Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Aktual / DİN və Baş Prokurorluq Qusarda “tok” vuran yeniyetmə ilə bağlı məlumat yaydı

DİN və Baş Prokurorluq Qusarda “tok” vuran yeniyetmə ilə bağlı məlumat yaydı

Fevralın 1-də itkin düşmüş Qusar rayonu Bədirqala kənd sakini, 2006-cı il təvəllüdlü Əmrah Əmrahovun axtarılıb tapılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində onun meyiti fevralın 3-də saat 16 radələrində yaşadığı evdən təxminən 1 km kənarda fərdi təsərrüfata aid sahədə yüksək gərginlikli transformator otağında aşkar edilib.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətlərinin virtualaz.org-a verilən birgə məlumatına görə, prokurorluq və polis əməkdaşları dərhal hadisə yeri və meyitə “Azərişıq” ASC-nin səlahiyyətli nümayəndələrinin, məhkəmə-tibbi ekspertinin iştirakı ilə baxış keçiriblər.

İlkin məlumata görə, mərhumun ölümünə səbəb elektrik cərəyanı vurması olub.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə müvafiq ekspertizalar təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda cinayət işi üzrə bütün halların tam və hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

**17:58

Qusarda iki gün öncə itkin düşən uşağın meyiti tapılıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Bədirqala kənd sakini, 2006-cı il təvəllüdlü Əmrahov Əmrah Narulla oğlunun kənd ərazisindəki transformatorun içində meyiti tapılıb.

Onu elektrik vuraraq öldürüb. Onunla birgə yanında it də olub, həmin it də ölmüş vəziyyətdə olub. Hazırda hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerində araşdırma aparırlar.

Ə.Əmrahov fevralın 1-də axşam saatlarında yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

*   *   *15:30

Qusarda 14 yaşlı yeniyetmə itkin düşüb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan virtualaz.org-a verilən məlumata görə, Qusar rayonu Bədirqala kənd sakini, 2006-cı il təvəllüdlü Əmrahov Əmrah Narulla oğlu cari ilin fevral ayının 1-də axşam saatlarında yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Ə.Əmrahovun əlamətləri belədir: Boyu 155-160 sm., orta bədən quruluşlu, qısa saçlı, sağ qaşında xırda çapıq var. Azərbaycan və ləzgi dillərində sərbəst danışır.

Evdən çıxan zaman onun əynində qara idman şalvarı, qara qısa gödəkcə və qara rəngli idman papağı olub.

Şəkildə gördüyünüz yeniyetməni tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Qusar Rayon Polis Şöbəsinə və 023-385-28-22 şəhər nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …