Bazar ertəsi , İyul 26 2021
Ana səhifə / Aktual / Dövləti qorumaq jurnalistin işi deyil?.. – Üçtərəfli müzakirənin davamı

Dövləti qorumaq jurnalistin işi deyil?.. – Üçtərəfli müzakirənin davamı

Azərbaycanın üç tanınmış jurnalisti – “Real” Təhlil və İnformasiya Mərkəzinin rəhbəri Mir Şahin, “Haqqın.az” saytının rəhbəri Eynulla Fətullayev və “Qafqazinfo”nun rəhbəri Elbrus Ərud 22 iyul Milli Mətbuat Günü ərəfəsində ölkədə medianın durumu, KİV-in fəaliyyəti, mövcud olan problemlər və perspektivlər ətrafında polemika keçiriblər. Bu müzakirələr onlayn formatda baş tutub.

(Əvvəli burada)

Həmin müzakirənin davamını təqdim edirik:

Eynulla Fətullayev:

Məncə, bu yanaşma ilə Mir Şahin jurnalistikadan getsə, yaxşıdır. “Cəbhədən tez-tələsik xəbər!” formatı indi artıq köhnəlmiş, möhlətini bitirmiş nəzər nöqtəsidir, məncə. Dünyanın aparıcı KİV-i İraqdan, Əfqanıstandan, Liviyadan, Suriyadan məhz bu nöqteyi-nəzərdən çıxış edir. Mir Şahin dövlətçilikdən danışır, jurnalistikadan yox. Bunlar isə bir-birinə əks məfhumlardır…

Mən Ordumuzun qələbəsi naminə jurnalistikanın məğlubiyyəti ilə barışmıram!

Peşəkar operatorların və müxbirlərin cəbhədən gündəlik reportajlarının yayılması qələbəmizə kölgə salmazdı. Müharibə vaxtı hərbi senzura olur və olmalıdır da! Buyurub dövlət həmin materialları senzuranın sücgəcindən keçirəydi. Bu, artıq jurnalistikanın problemi yox, məmurların problemi idi…

Elbrus Ərud:

Gəlin bir qədər də bir neçə il sonranı proqnozlaşdıraq. Cəmi bir neçə il sonra ölkədə KİV tam olaraq sosial şəbəkələrə məğlub ola bilər. Necə ki, artıq TV-lər, ondan əvvəl isə qəzetlər bu taleni yaşayıblar. Növbədə onlayn medianın faciəsi olacaqmı?..

İndi belə bir fikri, az qala, hamı səsləndirir: “Mən TV-yə baxmıram, sonuncu dəfə qəzeti nə vaxt gördüyüm yadıma gəlmir” və s.

Bu proses indi daha çox gündəmdə olan saytları da ağuşuna alacaqmı?

Eynulla Fətullayev:

Əgər hansısa agentlik və ya TV xəbərin tez çatdırılması üçün mübarizə aparmırsa, oxucu və tamaşaçı naminə savaşmırsa, o zaman bu KİV-ə nə ehtiyac var? Məsələn, SSRİ-də SOVİNFORMbüro var idi, vahid mərkəzdən xəbər yayırdılar. Və yaxud Çinin “Sin Xua” agentliyi.

Bu agentlik də Tayvan hadisələri haqqında yeganə xəbər mənbəyidir. Əgər informasiyalar vahid mərkəzdən yayılırsa, sual edirəm – o zaman bu qədər KİV-ə və TV-yə nə ehtiyac var? Məntiqlə “AzərTac” kifayətdir.

Azərbaycanda xəbər saytları artıq sosial mediaya məğlub olub. Sosial medianın yeganə çatışmazlığı – sistemsizlikdir. Amma operativlik nöqteyi-nəzərdən xəbər saytları sosial mediadan geri qalır. Məhz buna görə də xəbər saytlarının özləri sosial mediaya köçüb. Amma… Mühüm bir amma var. Sosial media xəbər saytlarını artıq əvəz etsə də, jurnalistikanı əvəz edə bilməyib.

