Çərşənbə , Noyabr 25 2020
Ana səhifə / Aktual / Dünyada biz: Xaricə nə qədər borcumuz var?

Dünyada biz: Xaricə nə qədər borcumuz var?

2017-ci il 31 avqust ayına olan məlumata əsasən, Gürcüstanın Azərbaycana dövlət borcu 8,995 milyon dollar təşkil edir. Gürcüstanın Maliyyə Nazirliyinin verdiyi xəbərə görə, 31 iyula olan göstərici ilə müqayisədə qonşu ölkənin Azərbaycana olan borcu 0,347 milyon dollar azalıb. Gürcüstanın xarici dövlət borcu və dövlət zəmanəti altında götürülən kreditlərin ümumi həcmi 4,946 milyard dollar təşkil edib ki, bunun da 4,901 milyard dolları hökumətin payına düşür.

Qonşu ölkənin ən çox Almaniya (289 milyon dollar), Yaponiya (210 milyon dollar) və Fransaya (132 milyon dollar) dövlət borcu var. Gürcüstanın Türkiyə, Rusiya və Ermənistana olan dövlət borcu müvafiq olaraq 17,2 milyon, 72,5 milyon və 10,3 milyon dollar təşkil edir.

Maraqlıdır, başqa hansı ölkələrin Azərbaycana nə qədər borcu var? Ümumiyyətlə, xarici borcun ödənilməsilə bağlı vəziyyət nə yerdədir?

İqtisadçı-ekspert Akif Nəsirli “Cümhuriyət” qəzetinə bildirib ki, iqtisadi əlaqələri olan ölkələrin bir-birinə borcu ola bilər: “Bu, hansısa təhlükənin və ya zərərin yaranması demək deyil. Başqa sözlə, bu, qarşılıqlı iqtisadi əlaqələri olan ölkələr arasında qorxulu tendensiya hesab olunmur. Bu, adi haldır. Məsələ burasındadır ki, həmin borc qarşılıqlı borc saldosundan uzaqlaşa bilər. Əgər qarşılıqlı borcları bir-birindən çıxanda borc daha çox qalırsa, artıq bu, mənfi tendensiya hesab olunur. Qarşılıqlı idxal-ixrac əməliyyatları 50-50-yə olanda bu, ideal vəziyyət sayılır. Lakin çox təəssüflər olsun ki, Azərbaycan iqtisadiyyatı idxaldan asılıdır. İxracatı əsasən xam neftdən ibarətdir. Ona görə də Azərbaycanın iqtisadi əlaqədə olduğu ölkələrə daha çox borcu var.

Burada söhbət həm kommersiya, həm də dövlət səviyyəli borclardan gedir. İqtisadiyyatı idxaldan asılı olan ölkələrin hamısında vəziyyət belədir, o cümlədən, Azərbaycanda. Dövlət təşəbbüs göstərərək borcu vaxtında ödəməklə xarici borcları azaltmaq mümkün deyil. Xarici borcları azaltmağın bir yolu var, o da daxili istehsalı gücləndirmək və ölkə iqtisadiyyatında xaricdən asılılığı azaltmaqdır. Xarici borcu sıfıra endirmək mümkün deyil. Sadəcə olaraq ölkənin idxaldan asılılığını minimuma endirmək lazımdır ki, ölkənin idxal-ixrac balansında mənfi saldo aşağı düşsün”.

Azərbaycan ticarət əməliyyatlarında daha çox nağd sövdələşməyə üstünlük verir, yoxsa həmin vəsaitlərin mərhələli şəkildə ödənilməsinə?

İqtisadçı qeyd edib ki, Azərbaycanın xarici ticarət dövriyyəsində kölgəli məqamlar var: “İxracda və idxalda dövriyyədən yayındırılan böyük miqdarda məhsullar var. Azərbaycan iqtisadi əlaqələri olan ölkələrin böyük əksəriyyətilə nağd əməliyyatlardan qaçır. Bizim daha çox iqtisadi əlaqəmiz Avropa və qonşu ölkələrlədir. Hansı ki, həmin ölkələr nağd əməliyyatlardan mümkün qədər yayınır. Amma bu məsələdə Rusiya çox uyğun gələn tərəfdaşdır. Onlarla da iqtisadi əlaqələrimiz çox zəifdir”.

Yeganə Oqtayqızı

Cebhe.info

Həmçinin oxuyun

Erməni ordusunun sonuncu kalonu da Kəlbəcərdən getdi – VİDEO

Ermənilərin Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonundan olan köçü yekunlaşıb. Bu gün Ermənistan ordusunun sonuncu kalonu …

Bir cavab yazın