Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Aktual / Dönük mücahid, sapı çeçenlərdən olan balta, yoxsa Çeçenistanın xilaskarı?! – Ramzan Kadırovun siyasi portreti

Dönük mücahid, sapı çeçenlərdən olan balta, yoxsa Çeçenistanın xilaskarı?! – Ramzan Kadırovun siyasi portreti

Ramzan Əhməd oğlu Kadırov 1976-cı ildə Çeçenistanın ilk prezidenti Əhməd Kadırovun ailəsində anadan olub. 2007-ci il fevralın 15-dən Çeçenistanın rəhbəridir. Rusiya Federasiyasının Qəhrəmanı fəxri adına layiq görülüb. Polis general-mayorudur. “Vahid Rusiya” partiyası Ali Şurasının üzvüdür. Rusiyanın onlarla təltifinə layiq görülüb.

Kadırov Birinci çeçen müharibəsində atası ilə birlikdə federal qoşunlara qarşı vuruşub, lakin Xasavyurt sazişindən sonra ikinci müharibə başlayanda atası ilə birlikdə… rus hökumətinin tərəfinə keçib.

Birinci çeçen müharibəsindən sonra 1996-ci ildə o zaman çeçen müqavimət hərəkatının liderlərindən biri, Rusiyaya qarşı cihad elan etmiş atasının – İçkeriya Respublikasının müftisi Hacı Əhməd Kadırovunköməkçisi və şəxsi cangüdəni işləyib.

Yeri gəlmişkən, Əhməd Kadırov məşhur Şamil Basayev və Əhməd Gelayevin tövsiyəsindən sonra ölməz çeçen lideri Covhar Dudayevin sərəncamı ilə İçkeriyanın müftisi təyin edilmişdi.

Əhməd Kadırov və Çeçenistanın digər rəhbərləri 2004-cü il mayın 9-da Qroznıda Qələbə münasbətilə tədbirdə iştirak edərkən tribunada quraşdırlmış partladıcı işə düşdü və onunla bərabər daha yeddi çeçen rəsmisi həlak oldu.

Çeçen mücahidlərinin “Кавказ-центр” saytının 2006-cı il iyunun 15-də yaydığı məlumata görə, Şamil Basayev bu terakta görə məsuliyyəti öz üzərinə götürüb və bildirib ki, teraktın icraçısına 50 min dollar ödənilib.

Oğul Kadırov atası ölən günün səhərisi Çeçenistan respublikası hökuməti sədrinin müavini təyin edilib. Sonralar çeçen hökumətinin başçısı və nəhayət, 2007-ci ildə prezident Alxanov istefa verəndən sonra Rusiya prezidenti Putinin sərəncamı ilə Çeçenistanın prezidenti vəzifəsini müvəqqəti icra edən təyin edilib.

Kadırov yeni posta keçəndən sonra respublikada teraktların sayı 72,5% azaldı. Lakin “Memeorial” və “Human Rights Watch” qurumlarının məlumatına görə, Kadırov Çeçenistanda kollektiv cəza tətbiq edərək döyüşçülər “meşə”yə getdiyinə görə onların qohumlarının evlərini  yandırtdırdı.

Kadırovun hakimiyyəti dönəmində Çeçenistanda irimiqyaslı tikintilər aparılıb, dağılmış infrastruktur bərpa edilib. Bu işlərə sərf edilmiş vəsaitin 90%-i (120 milyard rubl) Moskvadan dotasiya kimi ayrılıb.

Kadırovun dediyinə görə, daha bir gəlir mənbəyi Rusiya Qəhrəmanı Əhməd Kadırov fonduna Rusiya və xaricdə çalışan çeçen iş adamlarının ianə kimi köçürdüyü pullardır.

Lakin başqa bir qaynağın məlumatına görə, çeçen hökumətinin məmurları hər ay maaşlarının bir qismini bu fonda köçürməyə məcburdurlar.

Putin və Kadırov, yaxud “Rusiya qanunlarının qüvvədə olmadığı ərazi”

Politoloqlar hesab edirlər ki, Putin “dönük mücahidi” Çeçenistanın başına qoyarkən iki amili əsas götürüb:

1. Atasını mücahidlərin qətlə yetirdiyi Kadırov qan qisasını yerdə qoymamaq üçün dudayevçilərə qarşı amansız şəkildə vuruşacaq. Putinin bu hesabı düzgün idi: Kadırov Şamil Basayevi özünün şəxs düşməni elan etmişdi və onu ovlamaq üçün dəridən-qabıqdan çıxırdı.

