Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual /  Dövlət Əmlak Komitəsinin sədr müavini adı ilə dələduzluq edən kimdir?

 Dövlət Əmlak Komitəsinin sədr müavini adı ilə dələduzluq edən kimdir?

Bayram Hacıyev adlı vətəndaş əmlak mübahisəsilə bağlı şikayətçıdır. Azinforum.az Avropa.info-ya istinadən həmin şikayəti təqdim edir:

“23.09.2014-cü il tarixində mənə zəng gəldi. Dedilər ki, Binəqədi rayonu 6-cı milkrarayon, 1410-cu keçiddə “Miragel” adlı bir restoran var oranı işlətmək lazımdır. Mənim restoran biznesində təcrübəm olduğu üçün mənə müraciət etdilər.

Dedilər ki, Muxtar Səfərov adında bir nəfər sənə zəng edəcək. Muxtar mənim Ramin adlı dostumun əmisidir. Səhəri gün Muxtar adlı şəxs mənə zəng elədi və onunla görüşüb həmin obyektə getdik. Mən restorana girib baxdım və xoşum gəlmədiyi üçün çıxıb getdim.

Bir gün sonra mənə bir də zəng etdilər və Muxtarla görüşdük. Bu dəfə Muxtarın yanında Namiq adlı bir nəfər də var idi. Bu zaman mən həmin şəxslərə öz fikrimi bildirdim. Dedim ki, buranın güclü təmirə, dekorasiyaya və dizayna ehtiyacı var.

Üçüncü gün yenidən bu şəxslər mənə zəng edərək obyekt sahibinin mənimlə görüşmək istədiyini dedilər. Mən obyektə gəldim. Mən oraya gələndə Mərdan Seyidbəyli hələ gəlməmişdi. Az sonra o da gəldi və mənə dedilər ki, bu çox imkanlı adamdı, özü də dövlət məmurudur. Bundan başqa onun başqa biznesləri də olduğunu dedilər.

Mən ondan nə işlə məşğul olduğunu soruşanda mənə Dövlət Əmlak Komitəsinin sədr müavini olduğunu dedi. O mənə fikrimin xoşuna gəldiyini, işi mənimlə Namiqə həvalə etdiyini hər cür maddi dəstəyi verəcəyini söylədi.
Həmin günü axşam mənə yenidən zəng edib ustaları gətirməyimi və təmir işinə başlamağımı söylədi. Mən isə bu işlərdən hələ də şübhələnirdim.

Amma məni dilə tutaraq işə başlamağa razı saldılar. Səhəri günü tanıdığım ustaları obyektə gətirərək işə başlamaq istədik. Namiq mənə hələ ki pulun olmadığını söylədi. Buna görə də gedib evdən 650 manat pul götürərək gəldim ki, təki iş getsin.

Biz təzəcə işə başlamışdıq ki, Marif adlı bir nəfər gələrək işi dayandırdı və “Mən obyektimi satışa qoymuşam. Sizi bura kim buraxıb. Mənim obyektimi niyə sökürsüz? dedi. Daha sonra M. Seyidbəyli gələrək Marifi kənara çəkdi. Nə danışdıqlarını tam olaraq bilmirəm. Amma Marif işin davam etdirilməsinə razılıq verdi.

Mən Mərdanın pulunun olmadığını hiss etdim. Daha sonra iki ay davam edən təmir işləri M. Səfərovun öz cibindən verdiyi 6000 manatla və mənim verdiyim pullarla davam etdi. İki ay iş davam etdikdən sonra Muxtar ilə Namiq Fizuli rayonunda soğan əkmək adı ilə işdən kənarlaşdırıldılar.

Daha sonra həmin bu restorana şərik çıxanlardan da biri Vahid adlı şəxs oldu. Onu da qeyd edim ki, restoranın heç bir sənədi yoxdur.

Mən hər dəfə Mərdanla pul söhbəti edəndə mənə deyirdi ki, sən mənə inanmırsan? Gəl buranı təmir edək işə salaq sonra sənin də pulunu verəcəyəm.

Mən restoranı tam təmir edərək bu ilin mart ayında işə başladım və 6 gün bundan öncəyə qədər oranı işlətdim. Restoranı sıfırdan yaxşı işlək vəziyyətə gətirdim. 6 gün bundan qabaq isə bu məsələləri araşdırmaq üçün oradan uzaqlaşdım.

Mən sonradan bildim ki, Mərdan restoranın fəaliyyətinin yaxşı olduğunu görüb restoranı Marifin əlindən almaq istəyirmiş. 4 ay bundan əvvəl Mərdan Marif notariusa apararaq onun obyektinə 36 min manat xərclədiyini təsdiq etdirib.

Yerin sahibi olan Marif bu günlərdə Mərdana bütün bu oyunlardan təngə gəldiyini dedikdə isə Mərdan Marifin qarşısına baş tərəfində “Access Bankın Miragel restoranının ümumi hesabatı” yazılmış 68 min manatlıq üzərində möhür olmayan bir siyahı qoyub və deyib ki, mən bu qədər pul töküb sənin yerini təmir etmişəm. Onları ver çıxım.” Bunla da Qarabağ müharibəsi veteranı olan Maarifin obyektini faktiki olaraq ələ keçirib”.

Daha sonra B. Hacıyev 9 ay ərzində gördüyü işlər müqabilində M. Seyidbəylinin onun haqqı olan 18800 manat pulunu mənimsədiyini söyləyib.

B. Hacıyev bu məsələnin həlli üçün prezident İlham Əliyev, daxili işlər naziri Ramil Usubov və respublikanın baş prokuroru Zakir Qaralova müraciət ünvanlayıb. O məsələnin həll olunacağı təqdirdə onun haqqı olan 18800 manatdan 2000 manatını Heydər Əliyev fonduna, 2000 manatını körpələr evinə, 1000 manatını qocalar evinə, 1000 manatını əlil və şəhid ailələrinə sosial dəstək ictimai birliyinə, 1000 mamatını gözdən əlillər cəmiyyətinə, 1000 manatını da 19.05.2015-ci il tarixdə yanan binada yaşayan ailələr kömək məqsədilə verəcəyini bildirib.

Məsələ ilə əlaqədar Avropa.info Mərdan Seyidbəyliyə də maraciət edib. Seyidbəyli müxbirimizin sualını dinlədikdən sonra, özünə arxayın bir şəkildə “əcəb etmişəm” deyərək telefonu bağlayıb.

Azinforum.az saytı şikayətdə adı hallanan  Əmlak Məsələləri üzrə Dövlət Komitəsi ilə əlaqə saxlayıb. Qurmun Mətbuat Xidmətinin rəhbəri Qulu Xəlilov Azinforum.az-a açıqlamasında bildirib  ki, Mərdan Seyidbəyli adlı adam nəinki rəhbər strukturda, ümumiyyətlə  Əmlak Məsələləri üzrə Dövlət Komitəsində çalışmır: “Görünür, kimsə bizim adımızdan istifadə edib”.

Azinforum.az

 

 

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …

Bir cavab yazın