Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / Deputatlar və media kapitanları Elina üçün bir araya gəldi

Deputatlar və media kapitanları Elina üçün bir araya gəldi

İntihar olayının necə işıqlandırılması müzakirə olundu

Aprelin 11-də Beynəlxalq Mətbuat Mərkəzində “İnformasiya mühitində uşaq və yeniyetmə hüquqlarının qorunması: mövcud yanaşmalar və tələblər” mövzusunda təşkil olunan konfrans keçirilib.

Tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov hadisə haqqında məlumat verərək, mediada intihar olayına iki yanaşmanın olduğunu vurğulayıb. Onun sözlərinə görə, bəzi mətbuat orqanları media etikasına riayət etməyin tərəfdarı olsa da, bəziləri baş verənləri bütün detalları ilə işıqlandırmağa çalışır. Ə.Amaşov bu məsələdə qanunvericiliyə istinad edilməsinin də zəruriliyini vurğulayıb.

Deputat Fazil Mustafa isə qeyd edib ki, mətbuatın nəyi verib-verməməsi müzakirə edilməməlidir: “Mətbuat azaddır, hər bir informasiyanı verə bilər, yetər ki, bu xəbərin verilməsində cinayət tərkibi olmasın. Bu məsələdə təkcə məktəbi günahlandırmaq  olmaz, bütövlükdə cəmiyyətin problemidir. Doğrudur, məktəblərdə də problem var. Ancaq cəmiyyətdə də müəyyən problemləri qeyd etmək lazımdır. Ən tanınmış çay evlərinə belə qəlyan tüstüsündən girmək olmur, əksəriyyət də yeniyetmələrdir. Bunun sonu əlbəttə ki, intihara aparır. Valideyn və məktəb arasında problem bəzən ona görə yaranır ki, müəllim valideynin qorxusundan məktəbli haqqında neqativ heç nə deyə bilmir. Biz dəfələrlə məsələ qaldırdıq ki, məktəblərin qarşısında 200 metrliyində qəlyanxanalar olmasın, dənə ilə siqaret satılmasın. Ancaq yığışdıra bilmədik. Nəzərə alaq ki, mətbuat, televiziya tərbiyə verən orqan deyil, xəbər verən orqandır. Kimisə tərbiyələndirmək, cəzalandırmaq medianın işi deyil”.

F.Mustafa həmçinin direktorun işdən çıxarılmasını doğru hesab etmədiyini bildirib: “Direktor 2 min nəfər şagirdə necə nəzarət eləsin. Hərəsi bir evdən gəlir, hərəsinin ayrı-ayrı psixologiyası var. Problemin həlli üçün məktəb-valideyn münasibətləri bərpa edilməlidir. Müəllimlərlə valideynlər arasında hər gün telefon əlaqəsi olmalıdır. Müəllimin dəyərini qaldırmalıyıq, statusunu qaldırmalıyıq”.

“Valideyn övladını təkcə məktəbin üzərinə atmamalıdır. Biz də media olaraq məktəbi qaralamalı deyilik”.  Bu sözləri isə “Yeni Müsavat” qəzetinin baş redaktorunun birinci müavini Azər Ayxan konfransda çıxışı zamanı səsləndirdi: “Elə bir dövrdə yaşayırıq ki, sosial media bizim həyatımıza daxil olub və peşəkar media sosial media ilə yarışır. Bəzən fərqinə varmadan sosial media ilə bir yarış içindəyik. Bəzi xəbərləri sosial şəbəkə ilə yarışaraq veririk, filan xəbər sosial şəbəkədə yayılıb, tez onu xəbərə çevirək. Bunun nəticəsində belə xəbərlərin yayılması meydana çıxır. Bir çox inkişaf etmiş Avropa ölkələrində intihar, zorlama, qəza və sair kimi olaylar mediada, hətta sosial mediada belə yayılmır. Cəmiyyətlə media arasında bir anlaşma var”.

A.Ayxan vurğuladı ki, ortada bir yeniyetmə qızın ölüm faktı var, bu hər birimizi üzür: “Bizim də o yaşlarda övladlarımız var. Məsələyə bir qədər də övladını itirmiş valideynin gözüylə baxmalıyıq. Övlad elə bir varlıqdır ki, insan onun üçün ölümə də gedər. Övlad haqlı da olsa, haqsız da olsa, valideyn onun uğrunda savaşa girməyə hazırdır. Növbəti belə hadisələrin baş verməməsi üçün biz də çalışmalıyıq. Cəmiyyətin öndəgələn insanlarıyıq, bizim üzərimizə çox ciddi məsuliyyət düşür. İctimai fikrin yaranmasında ciddi rolumuz var. Ona görə də təkcə öz övladlarımızın problemi olanda yox, digər gənclərin problemi olanda da biz bir media rəhbəri, ictimai xadim, deputat olaraq kömək etməliyik. Biz ”Yeni Müsavat” olaraq dəfələrlə vətəndaşlara birbaşa köməklik etmişik. Vətəndaş sonuncu ümid yeri olaraq “Yeni Müsavat”ın redaksiyasına üz tutub, hansısa məmurun haqsızlığı ilə üzləşib, problemi işıqlandırmışıq, məsələ həllini tapıb”.

A.Ayxan bildirdi ki, valideynlər övladlarına nəzarət etməlidilər: “Bütün məsuliyyəti məktəbin üzərinə atmamalıdır. Əgər övladının məktəbdə problemi yaranıbsa, özü direktorla, müəllimlə təmasa keçməlidir”.

ONA informasiya agentliyinin direktoru Vüsalə Mahirqızı da vurğulayıb ki, dövlət məktəblərinə qarşı bu cür fobiyanın yaranması qəbulolunmazdır: “Baş vermiş hadisə çox pis hadisə olsa da, yaxşı olan odur ki, bu,cəmiyyəti silkələyə bilib. Tanınmışların, ictimai institutların, sadə insanların bu hadisəyə belə reaksiyası çox yaxşı haldır və intiharın kütləviləşməsinin qarşısını alır. Dünyada intiharın ən çox olduğu ölkələr Skandinaviya ölkələridir ki, onların əksəriyyəti inkişaf etmiş ölkələrdir. Həm medianın, həm də dövlət qurumlarının məsələyə münasibətində yanlışlıqlar var. Təhsil Nazirliyinin, Ailə Qadın və Uşaqların Problemləri üzrə Dövlət Komitəsinin məsələyə reaksiyası operativ olmalı idi”.

V.Mahirqızı vurğuladı ki, istənilən halda bu məsələdə ailənin məsuliyyəti var: “Uşağa müəllim də nəsə deyə bilər, məktəbdə problem də ola bilər, bunların hamısı intihara aparmalı deyil. Burada ailədə baş vermiş hadisələrin ciddi təsirləri var. Ancaq direktorun yanaşması da problemlidir. Məktəblərdə psixoloq məsələsi ciddi problemdir”.

Media rəhbəri vurğuladı ki, mediada bir davranış kodeksi olmalıdır: “Uşağın intihar anının videosunun mediada yayılması doğru deyil. İstintaq materialları mediada yayılmamalıdır…  Məsələ araşdırılmalıdır, direktordan tutmuş səhiyyə işçilərinə qədər bu məsələdə günahı olan hər kəs cəzalanmalıdır”.

“Kaspi” qəzetinin təsisçisi, Milli Teleradio Şurasının üzvü Sona Vəliyeva təlim-tərbiyə işində məktəblə valideynin birgə çalışmasının zərurətini vurğuladı: “Hər birimiz valideynik, hamınızın övladı var, onlar bizim canımız-ciyərimizdir. Ancaq bir məsələ də var ki, bu hadisələrin baş verməsində əsas səbəb ailələrin məktəblə təmasının güclü olmamasından irəli gəlir. Biz də məktəblərlə işləyirik.  Məktəbin məsuliyyətini üzərinə götürən direktorla valideyn eyni məsuliyyət daşıyır, eyni ağırlığı çiynində hiss etməliyik.  Bu çox vacib məsələdir. İdeal övlad böyütmək bizim əsəblərimizdən, sinirlərimizdən keçir. Səbirlə, təmkinlə onların tərbiyəsinə çalışırıq, başa salmağa çalışırıq. Bu ağırlığın bir ucu da məktəb direktorlarının, məktəbdə təlim-tərbiyə işləri ilə məşğul olanların üzərindədir. Mən özüm də bu işin içindəyəm. Keçmişdə bir rayonda prokuror işləmiş bir adamın qız nəvəsi məktəbə telefonla gəldi. Biz isə dedik ki, olmaz,  telefonu ondan aldıq kənara qoyduq. Növbəti dəfə daha bahalı bir telefonla gəldi. Babası ilə söhbət apardıq, babası dedi ki, o, mənim həyatımdır, canımı da istəsə verərik. Biz isə dedik ki, axı onun evini yıxırsınız. Siz onun tərbiyəsində bizə yardımçı olmalısınız. Bu məsələdə əlimizdən tuta bilməsəniz belə barmağımızdan tutun. Məktəblərin sizin arzuladığınız kimi övlad böyütməsini istəyirsinizsə, o zaman hər birimiz heç olmasa həftənin bir gününü məktəbə getməliyik, sinif rəhbəri ilə maraqlanmalıyıq”.

S.Vəliyeva vurğuladı ki, məktəb və ailə sıx ünsiyyətdə olmalıdır: “Uşaqlarınızın sosial şəbəkədə kiminlə əlaqə qurduğuna, kiminlə yazışdığına diqqət edin. Müəllimlər də, valideynlər də uşaqlarla dost olmalıdırlar. Uşaqlar sirlərini onlara deməlidir, çəkinməməlidir. Hesab etməlidir ki,  müəllimlər də, ata-ana da onların dostudur. Qızlar anası, oğlanlar atası ilə dost olmalıdır. Hər bir sinif rəhbəri hər bir uşaqla dost olmalıdır. Məsələni psixoloqların üstünə atırıq. Əvvəllər psixoloqlar yox idi, sinif rəhbərləri hər şey edirdi. Ailə-məktəb-şagird üçbucağı düzgün qurulmalıdır”.

Tədbirdə millət vəkili Aydın Mirzəzadə, jurnalist Azər Həsrət, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu, Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov və digərləri də çıxış edərək bənzər fikirlər səsləndirdilər. Medianı bu cür xəbərlərin tirajlanmasında həssas olmağa səslədilər.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …