyac var. Üçüncüsü, 10 mart tarixində prezident parlamentdən yeni informasiya təhlükəsizliyi haqqında konsepsiya gözlədiyini bəyan etdi. Qısa müddətdə informasiya təhlükəsizliyi haqqında konsepsiyanı hazırlayıb qəbul etməliyik”.
Mərkəz rəhbərinin bu dedikləri müzakirələrə çevrilib. Dövlət sirlərinin yayılmaması ilə bağlı sabiqlərin üzərinə hansı məsuliyyətin düşdüyü, onlara dövlətin hansı təsir mexanizmlərinin olduğu barədə ən müxtəlif fikirlər səsləndirilir.
Z.Orucun həmkarı, təhlükəsizlik üzrə ekspert  Arzu Nağıyev “Yeni Müsavat”a açıqlamasında bu məsələ ətrafındakı qaranlıq məqamlara aydınlıq gətirdi: 
“İşə keçəndə xidməti istifadə üçün tam məxfi sənədlərə buraxılış olmur. Bu buraxılış xüsusi xidmət orqanları tərəfindən tətbiq olunur. Dövlət əhəmiyyətli qurumlarda xüsusi şöbələr fəaliyyət göstərir. Bu şöbələr vasitəsilə o sənədlərlə işləməyə icazə verilir.  Ondan sonra sirlərlə tanış ola bilirlər. Bu da müəyyən bir vaxt kəsimində olur. Milli təhlükəsizlik orqanında işləyəndən sonra bu hüququn yayılmaması barədə beş il müddətində, hətta işdən çıxandan sonra öz imzası ilə təsdiq edir və cinayət məsuliyyəti olarsa, öz boynuna götürür. Bundan sonra çıxıb gedir. Beş ildən sonra o, nəyisə desə belə, bu artıq əhəmiyyətini itirmiş məsələdir. Ümumi sirlər də var. İmza atırlar ki, bu sirri heç yerdə yaymayacam, ya da yaymaq fikrim yoxdur. Bunlar belə tənzimlənir. Bir misal da çəkim. Tutaq ki, 90-cı illərdə bir sirr var, müddəti 2, 3 və ya beş ildir. Onun bu gün açılmasının artıq heç bir əhəmiyyəti qalmayıb. Elə sirlər də var ki, ömürlükdür. Bunlar arxivlərdə saxlanılır. Xidməti istifadə üçün məxfi, tam məxfi sirlər var. Hərənin özünə uyğun sirri olur. Dövlət sirri haqqında qanunumuz var. Orada dediklərimiz qeyd olunub”.

Həmçinin oxuyun

Evdən çıxmaq istəyənlər belə icazə alacaq

Nazirlər Kabineti yanında Operativ Qərargah 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək Bakı, Sumqayıt, …