Reportaj, müsahibə, korrespondensiya, oçerk, təhlil… Onlayn jurnalistika bu janrlarını qorusa, sosial medianı üstələyəcək. Sırf xəbər konsepsiyası üzərində fəaliyyətini davam etdirsə, sosial şəbəkə içində əriyəcək, necə ki əriyir artıq.

TV-lər yutublara və smartfonlara, xəbər saytları feysbuk və tvitterə, hətta instaqrama köçüb. Diqqət yetirin, artıq insanlar xəbərləri instaqramda xülasə şəklində oxuyur. İnnovasiya inqilabından sonra zaman axarı sürətlənib. Vaxt yoxdur! Hamı tələsir. Hamı gecikir. İnsanlar artıq xəbərlər də oxumur, instaqram üzərində xəbər başlıqları ilə kifayətlənir.

TV-lər teatr və kinoteatrlara çevrilir, kağız jurnalistikası isə rəqəmə transformasiya olunub, sosial mediaya köçüb. Dünya yeni mərhələyə qədəm qoyub – artıq media oxuculara diktə etmir, oxucu medianı müəyyən edir. Belarusda NEXTA fenomeni bunu sübut etdi. İnsanlar görmək istədiklərini və oxumaq istədiklərini canlandırır. Bu bilirsiniz, nəyə bənzəyir? Bir dəfə Lev Tolstoydan soruşmuşdular ki, ədəbiyyat nə zaman bitəcək? Tolstoy cavab verir ki, insanlar bütün mövzular haqqında açıq danışa biləcəkləri zaman əbədiyyatın sonu olacaq. Məsələn, mən Anna Kareninanın kimliyini açıqlaya bilmirəm, ona görə də ədəbi obraza ehtiyac yaranır.

Əziz dostlar, ədəbiyyat təkcə Azərbaycanda deyil, bütün dünyada bitmək üzrədir! Çünki insanlar Anna Kareninanın kimliyini və hətta fotosunu sosial şəbəkədə paylaşır.

Yəni əgər hər bir insan reportaj və ya xəbər paylaşa bilirsə, deməli, jurnalistika da son nəfəsini  verir. Amma təkrar edirəm – xəbər jurnalistikası! Hər insan axı düşünüb təhlil edə bilmir. Ona görə də populyar bloqerlər ordusu yaranmaqdadır. İnsanlar hadisələrə bu bloqerlərin baxış bucağından yanaşır. Amma bloqer diktə etmir, oxucu edir. Əks halda, oxucu daha yalan danışan bloqeri oxumayacaq.

Təəssüf ki, Azərbaycanda hələ də bloqer yoxdur. Bloqer kimi tanıdığımız şəxslər – sadəcə posterlərdir. Ancaq 10-15 ilə bloqer nəsli də yaranacaq. Artıq bu proses dünyada sürətlə gedir. Biz isə həmişəki kimi, dünyadan bir balaca geri qalırıq.

Elbrus Ərud:

Ədəbiyyatın ölməsi fikri ilə razılaşmıram. Baxmayaraq ki, bu istiqamətdə polemikanı davam etdirsək, mövzudan yayına bilərik. Ancaq bir neçə cümlə deməliyəm. Ədəbiyyat bu gün də var və çox böyük maraqla oxunur. Məhz Tolstoyun janrı, mövzusu açıq maraq doğurmaya bilər. Axı, nümunələr var. Xalid Hüseyninin müasir dövrdə yazdığı roman-trio dünyanın bütün dillərinə tərcümə olunub və demək olar ki, bütün bəşəriyyət tərəfindən oxunub. O cümlədən, Corc Oruellin əsərləri. Üstündən illər keçməsinə baxmayaraq, bu gün də tirajlanmaqdadır. Məncə, məsələ formadadır. Forma dəyişə və davam edə bilər.

