Bazar ertəsi , Sentyabr 16 2019
Ana səhifə / Aktual / “Direktorun ev dustaqlığı ilkin mərhələdir, başqa addımların da şahidi olacağıq” – HÜQUQŞÜNAS

“Direktorun ev dustaqlığı ilkin mərhələdir, başqa addımların da şahidi olacağıq” – HÜQUQŞÜNAS

Bakı şəhəri Səbail rayonu 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi, 2004-cü il təvəllüdlü Elina Hacıyevanın təhsil aldığı məktəbin üçüncü mərtəbəsindən özünü ataraq intihar etməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi üzrə başlanmış cinayət işinin istintaqı davam etdirilir. Məktəbin direktoru Sevinc Abbasova 15 aprel 2019-cu il tarixdə Cinayət Məcəlləsinin 143-cü (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunub. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 16 aprel 2019-cu il tarixli qərarı ilə S.Abbasova barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

İcitimaiyyət isə direktora verilən cəzanın yüngül olduğu qənaətindədir.

Ümumiyyətlə ev dustaqlığı hansı hallarda verilir?

Hüquqşünas Əliməmməd Nuriyev Modern.az-a deyib ki, hansı qətimkan tədbirinin seçilməsi barədə qərar məhkəmə tərəfindən verilir:


“Qətimkan tədbirləri prosessual məcburetmədir. Bununla bağlı Cinayət Prosessual qanunvericiliyində bir çox normalar – başqa yerə getməmək, zaminlik, həbs, ev dustaqlığı və s. nəzərdə tutulur.

Burada ilk növbədə cinayətin ictimai təhlükəlilik dərəcəsi nəzərə alınır. Eyni zamanda, təqsirləndirilən şəxsin şəxsiyyəti, ailə vəziyyəti, səhhəti, onun istintaqdan qaçıb gizlənmək, şahidlərə təsiretmə ehtimalı  və s. qiymətləndirildikdən sonra məhkəmə qətimkan tədbirlərindən birini seçir. Amma bir qayda olaraq, həbs qətimkan tədbirləri ağır və xüsusilə ağır cinayət törətmiş şəxslərlə bağlı qəbul edilir. Böyük ictimai təhlükəli sayılmayan cinayətlərdə isə cinayət prosessual tədbirləri, o cümlədən başqa yerə getməmək, ev dustaqlığı, girov götürülmə və s. qərarı verilə bilər.

İndiki halda isə direktora münasibətdə həmin cinayət az ağır cinayətlər kateqoriyasına daxildir. Şəxs məktəb direktoru olub, onun gizlənmək ehtmalı yoxdur. Şahidlərə təsiretmə məsələsinə gəlincə, artıq videoyazılar və fotolar, həkim rəyi, təcili yardıma çağırış və s. istintaq orqanına məlumdur və nəzərə alınacaq. Bu məsələ ilk növbədə Prezidentin, ictimaiyyətin, kütləvi informasiya vasitələrinin nəzarətindədir. Bu adi bir məsələ kimi qiymətləndirilə bilməz”.

Hüquqşünas qeyd edib ki, istintaqın gedişində əlavə faktlar ortaya çıxarsa, bu zaman direktorla bağlı məhkəməyə müraciət oluna bilər:

“Direktor tərəfindən müxtəlif üsullarla şahidlərin ələ alınması faktı qeydə alınarsa, Cinayət Məcəlləsinə yeni maddə əlavə edilə bilər. Bu situasiyadan asılı olan məsələdir. Düşünürəm ki, direktorun ev dustaqlığı ilkin mərhələdir, sonrakı prosesdə başqa addımların da şahidi olacağıq”.

Bakı Şəhər Prokurorluğunun məlumatına görə, aparılmış istintaqla 162 nömrəlıi məktəbin direktoru işləmiş Sevinc Abbasovanın xidməti vəzifələrini lazımı qaydada yerinə yetirməyib, vaxtaşırı olaraq özünə qapanan Elina Hacıyevanın ruhi-emosional vəziyyətinə xüsusi həssaslıqla yanaşmamaqla, ona psixoloji-mənəvi dəstək göstərilməsinə laqeyd münasibətinin ehtiyatsızlıqdan ölümünə səbəb olmasına, habelə hadisə baş verdikdən dərhal sonra təcili-tibbi yardım çağırılmasını vaxtında təmin etməyərək E.Hacıyevanı təhlükədə qoymasına dair əsaslı şübhələr müəyyən edilib.

Sevinc Abbasova 15 aprel 2019-cu il tarixdə Cinayət Məcəlləsinin 143-cü (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.

Bakı şəhəri Səbail rayon məhkəməsinin 16 aprel 2019-cu il tarixli qərarı ilə S.Abbasova barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Həmçinin oxuyun

“Nar” “Bilik günü”nü kənd məktəbliləri ilə birgə qeyd etdi

Elm və təhsilin inkişafına xüsusi önəm verən “Nar” “Bilik günü” münasibətilə daha bir uğurlu sosial …