Cümə , Aprel 19 2024
Ana səhifə / Efirdə evlənən “nənə” və “babalar” – Tənqid

Efirdə evlənən “nənə” və “babalar” – Tənqid

“Kaspi” qəzeti son vaxtlar telekanallarda dəbdə olan yaşlı şou adamlarının toy mərasimlərinin təşkil olunması proqramlarını tənqid edən material hazırlayıb. “Qafqazinfo” həmin yazını təqdim edir:

Ötən həftənin gündəmini tanınmış sənət nümayəndələrinin efir vasitəsilə toylarının keçiriləcəyi anonsları tutdu. Az keçmədi ki, mediada “Təranə və Musa cütlüyü illər sonra evləndi”, “Gitaraçı Rəmiş həyat yoldaşına gəlinlik geyindirdi” kimi başlıqlarla xəbərlər dərc olundu. Doğrudan da tanınmış cütlüklərə efirdə əməlli-başlı toy çalındı.

ANS telekanalında yayımlanan “A-dan Z-yə” verilişində Musa Musayev sevdiyi qadının, həyat yoldaşının qarşısında diz çökərək ona sevgi etirafını etdi. Özü də bəylik geyimində. Öz qızları və nəvələrinin gözləri qarşısında…

Daha sonra digər televiziya kanalında, Nanə Ağamalıyevanın aparıcılıq etdiyi “Mənə bir az ondan danış” verilişində gitara ifaçısı Rəmiş həyat yoldaşı, ağbirçək xanım olan Güllüyə ağ gəlinlik geyindirdi. Gəlinin toybacısı xanəndə Elnarə Abdullayeva, bəyin sağdışı isə aşıq Əli oldu. Amma bu “gecikmiş” toy mərasimləri insanlar tərəfindən birmənalı qarşılanmadı.

Bəzən verilişlərə ekspert qismində dəvət olunan ağsaqqal və ağbirçəklərin efir vasitəsilə evlənməsi, onlara yenidən “Vağzalı” çalınması nə dərəcədə doğrudur? Televiziya verilişlərində gənclərə ağızdolusu mədəniyyət dərsi keçən ağsaqqallar efirə çıxıb evlənirlərsə, bu yaşlarında özəl həyatlarını gündəmə gətirərək nümayiş etdirirlərsə, gənc nəsil onlardan necə örnək götürəcək?…

Mətbuat nümayəndələri də veriliş efirə getdikdən sonra sosial şəbəkələrdə öz mövqelərini ortaya qoydular. Məsələn, tanınmış jurnalist Təranə Məhərrəmova bu məsələ ilə bağlı “Facebook”-da iradını bildirib: “Görəsən, ATV kanalı Xoşqədəmin layihəsini sosial və ya ciddi mədəniyyət yönümlü bir verilişlə əvəz edə bilməzdimi? Onsuz da günboyu şoudur. Əgər şoudursa belə, bir qədər fərqli formatda təqdim etmək olardı. Məsələn, Rəmişi bu yaşda qeyri-ciddiliyə sürükləməyin, ANS-dəki “Musa ilə Təranənin toyu” vəziyyətinə salmağın nə mənası?” Bu statusa şərh yazanların fikirləri də insanların bu verilişlərin əleyhinə olduğunu bir daha təsdiqlədi.

Doğrudan da, bu gün şou tipli verilişlərin günü-gündən artdığı bir vaxtda ciddi mədəniyyətə köklənmiş verilişlərin azlıq təşkil etdiyinin şahidi oluruq. Fikirlərini öyrəndiyimiz ekspertlər isə bu tendensiyanı belə əsaslandırırlar ki, şou tipli verilişlər daha çox reytinq gətirir və reytinq də pul deməkdir. Pul verən ağacı kim kəsər ki?

“Dəyərlərimizi gözdən salmağa xidmət edir”

Telekanallarda ayrı-ayrı məşhur adamların “evləndirilməsi” səhnələrinə millət vəkili Sabir Rüstəmxanlının münasibəti müsbət deyil: “Telekanalda tanınmış ifaçı Rəmişlə həyat yoldaşı Güllüyə toy çalınması düzgün deyil. Bu, kimin üçünsə xoş ola bilər. Ancaq insanlar bunu düzgün qəbul eləmir. Rəmiş bizim tanınmış sənətçimizdir. Doğulduğu torpaqlar bu gün işğal altındadır. Bu gün ona bəy kostyumu və həyat yoldaşına gəlin paltarı geyindirib ekrana çıxarmağa məncə ehtiyac yoxdur. Bəlkə də onlar bu paltarları torpaqları azad olunanda geyinməlidirlər”.

Millət vəkili hesab edir ki, televiziyalarda bu cür şou proqramların daha çox yer alması dünyada gedən proseslərlə bağlıdır. Camaatı ciddi düşüncələrdən ayırıb əyləncəli verilişlərə cəlb etmək, sonu görünməyən teleserialların izləyicisinə çevirmək baş qarışdıran şeylərdir: “Türkiyə televiziyalarında da şou çoxdur. Bununla belə, elə proqramlar var ki, dövlətin, millətin taleyini müzakirə edirlər. Amma bizdə bu cür düşüncə, fikir proqramları varmı? Haqqında danışdığımız proqramlar isə təəssüf ki, bizim dəyərlərimizi gözdən salmağa xidmət edir”.

“Əgər qarşı tərəf özü istəyirsə…”

Sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəyli yaşlı sənətkarların efir vasitəsilə yenidən özlərinə toy çaldırmalarının nə dərəcədə doğru olub-olmadığını anlaya bilmədiyini söylədi: “Evlilik məsələsi özəl həyatdır. Kimsə boşananda və televiziya o haqda xəbər verəndə, ifaçı buna öz etirazını bildirir. Bu bir çox sənətçilərimizin başına gəlib. Toylarında televiziyaları dəvət edib çəkdiriblər. Boşananda isə deyirlər ki, nə üçün çəkirsiniz və ya bu informasiyanı niyə verirsiniz? Bir şey ki özəl məsələdir, ailə arasında həll olunmalıdır. Yox əgər bu sizin reklamınız üçün lazımdırsa və onu ictimailəşdirmək istəyirsinizsə, bu tamam başqa məsələ. Dünya televiziya sistemində də evlilik və boşanmaq kimi şou verilişləri böyük önəm daşıyır. Bunu nə qadağan etmək, nə də məhdudiyyət qoymaq olar. Əgər qarşı tərəfin özü istəyirsə, onda digər insanlara söz düşmür”.

E.Əlibəyli “bəs uzun illər ərzində sənətçinin topladığı nüfuzuna bu halda zərər gələ bilərmi” – sualımıza belə cavab verdi: “Baxır insanlar nüfuzu nədə görür. Sənətçi var ki nüfuzu şöhrətə, fəxri ada, dövlət tədbirlərində tutduğu mövqeyə görə dəyərləndirir. İfaçı da var ki toya getməklə nüfuz sahibi olduğunu hesab edir. Əslində onların heç birini qınamaq olmaz. Hərə özünə bir yol seçib. Bəzi ifaçılar üçün efirdə görünmək, reklam olunmaq birbaşa bazar üçün işlənilən bir mexanizmdir. Onlar həmin yolla reklam olunub toy tuturlar. Onları da qınamaq olmaz. Çünki bizdə şou-biznesin əsas yolları toylardan keçir. Amma onu da deyim ki, həmin verilişlərə də çox adam baxmır”.

“Hər şey puldan asılıdır”

Sənətşünas şou tipli verilişlərin daha çox reytinq gətirdiyini də gizlətmir: “Gəlin, reytinq cədvəllərinə baxaq görək tamaşaçı ciddi mədəniyyət yönümlü verilişlərə baxırmı? Bizim də problemimiz ondadır. Biz bu gün ciddi mədəniyyət mövzularını tamaşaçılara qəbul etdirə bilmirik. İstəyirik ki, özümüzü daha ciddi göstərək, bu, bizdə alınmır. Əvvəllər Azərbaycanda olan şirkətlər mədəniyyət tipli verilişlərə sponsorluq edirdilər. Reytinq hesablayan şirkətlər Azərbaycana gələndən sonra daha çox maqazin verilişləri üstünlük təşkil etdi və şirkətlər də onlara maraq göstərdi. Hər şey puldan asılıdır. Biri var, siz maaşa işləyirsiniz, gündəlik işinizi görürsünüz, biri də var, sizə əlavə qonorar da verilir. Televiziya işçilərinin ən böyük günahı odur ki, bizim nə gildiyamız, nə də birliyimiz var”.

“Mənə bir az ondan danış” verilişinin aparıcısı Nanə Ağamalıyeva isə yalnız layihənin uğurlu tərəflərindən danışdı: “Veriliş ilk dəfə nümayiş olunmasına baxmayaraq, gözəl sözlər söylənilir və böyük reytinq əldə etmişik. Düşünürəm ki, tamaşaçılar verilişi böyük maraqla izləyirlər. Yəqin ki, sizin də reytinqlərdən xəbəriniz var. Veriliş reytinqdə birinci yerdədir”.

Belə, nə qədər iradlar olsa da, tənqidlər səslənsə də, yazılar yazılsa da, sonda bu tip verilişlərə baxıb-baxmamaq insanların özündən asılıdır. Amma unutmayaq ki, mənəviyyatı reytinqə dəyişmək, insanların zövqünü, həyata baxışını korlamaq da məsuliyyət yaradan bir işdir. Ən azı, mənəvi məsuliyyət…

Həmçinin oxuyun

Səfiyarlı Rauf Cabarovu günahlandırdı: “Qərəzli cəza idi”

AFFA-nın İntizam Komitəsinin növbəti iclasında diqqətçəkən qərarlardan biri “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı ilə bağlı oldu. …

Bir cavab yazın