Jurnalistikanın əsasını informasiya yükü təşkil etdiyi üçün informasiyaya ehtiyacın da heç vaxt tükənmədiyini nəzərə alsaq, belə nəticəyə gəlmək olar ki, bu sahənin istehsalçıları daim diqqət mərkəzində qalacaq. Yenə də vurğulamaq istəyirəm ki, formatı dəyişmək və zamanın tələbinə uyğun təşkil etmək şərtilə. Düşünürəm ki, şairin də yazdığı şeirdə daha çox informasiya olmalıdır…

Mir Şahin:

Eynulla, əzizim! Yadındadır da, mən söhbətə başlayanda nə dedim!? “Məndən ötrü obyektiv olmaq o qədər də asan olmayacaq, hətta ola bilsin ki, heç mümkün də olmayacaq. Çünki mən bu dəqiqə də telekanal rəhbəriyəm, özü də mövqeyi tam bəlli!”. Yenidən xatırladıram: Eynulla, mən sənin düşündüyün tərəfsiz jurnalistikadan əslində çoxdan getmişəm. O jurnalistikanı keçmişim hesab edirəm. Pandemiya dövrü hamını Müstəqil Öz adlı divarlar arasına soxub.

“Evdəqal!” Yeni bu dövr Müstəqil Dövləti bir dəyər kimi Müstəqil İnsan dəyərindən üstün tutur, həm də insanın fərdi müqəddəratının ayrı-ayrı komponentlərini ( məsələn, söz, fikir azadlığı, demokratiya kimi) dövlət müstəqilliyinin əsas şərtlərindən aşağıda buraxır! Bu baxımdan, sənin Ordumuzun qələbəsi naminə jurnalistikanın məğlubiyyətilə barışmamağın – eynilə mənim barışmağım kimi tam təbiidir. Amma mən bugünkü sosial qaragüruh mediasının başı çıxmayan yerə sadəcə şüvən salmaq, reketvari təzyiq priyomları hesabına getməsini faydalı saymıram! Belə təşəbbüslər yalnız əl-ayağa dolaşmaq olardı. Peşəkarların cəbhədə nə etdiyini, necə etdiyini mən yaxşı bilirəm.

Birinci Qarabağ Müharibəsinin reportyor iştirakçısı tək İkinci Savaş zamanı da materiallar hazırladım. REAL TV-nin üç briqadası müxtəlif istiqamətlərdə işlədi. Yayımlarımızın 80 faizi canlı oldu! Biz tək deyildik. Bu, bütün mediamızın uğurudur. İşğaldan azad olunmuş ərazilərdən ilk reportajın da müəllifi REAL TV-nin xüsusi müxbiri oldu.

Minamyot batareyasının uşaqları ilə döyüşdən sonra və yeni həmlə ərəfəsində onlardan müsahibə də aldıq. Gülləbarana da düşdük. Amma eyni zamanda mənim reportajlarıma, mətnlərimə ayrı-ayrı media cəhənglərinin quduz diş qıcamalarını da unutmuram. Sosial şəbəkələrdə məruz qaldığım murdarçılıqları, linçi, yəqin, sən də unutmamısan! Məmurların üzərinə məsuliyyət tolazlamaq ən asanıdır. Mən özüm də məmuram! MƏSULİYYƏTLİ MƏMUR! Özünəməxsus Məmur! Bir daha deyirəm: Bu gün belə dövlətin qələbəsini qanmayan, xalqın uğuruna paxıllıq edən zümrənin “cəbhədə nə oyun çıxara bilərdi”liyini təsəvvür etmək belə dəhşətdir!

Siz olun jurnalistikada qalib, amma mən öz haqlılığıma güvənirəm. Dövlətin Ordusu qalib olmasa, onun heç bir istiqaməti qalib olmayacaq. O cümlədən Jurnalistikası! Təkrar edirəm: Biz Cəbhədə Qələbəni Tətbiq Edilmiş Bütün Üsulların Məcmusu kimi QAZANMIŞIQ! Deməli, medianın bu şəkildə çalışması da düzgün idi. Qalibləri mühakimə etmirlər!

Amma bunu deməliyəm: TV HEÇ KİMƏ UDUZMUR, UDUZMAYACAQ DA! Gəlin daşıyıcıları yüklə qarışdırmayaq!

Həmin platformalar elə teleməhsulları da daşıyır.

Eynulla Fətullayev:

Mən demədim ki, TV-lər uduzur. Həm də söhbət kiminsə udub-uduzmasından getmir. Klassik TV-lərin zamanı getdi. Bütün dünyada TV-lər artıq interaktivlik üzərində qurulur. TV ilə sosial şəbəkə bir-birinə bağlanır. Və bu proses həm Qərbdə, həm də Əl-Cəzirənin simasında Şərqdə gedir. Bizdə isə TV-lərlə sosial şəbəkə antaqonist platformada dayanıblar ki, bunun da xeyli səbəbləri var… Postsovet məkanında TV-lərin çöküşünü 2 jurnalist təsdiq etdi – liberal Qordon və totalitar Solovyov. İkisi də sosial şəbəkəyə köçüb.

Məsələn, Qordon Mir Şahinin hələ 1998-1999-cu illərdə tətbiq etdiyi konsepsiyaya keçib. Parlaq şəxslərlə müsahibələr. Böyük uğur qazanıb bu layihə.

Bütün dünya baxır Qordona. Verilişin adı yadımdan çıxdı.

Həm də jurnalistika sosial şəbəkə kimi qloballaşır. Təxmin etmək olar ki, 10-15 ildən sonra regional jurnalistika modelinə keçid bitəcək. İki dil qalacaq – ingilis dili və rus dili. Bu regionlaşma və qloballaşma qaçılmazdır. Milli internet – bu məfhumun özü belə absurddur.

İki dil bizim regionda – yəni Avroasiyada qalacaq.

Mir Şahin:

Çin, Tayvan müqayisəsi, məncə, tutarlı deyil, Eynulla. Biz gələcəyi proqnozlaşdırırıq. Sənin təqdim etdiyin gələcək SSRİ-Perestroykası, SSRİ Qlasnostu, SSRİ Uskoreniesi, V.Tsoyun mahnıları, Listyevin Razbaşlarıdır. O dünyagörüşü getdi! Gələcəyin içindəyik: bu gələcək “evdəqal!”dan, özününkünü qorumaqdan keçir! Bayaq dedim axı. Kosmopolit, hamıyaməxsusluq bugünkü jurnalistikanın kodeksi ola bilməz. Dövləti qorumaqdır əsas olanı. Qalanı təfərrüatdır. Mən Paşinyanın parlament seçkilərində  qələbə qazanmasını İlham Əliyevin müharibədə qələbə qazanması ilə müqayisə edən və “demokratiyanın” lehinə verdikt çıxaran əbləh hakimləri sadəcə rədd edirəm! Çünki bu, xəyanət və cinayətdir! TV, Radio, agentliklər, saytlar lokal mövzularda bütün maraqlı tərəfləri axtarmağa borcludurlar. Dövlətlə, onun maraqlarıyla bağlı məsələlərdə bircə tərəf var – Dövlət! Yeni media daşıyıcıları bu həqiqəti təkzib etmir. Mən Çaadayev deyiləm!

Eynulla Fətullayev:

Məsələn, o gün Elbrusun erməniyə müraciətini oxudum. İctimai ittiham idi. Amma bu müraciəti yalnız Bakıda və Biləcəridə oxudular, halbuki ən azı Yerevan və Moskvada oxunması vacib idi… Ona görə deyirəm ki, internetin milli variantı – cəfəngiyyat, özün bişirirsən, özün də yeyirsən.

Mən 2021-ci ildə Çində cərəyan edən hadisələri nəzərdə tuturam. Orada hər an müharibə başlaya bilər.

