Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Aktual / “Digər mal və xidmətlər də bahalaşacaq” – EKSPERT

“Digər mal və xidmətlər də bahalaşacaq” – EKSPERT

“Gözlənildiyi kimi suyun qiyməti artırıldı. Artım bu dəfə 100% oldu. Yəni suyun qiyməti 2 dəfə bahalaşdı. Bundan sonra suyun hər kubmetri üçün kanalizasiya ilə birlikdə “Azərsu”ya 1 manat ödəyəcəyik. Ailə üzvlərinin sayı 5 nəfər olan, ancaq sayğacı olmayan abunəçilər isə ayda hökumətə 25 manat ödəməli olacaqlar. Şübhəsiz ki, yanacağın ardınca içməli suyun bahalaşması əhalinin xərclərini daha da artıracaq. Onların onsuz da son aylar azalmış gəlirləri isə real inflyasiyanın (hökumətin elan etdiyi yox) yeminə çevriləcək. Proses zəncirvari olduğundan qiymət artımı təkcə gündəlik istehlak mallarını yox, həmçinin qiymətləri dövlət tərəfindən tənzimlənən digər mal və xidmətlərin bahalaşmasını da şərtləndirəcək. Bu artımın ardınca elektrik enerjisinin, qazın qiymətinin bahalaşması artıq zaman məsələsidir”.

Bunu ekspert Samir Əliyev deyib.


S.Əliyev Tarif Şurasının qiymətin bahalaşması ilə bağlı əsaslandırmasını da şərh edib: “Tarif Şurasının yanacaqda olduğu kimi bu dəfə də əsaslandırması qüsurludur. Məsələn, Şura qeyd edir ki, artımn səbəblərindən biri də elektrik enerjisi xərclərinin artımıdır. Məlumat üçün deyim ki, “Azərsu” ASC-nin son qiymət artımından sonra elektrik enerjisi xərcləri 40% artıb. Bu müddətdə Səhmdar Cəmiyyət üzrə əmək haqqı fondunun artımı 30% olub. Belə olan halda suyun qiyməti niyə 100% artırılır? Deməli, səbəb bu deyil.


Əsl səbəb isə bu cümlədə əksini tapıb: “Tarif dəyişikliyi nəticəsində “Azərsu” ASC-nin dövlət büdcəsindən asılılığı azalacaq…” Bu vaxtadək tənzimlənən qiymətlərin artırılması dövlət büdcəsindən asılılığın azaldılması ilə izah edilib. Ancaq bunu hələ də görmürük. Büdcədən milyardlarla vəsait kommunal sektora yönəldilir, asılılıq isə bitmir. Ona görə bitmir ki, kommunal xidmət göstərən şirkətlər şəffaf işləmir, ictimaiyyət üçün qapalıdır, idarəetmə səmərəsizdir. Qiymətin 2 dəfə artırılması da asılılığı azaltmayacaq. Yenə də 2-3 ildən sonra bugünkü əsaslandırmanı göstərməklə qiymət artımına gedəcəklər.


Şuranın sonuncu əsaslandırması abonentlərin sayı 200 mindən çox artması, “Azərsu” ASC tərəfindən həyata keçirilən su təchizatının əhatə dairəsi 50%-dən 70%-ə, fasiləsiz su təchizatı isə 65,6%-dən 70,5%-ə yüksəlməsi ilə bağlıdır. Əvvəla əhatə dairəsinin artımı birmənalı olaraq dövlət vəsaitləri hesabına baş verib. “Azərsu” abunə pulu ilə infrastruktur yaratmayıb. Digər tərəfdən abunəçilərin sayının artması “miqyas effekti” yaradır. Yəni abunəçi sayı artdıqca suyun maya dəyəri də azalır. Nəzərə alaq ki, “Azərsu” kəndlərə, xüsusən də ucqar kəndlərə xidmət göstərmir, ancaq rayon mərkəzlərini su ilə təmin edir”.

“Kommunal xidmətlərdə bu vaxta qədər baş vermiş artımlar 2015-ci ildə baş vermiş devalvasiyanın fəsadlarıdır və proses başa çatmayıb. Əgər növbəti devalvasiya baş verərsə, kommunal xidmətləri bahalaşması yenidən baş verəcək” – ekspert əlavə edib.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …