Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / “DOSTLUQ PARKI”NDA SÖKÜLƏN 7 VİLLANIN AQİBƏTİ – REPORTAJ

“DOSTLUQ PARKI”NDA SÖKÜLƏN 7 VİLLANIN AQİBƏTİ – REPORTAJ

Hafta.az-ın əməkdaşı bu gün “Dostluq parkı” ilə üzbəüz qanunsuz tikildiyi üçün sökülən villaların yerləşdiyi ərazidə olub. Əməkdaşımız ərazidə aşağıda qeyd olunanlara şahidlik etdi:

– Bir zamanlar 7 villanın yerləşdiyi ərazi hazırda xarabalıqları xatırladır. Yaxınlıqda yerləşən veloparkda çalışan işçilər söyləyirlər ki, buradakı villaları bir həftənin içərisində sökdülər. Dalınca isə ağaclar əkdilər. Həmin ağaclar isə növbəti həftədən saralmağa başladı. Elə onu da qeyd edək ki, velosiped parkın yanında olarkən sökülən villaların yerini soruşduqdan bu cür təsvir etdilər:

“Gedəcəksiniz qabağa. Sağa dönəndə sarı ağaclar görəcəksiniz. Bax o sarı ağacların yerində əvvəllər hündür villalar olub”. Əraziyə gedərkən, biz də söylənilənlərin şahidi olduq.

“Villa xarabalıqları”nın qarşısı yoldur. Lakin oradan çox az halda avtomobil, yaxud da piyada keçir. Biz orada olarkən Şaiq Abdullayev adlı bir şəxslə rastlaşdıq. Yoldan keçən olduğunu söylədi. Deyir ki, bu ağaclar demək olar ki, əkildiyindən saralmağa başlayıb:

“Maraqlısı budur ki, ağaclara su da verirlər. Ancaq yiyəsi çıxmayan villa sahiblərinin görünür özləri olmasa da, “gözləri” burada qalıb. Bəlkə də ona görə ağacları onların nəzərləri yandırıb”.

Yarızarafat, yarıgerçək  söhbətimizdən sonra ərazidəki ağacları fotoya köçürdük. Artıq bir zamanlar mövcud olan villalardan əsər-əlamət yoxdur. Heç villaların bir daşı da daş üstündə qalmayıb. Deyirlər Bakı Şəhər İcra Hakimiyyətinin əməkdaşları, zurna-qaballa gəlib bir günün içində 7 villanı söküb, ərazini də təmizlədilər.

Ancaq villalar söküldükdən sonra, onların üzə çıxmayan  sahibləri haqqında da müxtəlif fikirlər yayılıb. Yayılan məlumatlara görə, villaların qanunsuz formada tikilməsində Sabail rayon bələdiyyəsinin keçmiş işçilərinin əli olub.

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) əməkdaşlarının keçirdiyi növbəti əməliyyat zamanı 7 saylı Mənzil Kommunal İstismar Sahəsinin (MKİS) rəisi Quliyev Famil Əhməd oğlu və Səbail rayonu Bibiheybət bələdiyyəsinin baş memarı Etibar Məmmədov tutulub.

Hər iki şəxs barəsində Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət işi başlanılıb və Xətai Rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan qərarı qəbul edilib. E.Məmmədov və F.Quliyev istintaq təcridxanasına göndərilib.

Qeyd edək ki, BŞBPİ əməkdaşlarının iyunun 15-də keçirdiyi əməliyyat tədbirləri nəticəsində 1972-ci il təvəllüdlü Hüseynov Tərlan Kərim oğlu da tutularaq istintaqa cəlb edilib. T.Hüseynov barəsində BŞBPİ-nin İstintaq İdarəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

Xətai Rayon Məhkəməsinin qərarı ilə T.Hüseynov barəsində 3 ay müddətinə həbs-qətimkan qərarı çıxarılıb. O, Kürdəxanı qəsəbəsində yerləşən 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılır.  T.Hüseynovun hüquqi nümayəndələri onun barəsində Xətai Rayon Məhkəməsində çıxarılan həbs-qətimkan qərarının dəyişdirilməsi üçün Bakı Apelyasiya Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etsələr də, dünən keçirilən prosesdə onun həbsdə saxlanılması barədə qərar çıxarılıb.

Xatırladaq ki, “Dostluq parkı”nda qanunsuz tikilən villaların sökülməsi ilə bağlı prezident İlham Əliyev may ayında  keçirdiyi müşavirədə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova tapşırıq vermişdi. Tapşırığa əsasən, həmin parkdakı villaların sökülməsinə başlanılıb. Qeyd edək ki, həbs olunan şəxslərdən biri T.Hüseynov tanınmış rejissor, Xalq artisti Tofiq İsmayılovun kürəkənidir.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …

Bir cavab yazın