2. Rusiyanın digər subyektlərinə baxanda Çeçenistana sənəd üzərində yazılmamış “Kadırov müstəqilliyi” verildi ki, bu da federal qüvvələrə qarşı sərt addımların atılması ilə nəticələndi.

Çeçenistan DİN Rusiya mətbuatında Kadırovun “şəxsi ordusu” kimi dəyərləndirilir və qeyd olunur ki, bu, federal qanunlara ziddir. Bu kiçik diyarın güc strukturları hətta Moskvada da əməliyyat aparmaqdan çəkinmir.

Politloq Emil Pain Kadırov Çeçenistanını “müstəqil teokratik dövlət”, Moskvaya loyallıq göstərən, lakinəslində açıq qarşıdurmaya da hazır olan respublika sayır.

2014-cü ilin dekabrında 20 000-ədək çeçen polisi dünyanın istənilən nöqtəsində Rusiya prezidenti Putinin göstərişlərini yerinə yetirməyə hazır olduğu barədə raport yazıb. Lakin çeçen və federal xüsusi xidmətləri arasında tez-tez toqquşmalar baş verir. Çünki Kadırovun ətrafındakı bir sıra adamlar qalmaqallı qətllərdə şübhəli bilinir və onları həbs etməyə heç kim cürət edə bilmir.

2015-ci ilin aprelində Kadırov müşavirədə Stavropol polisinin  Çeçenistanda apardığı əməliyyatı şərh edərkən deyib: “Əməliyyat bizim xəbərimiz olmadan keçirilirsə, yerli ploislərin onları atəşə tutmağı lazımdır”.

Kadırovun sözləri Rusiya DİN və İstintaq Komitəsində hiddət doğurdu. Və … bundan o tərəfə keçmədi.

Bununla belə, Kadırovun siyasi bütü prezident Vladimir Putindir. O, Putin haqda deyir: “İstərdim ki, Putin ömrünün sonuna qədər prezident olsun. Onu o qədər güclü şəkildə çox sevirəm ki, ancaq kişi kişini bu qədər çox istəyə bilər. O, sözünün sahibidir, Çeçenistana sülh gətirib və Çeçenistanın xilaskarıdır, Çeçenistanda müharibəni qızışdırmış Yeltsin isə alkoqolik idi”.

Kadırov hesab edir ki, Putini tənqid edənlər adam deyil: “Onlar mənim şəxsi düşmənlərtimdir. Nə qədər ki, Putinin kölgəsi mənim üstümdədir, mən hər şey edə bilərəm. Allahu Əkbər!”

Kadırov Çeçenistan üçün müstəqillik sorağında olmadığını da bildirib: “Moskvadan yeganə xahişim budur ki, banditlərə qarşı mübarizə aparmağa imkan versin. Onlar İslamın və insanın düşmənidirlər. Onlara qalib gəlib müharibəni bitirmək istəyirəm”.

Kadırov bununla nə demək istəyir? Ölməz Dudayevin Çeçenistanın müstəqilliyi uğrunda apardığı mübarizə nə qədər əzəmətli və faicəvi olsa da, son nəticə etibarilə mənasız idi. Çünki bir milyonluq çeçen xalqının böyük bir imperiyaya qarşı silahlı mücadiləsi qaçlmaz məğlubiyyətlə nəticələnməliydi və bu labüdlüyün bir sıra obyektiv səbəbləri var idi. Bəlkə, Kadırov Moskvaya qarşı başqa bir mübarizə üsulu seçib?

Hər halda bu günki Çeçenistanla federal hökumətin münasibətləri kifayət qədər ziddiyyətlidir və önəmlisi budur ki, Moskvaya qarşı müqavimət bəzən komik, bəzən dramatik, bəzən də faciəvi çalar almaqla ən müxtəlif variasiyalarla bu gün də davam edir… Sonu nə olacaq? 

İslamın “keşiyində”

Kadırovun idarəçiliyindəki daha bir özəllik respublikanı islamlaşdırmağıdır. O, çıxışlarında tez-tez İslam şəriətini və dinin ayrı-ayrı qaydalarını müdafiə edir. Çeçenistanda “Çeçenistanın qəlbi” məscidini tikdirib və Rusiya İslam Universitetini açdırıb. Kadırov ənənəvi İslam sufizminin tərəfdarıdır və vəhhabiliyi (sələfiliyi) amansız şəkildə sıxışdırır.

2015-ci ilin yanvarında Parisdə “Charlie Hebdo” qəzetinin redaksiyasına məlum basqından sonra Kadırov Mixail Xodorkovskinin “heç bir nəşr peyğəmbərin karikaturası olmadan çıxmasın” çağrışına cavab olaraq Xodorkovskini “bütün müsəlmanların düşməni” adlandırıb əlavə etdi ki, İsveçrədə də “qaçqın cinayətkarı cavab verməyə çağıran” adamlar tapılar.