Mir Şahin:

“Coding”. Bu barədə nə bilirik? Yəni Davos standartlarından baxanda. Yeni planetar ünsiyyət vasitəsi yaranır. Yeni zamanın uşaqları çox tez bir zamanda bu dili daşıyacaq!

Eynulla Fətullayev:

Evdə qal! – pandemiya bitən kimi də bitəcək. Dövləti qorumaq – DTX-nin və DİN-in işidir. Mənim işim deyil. Mənim işim təhlil edib, hadisələri qələmə almaqdır.

Mir Şahin:

Nə danışırsan sən, Əzizim? Dövlətdən itələnərək irəliləməliyik hər bir halda.

Elbrus Ərud:

Hər ikinizin arqumentləri ilə razılaşmamaq mümkün deyil. Eynullanın dedikləri “əslində necə olmalıdır”la bağlıdır. Mir Şahinin arqumentləri də Azərbaycan tərəfdən baxanda birmənalı qəbul edilməlidir. Ancaq düşünürəm ki, biz əlimizdə olanı, mövcud imkanları dəyərləndirməliyik. Ona qalsa, dünyada media fərqli standartlarla işləyir. Ancaq biz Prezidentin müharibə dövründə verdiyi müsahibələrdə ona suallar ünvanlanan zaman həmin ölkələrin maraqlarını gördükmü? Gördük. Yəni bütün dövlətlərdə və cəmiyyətlərdə, hansı regionda yerləşməsindən asılı olmayaraq, media dövlətin marağını qorumağa borcludur. Bu mənada mən bir qədər Mir Şahinin tərəfində durmaq istəyirəm. Ancaq Eynullanın da qorxularını başa düşürəm. Medianı, televiziyanı dövlətin maraqlarını qorumaq adı altında AzTV-nin durumuna da salmaq olmaz. Cəmiyyətin inkişafı  və irəli getməsi birmənalı şəkildə medianın azadlığı ilə bağlıdır. Bizim gələcəyimiz də tam bu istiqamətə gedir. “Sin Xua” və ya başqa bir nümunə bizə örnək ola bilməz. Azərbaycan cəmiyyəti digər bir çox sahələrdə olduğu kimi, bizim sahədə də dünyaya inteqrasiya edəcək və lazımi hədəfinə çatacaq. Hələlik isə məşhur ingilis yazıçısının dili ilə desək, həqiqəti bacardığımız qədər ifadə etsək, yaxşıdır. Bu mənada, Mir Şahinin dediyi ilə razıyam ki, əsas qorunmalı olan dövlətdir.

Mir Şahin:

Əziz Qardaşım! Mən də bayaqdan onu deyirəm: Dövləti qorumaq DİN və DTX kimi mənim də işimdir! Ona görə anlaşılmıram da burda.

Pandemiya bitəcək, amma pandemiyaçılıq qalacaq! O özünün yeni-yeni ştammları ilə həyatımızın tərkib hissəsi olacaq! Və bu həmişə olacaq!

Bilirsən, İnam Kərimovun ölkənin çobanları ilə görməli olduğu əsas iş hansıdır?

Onları yapıncı və çomaqdan, “Çoban Bayatı”dan ayırıb elektron hökumətə öyrəşdirmək!

Biz qloballaşmaya jurnalistləri yox, çoban qardaşlarımızı alışdırmalıyıq! İnkişafı gətirməliyik. Üçrəngli bayrağımızın çoxrəngli bayraq kimi rəqibi var! LGBT!

Eynulla Fətullayev:

Qətiyyən! Dünya tarixi bir həqiqəti təlqin edir – bütün qlobal böhranlardan sonra sıçrayışlar və inkişaflar qaçılmazdır. Biz böyük sıçrayışın astanasındayıq.

Mir Şahin:

İnkişaf və sıçrayış!!! Aha! Doğru!

Eynulla Fətullayev:

LGBT-nin nə dəxli var? Seksizmin inkişafa heç bir aidiyyəti yoxdur.

