Bazar , Oktyabr 25 2020
Ana səhifə / Aktual / “Diqlas” yandı, “Lotos”da qiymətlər qalxdı – reportaj

“Diqlas” yandı, “Lotos”da qiymətlər qalxdı – reportaj

Alıcılara görə, ən çox uşaq geyimləri və gəlinliklərin qiymətində artım var…

Mart ayında yanğın baş verən “Diqlas” ticarət mərkəzinin söküntüsü sürətlənib. “Yeni Müsavat” xəbər verir ki, hazırda ticarət mərkəzinin yanmış binasının üst mərtəbələri sökülür. Yuxarı mərtəbələrə texnikalar qaldırılıb və onlar tikilinin beton layları üzərində hərəkət edərək, yuxarıdan aşağı olmaqla ticarət mərkəzinin qalıqlarını sökürlər.

Xatırladırıq ki, rəsmi açıqlamalara görə, binanın yanğından tam şəkildə mühafizə olunan sahəsi  275 kvadratmetr təşkil edib. Lakin sonradan ticarət mərkəzinin qalıqlarının tam sökülməsi ilə bağlı qərar verilib. Binanın ümumi sahəsi 17 559 kvadratmetr olub. Zərər görən sahibkarlara dövlət tərəfindən maddi yardım edilib. Belə ki, indiyədək mağaza, anbar icarəyə götürmüş zərər çəkmiş sahibkara – 10000 manat, piştaxta və digər sahə icarəyə götürmüş zərər çəkmiş sahibkara – 2000 manat vəsait ödənilib.

Sahibkarların bir qismi verilən məbləğdən narazı olsalar da, ümumilikdə onların əksəriyyəti “Lotos” ticarət mərkəzinin ətrafında piştaxta quraraq, ticarətlə məşğul olmağa davam edirlər.

Məlumat üçün onu da qeyd edək ki, “Lotos” ticarət mərkəzi yanan “Diqlas” ticarət mərkəzinin bir neçə metrliyində yerləşir.

Bəs hazırda həmin ticarət mərkəzində vəziyyət necədir? “Diqlas” yanğınından sonra “Lotos”da hansı dəyişiklik edilib?

Ticarət mərkəzinin içərisinə daxil olduğumuzda müşahidə etdik ki, əvvəlki aylarla müqayisədə hazırda içəridə müştəri problemi yaşanmır. Bu ticarət mərkəzində “Diqlas”dan fərqli olaraq tikinti materialları, elektronika avadanlıqları deyil, əsasən qızıl, geyim və uşaq üçün oyuncaqlar satılır. Ticarət mərkəzinin birinci mərkəzi qızıl mağazalarıdır. Burada işləyən satıcılar bildirdilər ki, toy mövsümü olduğu üçün müştəri baxımından əziyyət çəkmirlər: “”Diqlas”ın yanmasının bizə ciddi təsiri yoxdur. Çünki orada qızıl satılmırdı. Ancaq ümumilikdə götürəndə, qış ayları ilə müqayisədə ticarət yaxşıdır. Qiymətlər də ötən aylarla müqayisədə yüksək deyil”.

Ticarət mərkəzinin ikinci mərtəbəsində geyimlər satılır. Satıcılar bildirdilər ki, kişi geyimləri bölümündə alver yaxşı getsə də, qadın və uşaq geyimlərinin satışı aşağıdır.

Alıcılarla da söhbət etdik. Bildirdilər ki, “Diqlas”da yanğın baş verdikdən sonra “Lotos”un satıcıları qiymətləri qaldırıblar. Akif Axundov adlı alıcı bildirdi ki, xüsusilə də uşaq geyimlərində qiymətlər yüksəlib: “Yanğından öncə ”Diqlas”ın arxa hissəsində piştaxtalar qurub, paltar satırdılar. İndi həmin ərazi məhv olub. Nəticədə “Lotos”da da qiymətlər qaldırılıb. Adicə oyuncaqları götürsək, üzbəüz mağazalarda olan eyni oyuncaq buradakından bir neçə manat ucuzdur. Məsələn, uşaq velosipedləri çöldə 80 manatdırsa, içəridə 100 manatdır. Süni şəkildə qiyməti qaldırıblar”.

“Lotos”un yuxarı mərtəbəsində gəlinlik paltarları satılır, tikilir, icarəyə verilir. Bu mərtəbədə olan alıcılar da bildirdilər ki, qiymətlərdə artım var: “Onsuz da burada olan mağazalarda qiymətlər yüksək idi. İndi daha da yüksəldilib. ”Diqlas”da yanğın baş vermədən öncə burada 300 manata verilən gəlinlik, indi 350 manata icarəyə verilir”.

Gəlinlik paltarlarının icarədarları və digər satıcılar isə deyilən ittihamları qəbul etmədilər. Bildirdilər ki, qiymətlərin qalxması malın maya dəyərinin artması ilə bağlıdır…

Bəs ticarət mərkəzi yanğından necə mühafizə olunur?

Məlum olduğu kimi, “Diqlas”ın yanma səbəbi kimi ticarət mərkəzinin qarşısında olan dönərxananın alışması göstərildi. Bildirildi ki, alov ticarət mərkəzinə dönərxanadan keçib. Hazırda “Lotos”un da qarşısında xırda obyektlər fəaliyyət göstərir. Bu obyektlərin ləğv ediləcəyi bildirilsə də, hələ ki qeyd edilən istiqamət üzrə hansısa addım atılmayıb.

Ticarət mərkəzinin tavanında isə yanğına qarşı xüsusi cihazların quraşdırıldığının şahidi olduq. Bildirildi ki, bu cihazlara alov dəydiyi zaman avtomatik olaraq ətrafa su səpilir və yanğın lokallaşdırılır. Cihazlar sıx olmasa da, bütün mərtəbələrin tavanlarında quraşdırılıb. Lakin divarlarda təxliyə planı, çıxışları göstərən işarələrə rast gəlmədik. Bundan əlavə, yanğın əleyhinə olan balonlar da gözə dəymirdi…

Həmçinin oxuyun

Vilayət Eyvazovdan yeni təyinat – Kamran Əliyevi o əvəz etdi

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Kamran Əliyevin yerinə təyinat olub.“BakuPost”un …