Çərşənbə axşamı , Yanvar 26 2021
Ana səhifə / Aktual / Donuzu Tanrı belə haram buyurub, hüquq niyə buyurmasın ki?

Donuzu Tanrı belə haram buyurub, hüquq niyə buyurmasın ki?

Sus. Danışma. Məşhur lətifədəki kimi: iki nəfərin “günəş qərbdən çıxıb yoxsa şərqdən?” – mövzulu qan söhbətinə şahidlik edərkən “Allah haqqı mən buralı deyiləm” məntiqinə söykən. Ol, “əla oğlan”. Axşam  da evə gələndə arvad – uşağın üzünə, gözünə “qəhrəman” baxışlarını dik zillə və hələ imkan olsa utanmazca –qızarmazca de ki, baxın, Əli Həsənovu, Qüdrət Həsənquliyevi, Siyavuş Novruzovu, Zahid Orucu söydülər, təhqir elədilər, amma mənimlə, sizinlə işləri olmadı. Tədbirdə, iclasda, toyda, yas yerində dövlətçilikdən, millətçilikdən, qeyrətdən, namusdan, kişilikdən eninə-boluna danış, müdrikyanə görkəm alıb boğazdan yuxarı “n” qədər söz püflə, xoş günlərdə ən az 3-4 sağlığı ayaq üstdə + nümayişkəranə şəkildə de, qaldır, iç, amma dövlətin sütunları, daş qoyanları, ləyaqətli insanları ailələri ilə bərabər hədəfə alınan yerdə kiminsə qulağına xısın-xısın pıçılda ki, “Qardaş, canım üçün mən də cavablarını verərəm, lazım olanları deyərəm e, amma bunların səviyyəsinə enmək istəmirəm…”

Siyasətin abstrakt məziyyətlərindən biri də budur: ləyaqəti, dürüstlüyü təyin edəcək indiqator hələ kəşf edilməyib. Ona görə öz vicdan meyarını lazım və gərək olan yerdə danışmaqla da tənzimləyənlər var,  susmaqla da. Biriləri dövləti, Prezidenti, bu ölkənin ləyaqətli insanlarını həyatı bahasına belə qorumağa, onlara yönələn söyüş, məkr, təhqir və hədələrin qarşısında tək canı ilə istehkam, sipər olmağa hazırdır, digərləri isə dizinə “skotç”la da yapışmayan çörəyin hayındadır ki, necə eləsin dursun, düşməsin, yerində dayansın. Məlum kontekstdə bircə o qisim istisnadır ki, hər açıqlamaları olay olur, xeyirə də danışanda ümumi maraqlara zərbə vurur, qaş düzəldən yerdə nəinki gözü, vurub böyrəyi, qara ciyəri, dalağı da sıradan çıxarırlar. Belələri hər məqamda, hər rakursda biz tərəfdən danışmasa daha gözəldir və ictimai-siyasi həyata da verəcəkləri ən böyük töhfə elə susmaları, səssiz qalmalarıdır.

***

Vicdansız, həyasız, həyatın və mənəviyyatın dibi olan  “söyüş müxalifəti” ilə bağlı aidiyyatlı qurumlara müsavat.com üzərindən bəzi təkliflərimi vermək istəyirəm:

– Bu binamusların məskunlaşdığı və üzərindən bizlərə nifrinlər püskürdüyü ölkələrin səfirlərini, diplomatik nümayəndələrini dərhal və təxirəsalınmaz şəkildə Xarici İşlər Nazirliyinə çağırmaq, onları tam təfsilatla prosesdən məlumatlandırmaq, videoları, Konstitusion quruluş əleyhinə çıxışları və digər maddi sübutları  öz dillərinə tərcümə olunmuş versiyada təqdim etmək və qarşılarında Beynəlxalq hüququn, Beynəlxalq Cinayət hüququnun, Konvensiyaların, Diplomatik protokolun, ikitərəfli əlaqələrin, ekstradisiya müqavilələrinin şərtləri əsasında açıqlama tələbi qoymaq lazımdır.

Ara-sıra bir- iki gədəyə (sözün gerçək anlamında) görə özünü az qala “həlak” edən qüvvələr, abstrakt ittihamlarla həmkarlarımı sanksiyalara məruz qoyub, paralel xətdə Orduxan, Vidadi kimi mürtədləri – dünyanın gəlib- gedən bütün cinayət məcəllələrindəki imperativ normaları, Beynəlxalq qanunvericilik sütunlarını, ümumbəşəri dəyərləri tapdalayan, pozan kəsləri öz zallarına, məkanlarına, tribunalarına rahat-rahat buraxan qurumlar, təşkilat, Şura üzvləri mövzu ilə bağlı şərh verməlidir. Verməsələr verdirməliyik!

Baş Prokurorluğun nəhayət ki, bu yöndə başlatdığı (qiyabi də olsa) cinayət işini təqdir edirəm. Fəqət, paralel xətdə “İnterpol”la yazışmalar da intensiv şəkildə davam etdirilməli, Beynəlxalq axtarış sürətlənməlidir. Əli Kərimlinin öz “facebook” statusunda bəy tərifi deyib + “xələt” verib ardınca şəninə “Qoçəli” oynamağa hazır olduğu Orduxanla bağlı fikir yöntəmləri və bu kontekstdə çıxış edənlərin mülahizələri isə kökündən yanlşdır. Bəy, deyir, dəyərli qardaşı xarici ölkə vətəndaşıdır, onu həbs eləmək mümkün deyil. Xatırladıram! – Lapşin də xarici ölkə vətəndaşı idi. Öz də 2 ölkənin birdən. Quzu balası kimi gətirib islah elədilər. 2-3 manat qranta görə mənliyini satıb məlum cinayətləri törədənlər də gələcək, gətiriləcək. Onların məhkəməsini bütün xalq gözləyir!

Bu yaxınlarda Parlamentdə “Azyaşlı uşaqların zərərli informasiyalardan qorunması” haqda qanun qəbul etdik. Mükəmməl qanundur, lazımlıdır. Hamımız səs verdik. Amma onun qədər lazımli olan digər zərurət cümlə vətəndaşları, xalqı, evində ailəsi ilə bərabər internet məkanındakı imkanlarından istifadə edən insanları – sosial şəbəkələrdə, “yutub” və şəxsi kanallarda yayımlanan, yayılan üfunətlərdən, yaramaz informasiyalardan qorumaqdır. Bunu norma səviyyəsinə gətirməliyik. Qanunla. Bu ölkənin heç bir vətəndaşı zibillikdə eşələnənlərin iyini, qoxusunu təsadüfən və ya məcburi şəkildə içinə çəkməyə borclu deyil. Hansısa xüsusi, aidiyyatlı qurum hüquq formatında bu məsələyə nəzarət etməlidir. Dövlət, dövlətçilik, Konstitusion quruluş, atribut əleyhinə bütün çıxışlar anındaca yasaqlanmalı, informasiya məkanında “blok” edilməlidir. Bu bədnamların xarici dil öyrənməsinə də zatən bir əsr zaman lazımdır. Yəni, oturub başqa dildə video-filan da hazırlayası deyillər ki, barı kənarda kiməsə murdar sifətlərini tanıtsınlar. Yol budur – “Blok”!. Sadə və kəsə. Özləri danışıb, özləri baxıb öz şərəfsizliklərindən, riyakarlıqlarından zövq alsınlar. Hə, onu da bilirəm ki, bəzi “ağzıgöyçəklər” bu fikirdən sonra deyəcək ki, Elşən Musayev sosial şəbəkələrə yasaq təklif edir. Odur ki, öncədən bəyan edirəm: Əsla və əsla! Sosial şəbəkələr həyatımızın ayrılmaz hissəsidir, real dünyaya və həyata ən gözəl inteqrasiyalardan biridir. Əksinə, imkanları bir az da artsın, genişlənsin, hətta nə zamansa bütün dünyada ləğv olunacaqsa belə bizdə olmasın, davam etsin. Fəqət, donuz görkəmli hansısa narkomanın sərsəmləmələrini, illüziyalarını, psixi pozğunluqlarını izləmədən! Hansısa ləyaqətsizin söylədiklərinə qulaq və göz şəriki olmadan!

Donuzu Tanrı belə haram buyurub, hüquq niyə buyurmasın ki?!

musavat.com

Həmçinin oxuyun

Azərbaycanda toylara qoyulan qadağa bu tarixə qədər uzadıla bilər – AÇIQLAMA

Azərbaycanda bir ilə yaxındır ki, koronavirus pandemiyasına görə toyların keçirilməsinə qadağa qoyulub. Artıq gündəlik yoluxanların …