Bazar ertəsi , Oktyabr 26 2020
Ana səhifə / Aktual / “Ehsan qadağası”na yenə məhəl qoyulmur – çıxış yolu

“Ehsan qadağası”na yenə məhəl qoyulmur – çıxış yolu

Din xadimləri və ictimai şəxslər deyir ki, israfçılığa yol verilən ehsan süfrələri tamamilə ləğv edilməlidir, ancaq…

Azərbaycanda yas mərasimlərində həddən artıq israfçılığa yol verilən ehsan süfrələrinin ləğvi istiqamətində uzun zamandır müzakirələr davam edir. Əksəriyyət bu cür adətləri pisləsə də, bəzi bölgələrdə ehsan süfrələri indi də açılır. Yada salaq ki, 2014-cü ilin avqust ayında Azərbaycan hökuməti yas mərasimlərində həddən artıq israfçılıqla müşayiət olunan ehsan süfrələrini ləğv etməyə qərar verdi. Bununla bağlı xeyli təbliğat işləri aparıldı, hətta bəzi yerlərdə inzibati qaydada qadağalar tətbiq edildi. Bəzi bölgələrdə bütün bu proseslər öz nəticəsini verdi. Belə ki, hazırda Tovuz, Şəmkir, Qazax rayonlarında  yas mərasimlərində ehsan süfrələrinin əsasən xurma, halva və çayla məhdudlaşdırıldığı söylənilir. Bakının bəzi kəndlərində isə ağsaqqallar ehsan süfrələrində israfa yol verməmək üçün müxtəlif qaydalar tətbiq ediblər. Ehsan olaraq yemək verilməsi yerinə, kəndin imkansız, sağlamlığı yerində olmayan sakinlərinə kömək etmək kimi qaydalar tətbiq olunur. Məlumatlara görə, Naxçıvanda yerli rəhbərliyin sərt qadağası nəticəsində ehsan süfrələri qənd-çayla məhdudlaşdırılıb. Son zamanlar məlumatlar yayılıb ki, yenidən ləğv edilən bölgələrdə ehsanlar verilməyə başlayıb. Ehsan verənlər hesab edirlər ki, bu adətdir və davam etdirilməlidir. Ancaq din xadimləri bunun əksini söyləyirlər.

Hacı Allahşükür Paşazadə ile ilgili görsel sonucu

Ötən ay bu barədə danışan Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə  bildirmişdi ki, QMİ Qazılar Şurasının və Elmi-Dini Şuranın bununla bağlı bəyanatı var: “Həmin bəyanatda bütün xırdalıqlarla İslam dinində israfın bəyənilməyən hal olduğunu insanların diqqətinə çatdırmışıq. Bunu qəbul edən insanlar da var, öz istəyi ilə hərəkət edənlər də. İnsanlar azaddır, öz mərasimlərinə dair istəkləri, niyyətləri, əhdləri olanlar var. Lakin dini mərkəz olaraq israf məsələsinin dinlə heç bir əlaqəsinin olmadığını, əksinə, dinin bunu bəyənmədiyini insanlara izah etdik. Qalan məsələlər insanların daxilində həllini tapmalıdır, yəni hər kəs bunun mahiyyətinə vararaq özü üçün qərar verməlidir. Zorla, məcburiyyətlə bu məsələnin həllini görmürəm”.

Hökumət bu istiqamətdə yeni qanun layihəsi də qəbul etməyə çalışır. “Yeni Müsavat”a müsahibəsində deputat Siyavuş Novruzov “ehsan qadağası”ndan da söz açıb və bununla bağlı bütün ölkə boyu sərt tədbirlərin görüləcəyini bildirərək, yalnız üç mərasimində ehsan verilməsinin qanuna ediləcək dəyişikliklər sırasında olacağını söyləmişdi. O, qəbir daşlarının eyni ölçüdə olmasına da toxunaraq bildirmişdi ki, imkansız vətəndaşların dəfnini, qəbrinin üstünün götürülməsini bələdiyyələr həyata keçirəcək.

