Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Aktual / Döyüşçülərin təltifi ilə bağlı gileylərə hərbi ekspertlərdən reaksiya

Döyüşçülərin təltifi ilə bağlı gileylərə hərbi ekspertlərdən reaksiya

Sentyabrın 27-dən noyabrın 10-na qədər davam edən II Qarabağ savaşındakı parlaq qələbəmizdən sonra müzakirə edilən mövzulardan biri də bu müharibədə iştirak edənlərin təltif olunması ilə bağlıdır. Bu məsələdən gileyli olanlar, orden-medal almadığını bildirən döyüşçülər də var.

Onlar deyir ki, qəhrəmanlıq göstəriblər, lakin mükafatçılar sırasında adları yoxdur. Doğrudur, bununla bağlı Müdafiə Nazirliyi açıqlama verib və araşdırmalar aparıldığını qeyd edib. Amma bu da təltif olunma məsələsini gündəmdən çıxarmayıb.

“Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirməsi” İctimai Birliyinin sədri, QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, hərbi ekspert Emin Həsənli hər kəsin öz haqqını alacağını bildirdi: “Vətən müharibəsində iştirak edən hər bir şəxs qəhrəmandır. Onların hər biri bizim üçün çox əzizdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə uzunömür, cansağlığı arzulayıram. Mükafatlandırma ilə bağlı müxtəlif təkliflər var və bu təkliflər müzakirə edilir. 90 minə yaxın şəxs mükafatlandırılıb. Bu proses davam edəcək. Onlara medal və ordenlər təqdim olunacaq. Məşhur bir deyim var ki, zabit və qazinin həm də yaraşığı onun orden və medallarıdır, yəni hərbi formalarının. Sovet dövründə bəzən elə nümunələr var ki, onu qəbul etmək lazımdır. Xatırlayırsınızsa, Böyük Vətən müharibəsi veteranlarının yaxaları orden və medallarla dolu idi. Bu gün Azərbaycan qaziləri də qalibdir. Onlara da orden və medalları verilməlidir. Bəzi ali tərtiblər var. Məsələn, ”Vətən naminə qəhrəman”, “Vətən müharibəsi qəhrəmanı”, “Azərbaycan bayrağı”, “Zəfər” ordeni”, “İgidliyə görə” medal, “Cəsur döyüşçü” və s. orden və medallar igidliyə və qəhrəmanlığa görə verilir. Amma düşünürəm ki, Xocavəndin, Füzulinin, Qubadlının, Suqovuşanın, Şuşanın azad olunması istiqamətlərində döyüşmüş hər bir döyüşçüyə bu medallar verilsə çox yaxşı olardı. Bu onların haqqıdır. Bəli, o istiqamətlərdə də müstəsna xidmətlər göstərənlər var. Onlar təbii ki, fərqləndirilir. Hesab edirəm ki, “Vətən müharibəsinin iştirakçısı” medalı hər kəsə veriləcək. Gələcəkdə bir, beş və on illik yubiley medalları da veriləcək.

Emin Həsənli: Dövlət Qarabağ qazilərini, qazilər də dövləti dəstəkləyir -  İki sahil

Emin Həsənli: “Atılan addımlar faydasını verəcək”

Yaradılan komissiya bu işlərə baxacaq. O sahə yoxdur ki, orada nöqsan, çatışmazlıqlar olmasın. İnsan olan yerdə problemlər var və bu problemlər aradan qaldırılmalıdır. Amma bunların həll olunması yolu sosial media deyil. Əgər problem varsa, aidiyyəti üzrə müraciət edilməlidir. Müdafiə Nazirliyinə, Prezident Administrasiyasına məktubla müraciət edə bilərlər. Bu istiqamətdə QHT-lər var və onlara da müraciət oluna bilər. Əmin olun ki, onların haqq və hüquqları bərpa olunacaq. Onların hər biri bizim üçün əzizdir. Azərbaycan dövləti bir çox istiqamətlərdə işlər görüb. Onların təqaüd və müavinətlərinin artırılması, şəhid ailələrinə mənzillərin verilməsi bu qəbildəndir. Məcburi köçkünlərə veriləcək 4700 mənzil şəhid ailələrinə veriləcək ki, bu da çox böyük rəqəmdir. “Yaşat” Fondunun, eləcə də icra orqanlarında müharibə iştirakçıları və şəhid ailələri ilə iş şöbəsinin yaradılması  çox mühüm addımlardır. Bu addımlar öz faydasını yaxınlarda verəcək”.

Polkovnik Şair Ramaldanov: Sosial şəbəkələrdə bilən də, bilməyən də »  Azərbaycanın xəbər portalı - NEWS24.AZ

Şair Ramaldanov: “Təqdimat balaca komandirlərdən başlayır”

Polkovnik Şair Ramaldanov hər bir müharibədə bu cür hallara rast gəlindiyini söylədi: “Təltif müharibədə iştirak edənlərin fərqləndirilməsini göstərir. Bilirsiniz ki, Ali Baş Komandan, cənab İlham Əliyevin sərəncamı ilə Vətən müharibəsi iştirakçılarının təltif olunmaları üçün əlavə orden və medalların verilməsi barədə qərar qəbul olunub. Hazırda təltif olunma prosesi getməkdədir. Bir hissə təltif olunub, digər hissə də təltif olunacaq. Cənab Prezident bu prosesə xüsusi diqqət yetirir. Hərbçilərlə, yaralılarla görüşdə demişdi ki, heç kim və heç nə unudulmayacaq. Təltif olunmanın xüsusi mexanizmləri var. Bəzi söhbətlər var. Düşünürəm ki, bu söhbətlər daha çox bilməməzlikdəndir. 80 mindən yuxarı artıq təltif olunmuş şəxslər var. Qısa zamanda bu qədər təltif olunma onu göstərir ki, təltif komissiyaları, o cümlədən hərbi hissələr yaxşı işləyirlər. Hər bir orden və medalın statusu var. Bütün hərbi hissələrdə təltif komissiyaları var. Hər bir müharibənin sonunda şəxsi heyətin fəaliyyəti ilə bağlı məlumatlar toplanılır. Bu məlumatlar aşağıdan yuxarı gedir. Komandirlərin aşağıdan yuxarı təqdimatı əsasında hərbi hissənin təltif komissiyası müəyyən qərarlar qəbul edib, hazırlanan siyahıları Müdafiə Nazirliyinin təltif komissiyasına göndərir. Burada da siyahılar bir daha nəzərdən keçirilir və sonra Prezident Aparatına təqdim olunur. Kimsə təltif olunmayıbsa, burada bir neçə səbəb ola bilər. Onları sadalamaq istəmirəm. Dediyim kimi, təltif balaca komandirlərdən tutmuş böyüklərə qədər təqdimat əsasında baş tutur. Nəzərinizə çatdırım ki, I Qarabağ savaşının təltiflərinin hələ bir hissəsi komissiyadadır. Ötən il ordu günündə bir neçə şəxs ”Azərbaycan bayrağı” ordeni və digər medallarla cənab Prezidentin sərəncamı ilə təltif olundular. Burada narahatlığa bir səbəb yoxdur. Döyüşənlər tək olmayıblar. Yanlarında komandirlər və digər döyüşçülər olub. Yəni müraciət edə bilərlər. O statusa uyğundursa, hər kəs haqqını alacaq. Bəzi medallar var ki, hamıya şamil olunub. Bütün müharibələrdə bu cür hallar olub. Bir hissə ola bilər ki, təltifini tez, digər hissə isə gec alsın. Təqdimat balaca komandirlərdən başlayır. Komandirlər, hərbi hissələr, döyüşən şəxsi heyət yerindədir, müraciət etsinlər. Komissiyalar lazımi məlumatları müraciətlər əsasında toplayıb, qərar verirlər. Hazırda Müdafiə Nazirliyində komissiya yaradılıb. Bu komissiya tərxis olunan şəxslərin müraciətlərinə, şikayətlərinə baxmaq üçün yaradılıb. Təltiflə bağlı da müraciətlərə baxılacaq. Bu komissiyanın yaradılması çox düzgün qərar idi. Kimin nə sualı varsa, həmin komissiyaya müraciət etsin”. Musavat.com

Həmçinin oxuyun

Azərbaycanda universitet prorektoru kazinoda külli miqdarda pul uduzub? – AÇIQLAMA

Bakı Avrasiya Universitetinin rektoru Nazim Hüseynovun oğlu Günhan Hüseynovun Gürcüstanda kazinoda külli miqdarda pul uduzması …