Cümə , Dekabr 4 2020
Ana səhifə / Aktual / Diqqət: Şəbəkə biznesi Naxçıvanda da gəncləri “qurbana” çevirir

Diqqət: Şəbəkə biznesi Naxçıvanda da gəncləri “qurbana” çevirir

Son dövrlər geniş yayılan şəbəkə biznesi  cəmiyyətdə ciddi narahatçılıq doğurmaqdadır. Hətta, ortada insanların aldadılma faktları olduğu üçün bu cür əməllərə görə cinayət işi də açılır.

İşin məğzi bundan ibarətdir ki, şəbəkəyə daxil olan şəxslər məhsulu baha qiymətə aldıqdan sonra məhsulların satışına əlavə şəxslər cəlb edir, cəlb etdiyi hər şəxsə görə əlavə faiz alır, cəlb olunan şəxslər də yeni insanlar cəlb etməklə qazanc əldə etməyə çalışırlar. Nəticədə, piramidanın başında olan şəxslər külli miqdarda qazanc əldə etsələr də, aşağıda olan şəxslər fırıldaqçılığın qurbanına çevrilirlər.

Türkiyədə aparılan araşdırmalar zamanı bəlli olub ki, piramida sistemi ilə qurulan şəbəkə biznesində üzvlərin 83 faizi uduzur, yalnız 17 faiz udur. Udanlar şəbəkə biznesinin başında duran dələduzlar, uduzanlar isə onlara aldanmış sadə adamlardı. Türkiyədə təqribən 20 min insanın hər birindən müəyyən məbləğdə pul alan belə şirkətlərdən birinin  üst-üstə 15 milyon dollara qədər pulu mənimsədiyi bəlli olub. Məhkəmə zamanı insanlardan 570 dollarla 2500 dollar arasında pul alındığı   açıqlanıb.

Daxil olan məlumat əsasında Muxtar Respublika Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarının apardığı araşdırmalar nəticəsində məlum olub ki, son vaxtlar Naxçıvanda da bir neçə gənc sosial şəbəkələrdə aldadılaraq şəbəkə ticarətinin qurbanı olub. Xidmətdən naxcivantv.az-a bildiriblər ki, “Nwork” və “Jeunesse” adlı firmalar belə şəbəkələr yaradaraq gəncləri, xüsusən tələbələri müxtəlif üsullarla aldadır və özlərinə cəlb edirlər. Həmin gənclərdən biri olan Fəridə Həsənova (ad şərtidir) deyir ki,  onun kimi bir neçə rəfiqəsi də firmaya qeydiyyat üçün 250 dollar ödəyib:

“Bundan sonra firma gənclərin hər birinə altı ədəd tərkibi bəlli olmayan kosmetik krem göndərir. Gənclərə tapşırılır ki, həmin kremi ən aşağı 90 manata satsınlar. Üstəlik həmin gənclərə qazanclarına 15 faiz əlavə olunmaq şərtiylə yeni gənc qız və oğlanların da tapılıb bu işə qoşulması tapşırılır. Yəni hər qoşulan 250 dollar ilkin ödəniş edir, başda dayanan firma sahiblərinin cibi dolur, lakin bizim kimi ehtiyacları olan tələbələr, gənclər aldadılır”.

Məsələnin acınacaqlı tərəfi odur ki, aralarında daha çox tələbənin olduğu bu gənclərin valideynləri həmin kremləri borc pul taparaq sifariş ediblər. Həmin kremlər isə 3 aydır ki, pul ödəyən gənclərə göndərilməyərək dələduzluğa əl atılıb, pullar mənimsənilib.

Üstəlik bundan əvvəl həmin şirkətlər tərəfindən satış üçün göndərilən kremlər də baha olduğu üçün satılmayıb. Təbii ki, məqsəd burada mal satmaq yox, piramida üsulu ilə insanları cəlb etməkdir. Qısası,  ən azı hər kəs  öz yaxın ətrafını bu fırıldağa cəlb etsin-şəbəkəyə qoşsun.

Naxcivantv.az-a danışan  Həsən Kərimov adlı gənc ( ad şərtidir) deyir ki,  əvvəlcə sosial şəbəkələrdə tanımadığınız, ya da elə şəxsən  tanıdığınız biri sizi aldadıb şirin vədlərlə sistemə üzv etməyə çalışır. Üzv ola bilməniz üçün şirkətə məxsus hansısa zinət əşyası, yaxud sağlamlıq üçün lazım olan məhsul, ya da hansısa ölkədə qalmaq üçün pulsuz hotel xidmətini sifariş vermənizi tələb edilir. Özü də bunların sizə çox ucuz qiymətə başa gəldiyi deyilir. Yalnız real qiymətindən 5-10 dəfə baha olan bu məhsulları pul verib aldıqdan sonra şirkətə üzv ola bilirsiniz. Sonra üzərinizə üzvlər yazdırırsınız ki, onlar vasitəsilə pul qazana biləsiniz. Məsələn, min manat verib 1 qızıl zinət əşyası alırsınız, sonra üzərinizə 2 nəfər yazdırırsınız, yəni bu adamlar da məhsul alırlar. Beləliklə, 2 nəfərdən 250 manat əldə edirsiniz. Sonra üzərinizə yazılmış 2 nəfər hərəsi öz üzərinə 2 nəfər yazdırdıqda yenidən 250 manat qazanırsınız. Beləcə, sizə üzərinizə daha çox adam yazdırmaqla daha çox qazanacağınız vədi verilir. Təbii ki, siz də bu şirin vədlərə aldanaraq şəbəkə biznesinə qoşulursunuz. Düşünürsünüz ki, tanışlarınız çox olduğuna görə sizə adam yığmaq üçün bircə ay kifayətdir. Beləcə, sizə sosial şəbəkələrdə pul qazanmağa şirnikləndirənlər  istəklərinə nail olur.

“Hətta, elə adamlar tanıyıram ki, bu şirkətlərə qoşulmaq üçün bankdan faizlə götürdükləri borcu 2 il müddətinə güclə qaytardılar. İnternet vasitəsilə aldığın malı da bazarda satmaq istəyəndə ona aldığından 3-4 dəfə ucuz qiymət qoyurlar deyə, satmağa əlin gəlmir. Üzümü hamıya tutub deyirəm ki mənim düşdüyüm oyuna düşməyin, belə saxtakarlara aldanmayın”, – deyə Həsən bildirir.

Qeyd edək ki, Şəbəkə biznesi ilk dəfə ABŞ-da yaranaraq sonradan dünyanın müxtəlif ölkələrində yayılıb. Amma sonradan şəbəkə biznesində iştirak edənlərin böyük bir qisminin biznesi təşkil edənlər tərəfindən aldadılması və eyni zamanda sözügedən biznesində iştirak edənlərin əksəriyyətinin ziyanla üzləşməsi səbəbindən ABŞ-da bu fəaliyyət növü qadağan edilib. Bir müddət sonra inkişaf etmiş ölkələr də şəbəkə biznesi birmənalı şəkildə insanların aldadılmasına gətirib çıxardığından qadağan edilib.

Onda sual olunur: Əgər hesabların, sifarişlərin İnternet üzərindən aparıldığı bu fırıldaq biznesi ixtira edənlər ondan imtina ediblərsə, biz niyə hansısa dəllal və fırıldaqçının toruna düşməliyik?!

Həmçinin oxuyun

Bakı Qələbə paradına hazırlaşır – VİDEO

Azərbaycan Ordusunun 44 günlük Vətən Müharibəsindəki tarixi qələbəsi münasibətilə Bakıda möhtəşəm hərbi parad təşkil olunacaq. …