Əkrəm Həsənov ile ilgili görsel sonucu

“Yeni Müsavat”a danışan hüquqşünas Əkrəm Həsənov bildirib ki, əslində o da bir dindar olaraq israfçılığa yol verilən  ehsan süfrələrinin olmasına qarşıdır. Hüquqşünas hesab edir ki, bütün bunları qanunla tənzimləmək çətin olar:

“Məncə, belə məsələlər inzibati yollarla həll olunası deyil. Əvvəla ona görə ki, Azərbaycanda bir neçə dinin nümayəndəsi var. Onların hamısının da öz qayda-qanunu var. Eləcə də hər bir dinin öz daxilində də bölünmələr var. İslamda da belədir. Hərə bir cür  yanaşır və düşünür. Ehsanla bağlı da fikirlər fərqlidir. Mən də dindaram və inancıma görə ehsan, dəbdəbəli qəbirlər artıq bir şeydir. İslama görə qəbir yerdən çox hündür olmalı deyil. Ona görə də bu cür hallar təbii ki, artıqdır və lazım da deyil. İnsanlar bunu özləri dərk etməlidirlər. Başa düşməlidirlər ki,  israfçılığa yol verilən ehsan süfrələrinin İslama heç bir aidiyyəti yoxdur. Sadəcə olaraq, bütün bunların qanunla tənzimlənməsi bir qədər fərqlidir. Əgər biz deyiriksə ki, dünyəvi dövlətik, o zaman belə addım atılarsa, faktiki olaraq dövlət dinə qarışmış olur. Dünyəvilik bəzən elə başa düşülür ki, din dövlətin işinə qarışır. Ancaq tarixən Avropada dünyəvilik ona görə təbliğ edilib ki, əksinə, dini dövlətdən qorusunlar. Bu baxımdan onu başa düşmürəm ki, ölkədə bunu qanunla necə tənzimləyəcəklər. Sadəcə, bir şey etmək olar ki, ölkədə bütün dini icmaların rəhbərlərini dəvət edib, konsensusa gələlər. Əgər hamı eyni şeyi desə, nəyəsə nail olmaq olar. Məsələn, deyərlər ki, qəbirin üstünü filan ölçüdə etsinlər. Ehsanla yanaşı bizdə qəbirdə də ifratlıq var. Bizdən başqa hansı dində belə hallar var? Ona görə də düşünürəm ki, müzakirə aparılarsa, digər dini icmaların rəhbərləri də razılaşarlar ki, qəbirlər konkret ölçülü olsun”.

Ä°lgili resim

Deputat Fazil Mustafa isə bunları bildirib: “Ümumiyyətlə, yaslarda verilən ehsanlar birmənalı şəkildə yığışmalıdır. Bu, insanların öz həyatlarını mürəkkəbləşdirməsidir. Elə etmək lazımdır ki, yaxını ölən öz dərdini yaşasın. Başqasını yedirtmək barəsində düşünməsin. Kim  yemək istəyirsə, yaxınlıqdakı kafeyə üz tutub, yeməyini yesin. Bununla da insanlar bir-biriləri ilə bəhs etməkdən qurtularlar. Cəhalət içərisindən çıxmaq lazımdır. İnzibati qaydada qadağa olarsa, hər kəs razılaşar. Bunu tam məsuliyyətimlə deyirəm. Çünki biz zopadan, qadağadan qorxuruq. Ona görə də inzibati qaydada bu məsələni qadağan etmək gərəkdir”.

Həmçinin oxuyun

“Belə atəşfəşanlıqla küçəyə çıxmaq, hay-küy yaratmaq təhlükəlidir”

Azərbaycan 27 il erməni işğalında olan torpaqlarını azad etmək üçün əks-hücum əməliyyatına başlayandan ölkədə hərbi …