Şənbə , Aprel 20 2024
Ana səhifə / “Eks bacanaqlar”ın Xəyaləsi: “Ərim dedi ki, boşansaq da…” – FOTOLAR

“Eks bacanaqlar”ın Xəyaləsi: “Ərim dedi ki, boşansaq da…” – FOTOLAR

Tamaşaçılar onu “ATV”-nin idman xəbərlərinin aparıcısı olaraq tanıyıb. Hazırda isə hər bazar günü ekranlara “Eks bacanaqlar” serialında canlandırdığı Xəyalə obrazı ilə gəlir. Bu dəfəki müsahibim teleaparıcı, aktrisa Aysel Nazimdir. 
Uzun müddət ATV-nin siması olan, hazırda “Xəzər” televiziyasında “Rahat ev” verilişini təqdim edən Aysel xanımla söhbətə elə yeni proqramından başladıq:
– Çoxları sizi ATV-nin siması olaraq tanıyır. Hazırda isə “Xəzər” telekanalında “Rahat ev” verilişini təqdim edirsiniz. Yeni verilişiniz tamaşaçılar tərəfindən necə qarşılandı?
– Əvvəllər ATV-də idman xəbərlərini təqdim edirdim. Sonra seriallardan təklif gəldi, mən də özümü aktrisa olaraq sınamaq istədim. Çünki aktrisalığa həvəsim uşaqlıqdan var idi. Ona görə xəbər aparıcılığından uzaqlaşdım. Bir müddət öncə prodakşınların birindən “Rahat ev” verilişinə dəvət aldım. “Rahat ev” bir yeni, digəri isə onun təkrarı olmaqla, həftədə iki dəfə yayımlanır, interyer verilişidir, ev təmiri ilə bağlı məlumatlar veririk. Hələ ki, proqramla bağlı xoş sözlər eşidirəm, tənqid edən, irad bildirən olmayıb.
– Hamıya məlumdur ki, əsasən, qalmaqallı maqazin verilişləri reytinq qazanır. “Rahat ev”in reytinqi sizi qane edir?
– Bu normaldır, qalmaqal insanların diqqətini cəlb edir, məşhurların həyatı onlarda maraq yaradır. “Rahat ev”in isə öz izləyici kütləsi var, reytinq cədvəlində tutduğu yer də məni qane edir.
– Bir az da “Eks bacanaqlar” serialından danışaq. Serial sezon finalına çıxdı. Son bölümdə Talehin (Elməddin Cəfərov) həyat yoldaşları Mətanət (Fidan Axundova) ilə Xəyalə (Aysel Nazim) bir evdə yaşamağa razı oldu. Yeni mövsümdə tamaşaçıları nələr gözləyir?
– Mənim də yeni mövsümdə baş verəcək hadisələrdən xəbərim yoxdur. Ötən gün ssenaristdən soruşdum ki, yeni mövsüm necə olacaq? Cavab verdi ki, özü də bilmir, yay tətilindən qayıdandan sonra rahat-rahat ssenari yazacaq. Sürprizdir, amma bilirəm ki, yenə çox maraqlı və gülməli olacaq.
–  “Eks-bacanaqlar” seriyalarda gedən reklamlara görə tez-tez tənqid olunur, ssenaridə sponsorların məhsulları, əsasən də, kolbasalar izləyicilərdə qıcıq yaradır. Bu fikirlərə münasibətiniz necədir?
– Düşünürəm ki, bu reklamlar insanlarda qıcıq yaratmamalıdır. Sponsora görə bunu etmək məcburiyyətindəyik. Sponsor olmasa, serial da olmaz.
– Bəs “Eks bacanaqlar”ı digər seriallardan fərqləndirən nədir?
– Hər bazar günü reytinqlərdə birinciyik. “Eks bacanaq”ları böyükdən-kiçiyə hər kəs izləyir. İnsanların bizi görən zaman verdiyi reaksiya serialın sevildiyini göstərir. İnsanlar mənə yaxınlaşır, foto çəkdirir, serial barədə xoş təəssüratlarını bildirir. Hətta, uşaqlar məni küçədə görəndə “Xəyalə, Xəyalə” deyə qışqırırlar. Bəzən isə qadınlar mənə “Taleh səni aldadır, gözünü aç” deyirlər. Keçən dəfə bir qadın məndən soruşdu ki, doğrudan serialdakı kimi yemək bişirə bilmirsən? Onun bu sualı məni sevindirdi. Düşündüm ki, tamaşaçıya rolumu yaxşı çatdıra bilmişəm. Çünki serialda oynamaq təklif olunanda çox tərəddüd etmişdim. Serial 7 ildir ki, yayımlanır, tamaşaçıların sevgisini qazana bilib-bilməyəcəyim məni narahat edirdi. Xoşbəxtlikdən rolumu insanlara sevdirə bildim, məni “Eks bacanaqlar” ailəsi də, tamaşaçılar da qəbul etdi. Yaxşı ki, bu ekran işində rol alıram.
– Xəyalə ilə Aysel arasında oxşar və fərqli cəhətlər nələrdir?
– Xəyalə ilə Aysel arasında fərqlilik çoxdur. Xəyalə iş görməyi, yemək bişirməyi bacarmır. Mən isə evdarlığı bacarıram, vaxt tapdıqca gözəl yeməklər bişirirəm. Oxşarlığa gəldikdə isə ikisi də yalan danışmır. Serialda Xəyalə Talehə heç vaxt yalan demir. Mən də həyatda doğruları danışıram.
– Teleaparıcıların aktrisalıq etməsi son zamanlar sənətkarlar tərəfindən tənqid olunur. Onlar bildirirlər ki, peşəkar aktyor, aktrisalar film və seriallarda rol almalıdır…
– Yaşlı nəsil gənclərə qısqanclıqla yanaşır. Əslində isə bizə nümunə olmalı, bilmədiyimizi öyrətməlidirlər. İllər sonra mən bəzi sənətkarlardan fərqli olaraq gənclərə qısqanclıqla yanaşmayacağam, bildiklərimi başqalarına da öyrədəcəyəm. Dünyaca məşhur ulduzların çoxu incəsənət üzrə təhsil almayıb. Əsas insanın içərisində olan istedaddır, onu üzə çıxarmaq lazımdır. Mən xarici dil üzrə ali təhsil almışam. Azərbaycan dilini lazımi səviyyədə bildiyim üçün xəbər aparıcısı kimi fəaliyyət göstərmişəm. Aktrisalıq üçün təhsil almaq vacib deyil. Əsas odur ki, insan istedadlı olsun.
– Xəyalənin yerində Aysel olsaydı, necə davranardı, ikinci həyat yoldaşı olmağı qəbul edərdimi?
– Heç vaxt ikinci həyat yoldaşı olmağa razı olmaram.
– Bəs həyat yoldaşınızın ikinci xanımı olduğunu öyrənsəniz, necə davranarsınız?
– Əlbəttə, qəbul etmərəm. Mənim olan mənimdir, kiminləsə bölüşə bilmərəm. Mən həyat yoldaşıma aid olduğum kimi, o da mənə aid olmalıdır.
– Serialdan qazandığınız qonorar sizi qane edir?
– Qane edir. Azərbaycanda kinoya, seriala qoyulan maliyyə yetərli deyil. Xarici ölkələrə baxanda Azərbaycanda aktrisaların aldığı qonorar çox azdır. Lakin Azərbaycanda aktrisalardan az qazanmıram. Baş rol ifaçısıyam. Digər aktrisalardan az qonorar alsam, narazılıq edərdim.
– Türkiyənin məşhur jurnalının siması olmuşdunuz. Sizi “Azərbaycanın dünyaya açılan üzü” kimi təqdim etmişdilər. Onlarda sizin haqqınızda belə təəssürat yaradan nədir?
– Məndən müsahibə aldılar, qəşəng fotossesiya etdilər. Təbii ki, onlara xoş gələn ilk öncə xarici görünüşüm oldu. Amma mən düşünürəm ki, insanın xaricini gözəlləşdirən daxilidir. İnsan daxilən təmiz olanda ətrafına da gözəllik saçır. Əsas ruh gözəlliyidir. İnsanlar ilk baxışda mənim özümdən razı biri olduğumu düşünür. Tanıdıqdan sonra fikirləri dəyişir. Mən sadə, səmimi və ünsiyyətçiləm. Bu da insanları cəlb edir.
– Xarici görünüşünüzlə bağlı kompleksiniz var? İndiyə qədər əməliyyat etdirmisiniz?
– Kompleksim yoxdur. İndiyə kimi əməliyyatla xarici görünüşümdə dəyişiklik etməmişəm. Əməliyyata qarşı deyiləm. Amma mən aktrisayam, üz mimikalarımdan istifadə etməliyəm. Məncə, aktrisa üzündə dəyişiklik etməməlidir.
– Uğursuz əməliyyat etdirən xalq artistlərimiz də çoxdur.
– Ona görə də üzlərində hissdən, duyğudan əsər-əlamət yoxdur. “Avropa yakası” serialında bir obraz var idi, o qədər əməliyyat etdirmişdi ki, üz cizgiləri tərpənmirdi. Özü deyirdi ki, “şu anda çok mutluyum” və ya “şu anda çok üzgünüm”. Çünki üz ifadəsi dəyişmirdi. Gərək, aktrisanın mimikası itməsin.
– Türkiyəyə tez-tez gedib gəlirsiniz. Orada qalıb fəaliyyət göstərmək niyyətiniz var?
– Ötən il mənə Türkiyədən film təklifi gəldi, “Eks bacanaqlar”da oynayırdım deyə razılaşmadım. Yenə iki təklif gəlib, gedib təşkilatçılarla görüşəcəyəm. Türkiyənin tanınmış sənət adamlarının rol alacağı ekran işi olacaq, amma ad çəkə bilmərəm.
– Komediyada, yoxsa dramda oynamaq sizə asandır?
– “Eks bacanaqlar” mənim ilk komediya janrında olan serialımdır. Ondan öncə rol aldığım serial və filmlər dram idi. O zaman da mənə rahat idi. “Motor” deyiləndə mən Aysel olmuram, Xəyalə, Nərgiz, Zümrüd oluram. Birinci bütün ssenarini oxuyuram, özümü hazırlayıram. Ona görə də mən çəkiliş zamanı Aysel olmuram, tam rola girə bilirəm.
– Siz “Eks bacanaqlar”dan sonra məşhurlaşdınız. Demək olar ki, tamaşaçı sizi komik obrazda sevir?
– Komediyada daha çox sevdilər, çünki o biri ekran işlərini bu qədər çox insan izləmirdi. “Region” televiziyasında yayımlanan “Sənin deyil” serialını da tamaşaçılar sevə-sevə izləyirdi. “Eks bacanaqlar” serialını isə daha çox insan izləyir.
– Yerli sənətçilər siyasətdən danışmağa çəkinirlər. Ötən il səninlə birlikdə bir neçə sənət adamı YAP-ın üzvü oldu. Siyasətlə maraqlanırsınız?
– Siyasəti izləyirəm. Ümumiyyətlə, ölkədə və dünyada baş verənlərdən məlumatlı olmağa çalışıram. İctimai insansansa, bunları bilməlisən. YAP-ın üzvüyəm, mənə təntənəli şəkildə vəsiqəmi təqdim etdilər. Onların tədbirlərində iştirak edirəm, çəkdikləri video çarxda da oynamışdım.
– Bu yaxınlarda “Yerində dur” sosial çarxında da rol almışdınız? 
– “Yerində dur” bir layihədir. Deputat Adil Əliyev, idmançı Eduard Məmmədov, iş adamı Rəvan Bəşirov da o çarxda rol almışdı. Mən də övladım Hakan Canla çəkilmişdim. Sosial işlərə qoşulmağı sevirəm.
– Övladınızdan söz düşmüşkən, əsasən, oğlan övadları qısqanc olur. İnsanların sizə olan diqqətini qısqanmır? Ona yetərincə vaxt ayıra bilirsiniz?
