Cümə axşamı , Oktyabr 29 2020
Ana səhifə / Aktual / Deputatlar üçün qadağa: mandatdan məhrum edilmə proseduru asanlaşdı

Deputatlar üçün qadağa: mandatdan məhrum edilmə proseduru asanlaşdı

Fazil Mustafa: “Daha real xarakter daşıyan məhdudlaşma forması təqdim olunur”

Deputatlara hədiyyə alma ilə əlaqədar məhdudiyyətlər qoyulur. Bununla bağlı “Milli Məclisin deputatının etik davranış qaydaları haqqında” Qanuna yeni 10.3-cü maddə təklif edilir.

Yeni təklif olunan maddəyə görə, qanunsuz olaraq maddi və sair nemətlər, imtiyazlar və güzəştlər təklif olunduğu hallarda deputat onlardan imtina etməlidir.

Bütün bunlar deputata ondan asılı olmayan səbəbdən verilərsə, o, bu barədə Milli Məclisin İntizam Komissiyasına məlumat verməlidir.

Hazırki qanunvericilikdə isə belə bir maddə yoxdur.
“Milli Məclisin deputatının etik davranış qaydaları haqqında” qanuna dəyişiklik parlamentin oktyabrın 30-da keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Hazırki qanunvericiliyə görə, “- deputat xidməti vəzifələrinin qərəzsiz icrasına təsir göstərə bilən və ya bu cür təsir təəssüratı yaradan və ya vəzifələrinin icrası müqabilində mükafat qismində verilən və ya bu cür mükafat təəssüratı yaradan hədiyyələri özü və ya digər şəxslər üçün tələb edə və ya qəbul edə bilməz. Bu qayda xidməti vəzifələrin qərəzsiz icrasına təsir göstərməmək şərti ilə, qonaqpərvərliklə bağlı olan və dəyəri “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunda nəzərdə tutulmuş məbləği (55 manat) keçməyən hədiyyələrin təqdim olunduğu hallara şamil edilmir.

– Deputat hədiyyənin qəbul edilməsi ilə bağlı qərara gələ bilmədikdə bu məsələyə dair Milli Məclisin İntizam komissiyasının rəyini öyrənməli və ona əsaslanmalıdır”.

“Yeni Müsavat”a danışan deputat Fazil Mustafa bildirib ki, qanunvercilikdə korrupsiya ilə bağlı dəyişikliklər əvvəlcədən də olunub:
“Məncə, burada narahatedici xüsusi bir məqam yoxdur. Çünki deputatlar öz fəaliyyətlərində diqqətli olmalıdır. Hansısa şəkildə müəyyən korrupsiya, rüşvət elementi ola biləcək hədiyyəni qəbul etmək məsələsində daha korrekt davranmalıdırlar. Ona görə də bu məsələnin ciddi problem yaradacağını düşünmürəm. Bunun mandatdan məhrumetmə və başqa məsələlərə təsir gücü ola bilər. Ancaq bütövlükdə bu, o qədər də zərərli tendensiya, maddə deyil. Çünki həqiqətən də deputatlar bu məsələdə bilməlidirlər ki, cəmiyyətin seçilmiş şəxsləridirlər. Onlar bu cür məsələlərdə çox həssas davranmalıdırlar”.

Deputat bildirib ki, buna hansısa zərurət səbəb olmayıb:
“Sadəcə olaraq, qeyd etdiyim kimi, bu qanun əvvəlcədən müzakirə edilərək, qəbul olunmuşdu. İndi isə digər normativ aktlarda da öz əksini tapır. Burada hansısa yenilik yoxdur. Məsələ korrupsiya ilə bağlı qanunlarda var idi və digər qanunlara da köçürülür. Digər xarici ölkələrdə də bu məsələlər var. Sadəcə olaraq konkret maddələr üzrə orada bir qədər fərqlilik mövcuddur. Ancaq korrupsiya ilə, hədiyyələrlə bağlı kifayət qədər ciddi məhdudlaşdırıcı maddələr var. Əvvəllər prosedur belə idi ki, daha çox seçicinin geri çağırması ilə deputatın mandatı əlindən alına bilərdi. İndi isə bu institut bizdə mövcud deyil. Ona görə də belə formada müəyyən dərəcədə korrupsiya və başqa elementlərlə mandatdan məhrumetmə proseduru önə çıxmağa başlayıb. Əslində bu, qanunvericiliyin deputat fəaliyyəti ilə bağlı yanaşmasının dəyişməsi deməkdir. Bu motivlərin qabarması ilə daha çox intizam xarakterli fəaliyyətə görə deputatın mandatdan məhrum edilməsi önə çıxarılır. Əvvəllər isə deputatın müəyyən geri çağırılma proseduru önə çəkilirdi ki, bu da formal xarakter daşıyırdı. İndi daha real xarakter daşıyan məhdudlaşma forması təqdim olunur”.

Həmçinin oxuyun

“Dəmir Günbəz”i azərbaycanlı dostlarımızla bölüşməliyik” – Sabiq səfir

Biz “Dəmir Günbəz” sistemini azərbaycanlı dostlarımızla bölüşməliyik. Bunu İsrailin Azərbaycandakı sabiq səfiri Artur Lenk “Twitter” …