Mir Şahin:

Mən də elə düşünürəm: amma bu inkişafın dayaqları dövləti prioritetə çevirmək istinadında qurulmalıdır! Birbaşa dəxli var!

Eynulla Fətullayev:

Seksizm totalitar ölkələrdə də olub, baxmayaraq ki, SSRİ-də seksin olmadığını bəyan ediblər.

Ən böyük LGBT elə orta əsrin Yaxın Şərqində yayılmışdı.

Mir Şahin:

LGBT Qız qalası təfəkkürü ilə yüz illər yaşayan xalqın gələcəyinə, mənim, sənin balalarımıza ölümcül mənəvi aqibət vəd edir!

Elbrus Ərud:

Barak Obamanın prezidentliyinin sonunda hesabatla çıxış edəndə səsləndirdiyi bir fikir yadıma düşür. O demişdi ki, prezident kimi ən böyük uğurlarından biri cinsi azlıqların nikahına icazə verməsi ilə bağlıdır. Bu, gözəldir. Amma Amerikanın həqiqətidir. Bizim də cəmiyyətimizdə LGBT-yə tolerant yanaşma ola bilər və bu kifayət qədər normaldır. Ancaq Barak Obamanın fəxr etdiyi şəkildə bizim də Prezidentin nə vaxtsa eynicinslilərin nikahına icazə verməsi ilə öyünəcəyinə inanmıram. Çünki bizim də, başqa cəmiyyətlərin də təbii olaraq min illər qoruyub saxladığı dəyərlər var. Bu mənada bayrağımızın da rənginə hansısa başqa rənglərin qatılacağı kimi bir təhlükə görmürəm. Bu arada, biz laqeydliklə tolerantlığı qarışdırmamalıyıq.

Eynulla Fətullayev:

Bir alman həmkarımın LGBT haqqında yaxşı sözü var – deyir, özləri bilər, amma öz evlərinin divarları çərçivəsində.

Mir Şahin:

Məndən ötrü bütün müstəqilliklər, azadlıqlar Dövlət müstəqilliyinə, Dövlət azadlığına çatanda bitir! Bayaq deyəndə ki daşıyıcılarla yükü qarışdırırıq, bax bunu, belə faktları nəzərdə tuturdum!

O ki qaldı müharibədən operativ xəbər çatdırmağa: Sənə və Elbrusa söz verirəm: MDB məkanında bizə aid olmayan  istənilən müharibədən ən operativ xəbəri Biz çatdıracağıq! Bizimlə bağlı isə ən vacib və ən vaxtında!!!

Eynulla Fətullayev:

Bizə lazım olmayan müharibələrdən xəbərləri daha peşəkar jurnalistlər çatdırır. Dünyanın və regionun, oxucuların buna ehtiyacı yoxdur.

Mir Şahin:

Eynulla, Dost, Qardaş, Həmkar! QALİB ALİ BAŞ KOMANDAN bu informasiya siyasəti ilə uddu!!! Nə lazımdı sənə!?

Eynulla Fətullayev:

O, başqa məsələ. Malı-mala qatma. Vətəndaş kimi məni qane edir, jurnalist kimi yox.

Elbrus Ərud:

Dostlar, məncə ilk müzakirəmiz çox faydalı keçdi. Bizim məqsədimiz hansımızın haqlı olub-olmadığını üzə çıxarmaq yox, medianın durumuna öz baxışlarımızı göstərmək idi. Həqiqət bizim hansımızınsa dediyində ola da bilər, olmaya da. Və ya biz indi danışdığımız kimi işləməyə də bilərik. Əsas biz necə düşünürük, prosesləri necə görürük – onu çatdırmaq idi. Düşünürəm ki, bu mənada ilk müzakirəmiz nəticəli alındı.

Həmçinin oxuyun

“Kadr seçimində peşəkarlıqla yanaşı, sədaqətlilik də olduqca önəmlidir” – RƏY

“Həmişə olduğu kimi, Azərbaycan Ordusunun rəhbərliyində həyata keçirilən kadr dəyişiklikləri sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. …