“Эхо Москвы” radiostansiyası Xodorkovskinin müdafiəsinə qalxarkən Kadırov eyni ismarıcı radioistansiyanın baş redaktoru Aleksey Venediktovun ünvanına göndərdi: “Radiostansiya əsas antiislam ruporuna çevrilib. Hökumət tədbir görməlidir, yoxsa Venediktovu intizama dəvət edənlər tapılar”.

Bu il Yanvaın 19-da Kadırovun təşəbbüsü ilə Qroznıda “Muhəmməd Peyğəmbərə sevgi və karikaturalara qarşı etiraz” mitinqi keçirildi. Müxtəlif məlumatlara görə, mitinqdə yüz minlərlə insan iştirak edib, respublikada isə qeyri-rəsmi istirahət günü elan edilib.

Kadırovun fikrincə, Rusiyanın əsas problemi alkoqol və doğuşun aşağı səviyyəsidir.

O istəyir ki, Çeçenistanda bütün qadınlar başıörtüklü gəzsin. Kadırov şəriqət qanunlarını pozan qadın və qızlara qırmızı kürələrlə atəş açmaq əmri verdiyini inkar edir və Rusiyalı gənclərin geyimi və həyat tərzini isə ümumiyyətlə qınayır: “Dumanın deputatları deyirlər ki, orta məktəbdə şagirdlərə prezerativ paylamaq lazımdır. Bu cür demokratiya nəyə lazımdır? Biz uşaqları məktəbə oxumağa göndəririk. Universitet – bilik məbədidir, “Dolce & Gabbana” çantalarını nümayiş etdirmək üçün yer deyil”.

Şübhəli qətllər, işgəncələr, təqiblər…

Yerli və xarici müşahidəçilər hesab edirlər ki, Ramzan Kadırov məhkəməsiz qətl və işəcələrin, cəzaların təşkilatçısı və iştirakçısıdır. Qətlə yetirilmiş jurnalist Anna Politkovskaya 2006-cı il oktaybrın 5-də son çıxışında bildirib ki, Kadırovun terrorçu cəsədləri kimi təqdim etdiyi meyidlər, əslində, öldürülmüş dinc sakinlərdir.

Kadırov çeçen mücahidlərə qarşı mübarizədə “kollektiv məsuliyyət” anlayışı tətbiq edir: “Rəsmən bildirirəm ki, valideynin övlada görə cavabdeh olmadığı dövr başa çatdı. Çeçenistanda cavab veriləcək! Yaraqlı polisi öldürsə, onun ailəsi həmişəlik Çeçenistandan sürgün olunacaq, ev-eşiyi isə yerlə yeksan ediləcək!”

Və kadırovçular bu bəyanatı dəfələrlə həyata keçiriblər.

Hüquq müdafiəçiləri deyirlər ki, Kadırovun Çeçenistanda ona qədər şəxsi həbsxanası var.

Bu da iddia olunur ki, Çeçenistanda və Rusiyada bir sıra qətllər Kadırovun sifarişi ilə həyata keçirilir.

Avstriyaya qaçmış keçmiş döyüşçü, Kadırovun cangüdəni olmuş Umar İsrailov bildirib ki, Kadırovda məhv edilməli olan üç yüz nəfər şəxsi düşməninin siyahısı var.

1. 2006-cı il oktyabrın 7-də jurnalist Anna Politkovskaya Moskvada öz evinin girişində qətlə yetirilib. Politkovskya Kadırov və onun çevrəsindəkilər haqda çoxsaylı tənqidi materiallarn müəllifi idi. Jurnalist mətbuata bildirmişdi ki, Kadırov onu ölümlə hədələyib.

2. 2006-cı il noyabrın 8-də Moskvada Çeçenistan polisləri FTX podpolkovniki Movladi Baysarovu maşından çıxarkən güllələdilər. Və sonda Moskva polisi hesab etdi ki, çeçenlər düzgün hərəkət ediblər.

