Şənbə , Sentyabr 19 2020
Ana səhifə / Aktual / “Elə dövlət universitetləri var ki, ixtisasların 70-80 faizi ödənişlidir”

“Elə dövlət universitetləri var ki, ixtisasların 70-80 faizi ödənişlidir”

Distant təhsilin davam etməsi təhsil haqlarıyla bağlı məsələni yenidən gündəmə gətirib. Ümumi rəy bundan ibarətdir ki, ənənəvi təhsil bərpa edilmədiyi üçün universitetlər təhsil haqlarında tələbələrə müəyyən güzəşt etməlidirlər.

Təhsil eksperti, Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Nadir İsrafilov məsələ ilə bağlı Yenisabah.az-a açıqlamasında bildirib ki, təhsil haqqının azaldılması mübahisəli məsələdir və birmənalı qarşılanmır:

“Təkcə universitetlər yox, elə özəl müəssisələrlə bağlı da belə məsələlər dəfələrlə qaldırılıb. Aydındır ki, istər universitetlərin, istərsə də məktəblərin əsas maliyyə resursu ödənişlərdir. Burada müəllimlərin əməkhaqqı, təqaüdlər kimi məsələlər var. Bu səbəblə ödənişlərin azaldılması universitetlərin də maliyyə hədəflərinə müəyyən qədər təsir göstərir. Amma bu məsələ anlaşma şəraitində həyata keçirilməlidir. Hər iki tərəf bir-birini başa düşməlidir. Məsələn, təhsil ocaqları onlayn şəraitdə kommunal xərclərdən azaddır. Bunun üçün daha əvvəl xərclənən məbləğ nəzərə alınmalıdır”. 

Təhsil eksperti qeyd edib ki, ayrı-ayrı universitet rəhbərləri və onların mətbuat katiblərinin açıqlamalarına görə, bəzi universitetlərdə 15-20 faiz endirim nəzərdə tutulur:

“Mənim subyektiv fikrim gəldikdə, onlaynla ənənəvi təhsil eyni xarakter daşımır, ona görə də burada güzəşt mütləq təbiq olunmalıdır. Bizdə ali təhsilin hamı üçün əlçatanlığı məsələsi var. Burada əlçatanlıq təkcə kiminsə bal toplayıb ali məktəbə qəbul olması demək deyil. Burada əsas məsələ maddi problemi olan şəxslər üçün də təhsili əlçatan etməkdir. Bizdə faktlar var ki, çoxlu sayda tələbə yüksək balla ali mətəbə qəbul olunduğu halda, maddi problem səbəbilə tələbə adını qazanmaqdan imtina edib. Həmçinin oxuyanlar arasında da tələbələr var ki, maddi vəziyyətlə əlaqədar təhsillərini yarımçıq qoyublar”.  

Nadir İsrafilovun sözlərinə görə, dövlət tərəfindən də bu istiqamətdə müəyyən işlər görülür:

“Məsələn, həssas qrupa aid olan tələbələr üçün güzəştlər tətbiq olunur. Onlar əlavə maddi vəsaitlə təmin olunurlar. Təhsil Nazirliyi də bu istiqamətdə addım atdı. Ödənişi artıq birdəfəlik tələb olunmur, tələbələr prosesi iki dəfəyə həyata keçirə bilirlər. Ödənişə görə tələbənin universitetdən xaric edilməsinin qarşısı alınıb. Bizim 4 universitetimiz var ki, onlar publik hüquqi şəxsdirlər, yəni özləri özlərini təmin etməlidirlər. Dünyanın inkişaf etmiş elə universitetləri var ki, onların ümumi büdcəsi bizim respublika büdcəsindən iki dəfə böyükdür. Amma bizim universitetlərimiz hələ həmin səviyyəyə çatmayıblar. Çünki dünyadakı həmin universitetləri müxtəlif araşdırmalarla, yazı nəşrləri ilə yüksək maliyyə əldə edirlər. Hətta elə universitetlər var ki, orada 30-35  Nobel mükafatçısı yetişir. Bizdə isə hələlik Azərbaycan Dövlət İqtisad Universiteti Elmi-Tədqiqat Mərkəzi açıb. Yəqin ki, yaxın gələcəkdə universitetlər müəyyən qədər maliyyə resurslarına malik olacaqlar”. 

Həmsöhbətimiz ödənişlərin mütləq şəkildə azaldılmalı olduğunu diqqətə çtdırıb:

“Bəzi bəyanatlar yayılıb ki, guya ödənişləri Tarif Şurası müəyyənləşdirir. Onlar isə bu iddianı təkzib etdi. Bizdə bəzi universitetlər qiymətləri qaldırıb, bəziləri isə köhnə qayda ilə gedirlər. Elə dövlət universitetləri var ki, ixtisasların 70-80 faizi ödənişlidir. Dünya təcrübəsinə baxmaq lazımdır. Çünki ödəniş məsələsi həll olunmalıdır. Elə ölkələr var ki, dövlət universitetlərində ümumiyyətlə, ödəniş yoxdur. Elə dövlətlər də var ki, ödənişlər bizim universitetlərdəkindən dəfələrlə ucuzdur. Ödənişlər azalarsa, ölkədən beyin axınının çıxmasının qarşısı da alınar. Çünki əksər tələbələr bu səbəblə xaricdə təhsil almağa meyl edirlər. Dünyada təcrübə var ki, ayrı-ayrı iş adamları tələbələrin ödənişini öz üzərlərinə götürürlər. Bizdə isə belə şey yoxdur. Amma tarixən olub. Tağıyev, Nağıyev nə qədər tələbəni öz hesabına oxudub. Səməd Vurğun, Üzeyr Hacıbəyov kimi şəxlərin timsalında Azərbaycanda messenatlıq ənənəsi olub. Amma bizim indiki iş adamları buna əhəmiyyət vermir. Hesab edirəm ki, bu məsələnin tez-tez gündəmə gəlməsi, problemin həllində müəyyən qədər köməklik göstərə bilər. Ali təhsil hamı üçün əlçatan olmalıdır”. 

Həmçinin oxuyun

“Hacıbala Abutalıbovun oğlunun terror qruplaşmasına pul göndərildiyi aydınlaşdırılmalıdır” — SENSASİON AÇIQLAMA

“Biz ilk mərhələdə Rusiyanın buradakı şəbəkəsini çökdürməliyik”.Bunu KONKRET.az-a danışan ADP sədri Sərdar Cəlaloğlu bildirib ki, …