– Oğlum qısqanc deyil. İki gün öncə Gəncədə ziyarətgahda idik, oradan çıxanda camaat mənimlə şəkil çəkdirirdi. Oğlum mənə dedi ki, o da tanınmaq istəyir, insanların onunla da şəkil çəkdirməyini arzyulayır. Sanki, mənimlə yarışır. “Can bala” qrupunda mahnı oxuyur, idmanla məşğul olur. “Eks bacanaqlar”da da 2 seriyada rol alıb. Onun da bu sahəyə marağı var. Bir ara başım serial çəkilişlərinə, layihələrə qarışdı, aparıcılıqdan uzaqlaşdım. Oğlum mənə dedi ki, səni aparıcı olaraq görmək istəyirəm, verilişin olsun, səni izləyim. Məni ekranda görəndə televizoru qucaqlayıb öpür.
– Oğlunuzu hansı sahə üzrə ixtisaslaşdırmaq istəyirsiniz?
– Mən istəyirəm ki, o, hər tərəfli böyüsün, həvəsi olan sahəyə üz tutsun. Musiqi, idmanla məşğuldur, əlavə müəllim də tutmuşam, dərsləri də əladır. Bülbül adına Orta İxtisas Musiqi Məktəbini də özü qazandı. Bunun da  ona böyük təsiri olacaq. Hansı sahə üzrə qabiliyyəti varsa, oraya üz tutsun. Mən qarışmayacağam. Mənim valideynlərim həkim olmağımı istəyirdilər. Mən də dərs oxumaq əvəzinə güzgünün qabağında aparıcılıq edirdim. Sonra həvəsim xarici dilə oldu, təhsil aldım. İndi isə öz sevdiyim işlə məşğulam. Ona görə Can hansı peşəni seçsə, dəstək olacağam. Mənim valideyn olaraq üzərimə düşən vəzifə onu doğru yetişdirməkdir.
– Ötən il həyat yoldaşınızdan boşandınız. Keçmiş həyat yoldaşınızla münasibətləriniz necədir?
– Biz dalaşıb, qalmaqalla ayrılmamışıq, müəyyən problemlər oldu, ayrılmaq istədiyimi dedim, razılaşdı. Hazırda münasibətlərimiz əladır. Sabah (bu günü nəzərdə tutur) mən oğlumla Moskvaya gedirəm. Keçmiş həyat yoldaşım da Türkiyədən gələcək. Üçümüz birlikdə istirahət edəcəyik. Boşansaq da, düşmən deyilik. Oğlumuz üçün tez-tez bir araya gəlirik. Əsas oğlumun xoşbəxtliyidir, onu atasından məhrum etmərəm. Bəzi qadınlar ayrılandan sonra uşağını həyat yoldaşı ilə arada qoyur, onu seçim etməyə məcbur edir. Mən o qadınlardan deyiləm.
– Yenidən barışıq ola bilərmi?
– Bu işlər Allahın qismətidir. Amma hələ ki, bu halın baş verəcəyini düşünmürəm.
– Bəs ikinci dəfə ailə qurmaq haqda düşünürsünüz?
– Yenidən ailə qurmağı da düşünmürəm. İnsan bir dəfə ailə qurub yanılandan sonra ikinci dəfə risk etmir. İkinci dəfə evlənsəm, gərək ömürlük olsun. O zaman nə olsa da, ayrıla bilməyəcəyəm. Yalnız axtardığım insan qarşıma çıxanda ailə quraram və bilərəm ki, heç vaxt ayrılmayacağam.
– Həyat yoldaşınızla münasibətlərinizin yaxşı olduğunu dediniz. Bəs o ailə qursa, necə qarşılayarsınız?
– O da ailə qurmaq haqda düşünmür. Biz boşananda dedi ki, boşansaq da, nə sən, nə mən bir də ailə qurmayacağıq. Amma evlənsə, onun adına sevinərəm. Gənc adamdır, əlbəttə, ailəsinin olmasını istəyə bilər. Uşağımın atasıdır, xoşbəxt olmasını istəyirəm.
Musavat.com
 



Həmçinin oxuyun

Vidadi Zeynalov 43 milyonluq əmlakını geri istəyir

“MTN işi”nə görə həbs edilən, sonradan isə azadlığa buraxılan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq …

Bir cavab yazın