3. 2009-cu il yanvarın 3-də Venada Umar İsrailov öldürüldü. Qətli araşdıran Avstriya prokurorluğu bildirdi ki, qətlin arxasında Ramzan Kadırov durur…

Bu siyahını uzatmaq da olar, lakin real mənzərə dəyişmir: Rusiya prezidenti Vladimir Putin Moskvaya qarşı məşhur Dudayev qiyamından sonra çeçen xalqının müqavimətini qırmaq üçün “sapı çeçenlərdən olan baltanı” – Ramzan Kadırovu bu xalqın başı üzərinə qaldırıb və səsini çıxardanı yerindəcə məhv etdirir…

Onun haqqında Fransanın “Le Monde” qəzet isə bugünlərdə aşağıdakı materialı yayıb:

Çeçenistan prezienti Ramzan Kadırov ağlına gələni edir və bunu hamı bilir. Çəhrayı köynəkli, boksçu gövdəli Kadırov sarayına toplaşmış adamları danlayır. Həddi-buluğa çatmamış qızla ondan otuz yaş böyük, həm də ailəli polis şefinin qalmaqallı toyundan bir müddət keçib. Çeçenlərin rəhbəri iştirak etdiy bu kədərli mərasimdən sonra yayılmış şərhlərə xeyli qəzəblənib.  Daim onun nəzarətində olan ailələrin həyatına qarışan Çeçenistan satrapının gözündən heç nə yayınmır.

2007-ci ildə Vladimir Putin tərəfindən bu balaca islam respubliksının başına qoyulmuş 38 yalı Ramzan Kadırov hamını idarə edir. Hər yerdə onun və atası Əhməd Kadırovun portretləri var. Çeçenistanda onun səltənəti qurulur – Quzey Koreyadakı idarəçilik kimi. Qroznıda vahimə hökm sürür.

İki rus-çeçen müharibəsinin izləri silinir, lakin vahimə qalmaqdadır. 20 min adamın – “kadırovçular”ın dəstəklədiyi prezident onsuz da güclü sarsıntılar yaşamış əhali üzərində mütləq hakimiyyətini təmin edib hökmranlıq edir.

Əlixan Əhmədov üzünü gizlətmədən həqiqəti deyən ilk şəxslərdən biri oldu: “Qorxmaqdan yoruldum, mən danışmaq istəyirəm”. Gənc polis qətli araşdırmağa başlayıb Kadırov tayfasına yaxın olan OMON komandirinə qarşı ittiham irəli sürməklə səhv buraxdı. Əlixan həbs edildi, işgəncəyə məruz qaldı. Bir il həbsxanada qaldı və ancaq bundan sonra azadlığa buraxıldı. Arası kəsilməyən təhdidlərə baxmayaraq, məhkəmənin ona təklif etdiyi 15 min rubl müavinətdən imtina etdi və ədaləti sübut etməyə çalışır. Keçmiş polis deyir: “Bu cür hadisələrdən xəbərim var, amma hamı bu barədə danışmağa başlasaydı, nə isə dəyişərdi, lakin adamlar öz həyatları ilə risk edirlər”.

Müharibə zamanı Çeçenistanda fəal şəkildə çalışan QHT-lər ya tamamilə yox olub, ya da hökumətin nəzarətinə keçib. Qroznıdakı həyat hətta ən cüzi təzahürləri ilə öz şefini “nümunə” adlandırıb mədh edən gənclər hərəkatına söykənən hökumətin amansızlığı ilə idarə olunur.

Qısa və yaxud uzun donlu qadınların azadlığı hökumət idarələrinin qapısı ağzında başa çatır: uzunqollu libas və hicab mütləq qaydadır.

Bu siyasətin zirvəsi polisin müəyyən edilmiş dress-koda əməl etməyən qızların baldırına peyntbol kürələri ilə atəş açdığı 2011-ci ilə düşür. Xoşbəxtlikdən bu cür üsulların tətbiqi çox çəkmədi.

Kadırovun üslubunu mənimsəmiş gənclər gəlincə, topuqdan yuxarı şalvarlar kimi bığsız saqqal da yasaq altındadır. Hökumətin fikrincə,  bunlar vəhhabiliyin nişanələridir. Digər tərəfdən, satışı ciddi şəkildə yasaqlanmış alkoqol yoxa çıxıb. Ramzan Kadırov özünün şəriət modelini təklif edir, pozduğu ənənələrin arxasında gizlənir və yan keçdiyi Rusiya qanunlarına nifrət edir.

Müəllimə ah çəkir: “Onun əlindən hər şey gəlir: rəqqasdır, inşaatçıdır və hamının bildiyi kimi, alimdir”.

Respublikada rüşvətxorluq ən yüksək həddə çatıb. Moskva bəzən çeçen rəhbərin hərəkətləri ilə bağlı narahatlığını nümayiş etdirir. Lakin əslində, Vladimir Putinin havadarının qorxacağı heç nə yoxdur. Ramzan Kadırov öz diyarında istədiyini etməyə ixtiyar var və bunu hər kəs bilir…”.

Strateq.az

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …

Bir cavab yazın