Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / “Düzgün seçki keçirilsə, İctimai Televiziyanın rəhbəri mən olacam” – Mərkəzi Nəbatat Bağının elmi işçisi

“Düzgün seçki keçirilsə, İctimai Televiziyanın rəhbəri mən olacam” – Mərkəzi Nəbatat Bağının elmi işçisi

İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktorunun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi ilə əlaqədar bu vəzifəyə seçilmək üçün elan olunmuş müsabiqəyə namizədlərdən sənəd qəbulu başa çatıb.

Bu gün məlum olub ki, İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə 7 nəfər iddiaçı var:

“Düzgün seçki keçirilsə, İctimai Televiziyanın rəhbəri mən olacam”

Qeyd edək ki, prosedura görə İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə namizədlər müəyyənləşdirildikdən sonra “İctimai Televiziya və Radio Yayımı haqqanda” Qanun 20.1.3, 21.1-ci maddələrinin tələblərinə uyğun olaraq seçkinin keçirilməsi üçün namizədlərin sənədləri İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasına təqdim edilir.

İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru kimi ciddi vəzifəyə bu tərkibdə iddiaçıların elan olunması sosial şəbəkələrdə birmənalı qarşılanmayıb və müzakirələr açılıb, hətta istehza edənlər tapılıb. Bu müzakirələrdə namizədlər tənqid atəşinə də tutulub.

Məsələn, hazırda AMEA Mərkəzi Nəbatat Bağında elmi işçi vəzifəsini tutan Sadıq Qarayevin İTV rəhbərliyinə gəlmək istəyi nə ilə bağlıdır?

Modern.az saytı Sadıq Qarayevlə əlaqə saxlayıb. O, saytımıza açıqlamasında deyib ki, namizədliyini düşünülmüş şəkildə verib:

“İctimai TV-yə baş direktor seçilmək üçün elana rast gələndə öncə bu işin öhdəsindən gəlib-gəlməyəcəyimi fikirləşdim. Son vaxtlar prezident İlham Əliyevin gənclərimizə böyük yer verməsi mənim üçün bir motivasiya oldu. Bunu bir alim, yazıçı kimi təqdir edirəm”.

AMEA-nın əməkdaşı heç vaxt öhdəsindən gələ bilməyəcəyi işin arxasınca getmədiyini deyir:

“Tutaq ki, 500 kq-lıq ştanq qoyublar. Mən ora getmərəm. Çünki fiziki cəhətdən ona gücüm çatmaz. Amma İctimai TV-yə rəhbərlik məsələsində fikirləşdim ki, bu işin öhdəsindən gələ bilərəm. Doğulduğum Şərur rayonunun Xanlıqlar kəndi, böyüdüm mühit, kimya-bioloji təmayüllü liseydə oxumağım mənə ruh verdi. Çünki adını çəkdiyim yerlərdə cəmiyyətin müxtəlif təbəqələrinin yaşam tərzini görmüşəm. Hərbi çavuş olmuşam. Seçki məntəqələrində iştirak etmişəm. Üstəlik, İctimai Televiziya adından da göründüyü kimi ictimaidir, cəmiyyətin müxtəlif təbəqələrini əhatə edir. Rəhbər işçi gərək bunları bacarsın. Kənd təsərrüfatından, ədəbiyyatdan bir veriliş hazırlananda, gərək onu redaktə etmək düşüncəsinə malik olasan. Ona görə də namizədliyimi verdim”.

Sadıq Qarayev seçilmə şansının böyük olduğunu da söyləyib.

“Fikirləşirəm ki, dəqiq araşdırma, doğru anlaşma olsa, o namizədlərin içindən mən seçilə bilərəm”.

AMEA-nın elmi işçisi baş direktor seçiləcəyi təqdirdə görəcəyi işlərdən də danışıb.

“Əgər baş direktor seçilsəm, çalışacam ki, verilişlərimizə, televiziyamıza elmi yanaşma gətirim. Əsas məqsəd intellektual səviyyəli, milli dövlətçilik, dünyagörüşünü mənimsəmiş, təmiz mənəviyyatlılıq, azərbaycançılıq məfkurəsini özünə əqidə seçmiş vətəndaşlar çoxluğu yaratmaqdır. Dövlətimizin də, xalqımızın da gücü budur. Neft kapitalı sərvət deyil, vasitədir. Çox istəyərəm ki, elə televiziya yaradaq ki, digər televiziyalar üçün də nümunə olsun və insanlarımızın elmi və dünya zövqü korlanıb getməsin. Yoxsa çox şey itirə bilərik”.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …