Ana səhifə / Aktual / Deputatlar ruslardan narahat deyil: “Büstlərinin qarşısında heykəllər qoyacağıq”

Deputatlar ruslardan narahat deyil: “Büstlərinin qarşısında heykəllər qoyacağıq”

Xəbər verdiiymiz kimi, Rusiya sülhməramlılarının Qarabağdakı hərbi düşərgəsinin ərazisində Rusiyanın tarixi və mədəniyyətinin 10 görkəmli xadiminin büstlərinin qoyulduğu “Rusiya Şöhrət Xiyabanı” açılıb.Layihədə silsilə xiyabanlar salınması nəzərdə tutulur.Bəs sual olunur: sülhməramlıların müvəqqəti yerləşdiyi ərazidə bu abidə və büstlərin qoyulması, xiyabanların salınması nələrdən xəbər verir?
Məsələ ilə bağlı millət vəkili Aqil Abbas Bakupost.az-a bildirib ki, bu, sülhməramlıların təxribatıdır:

Orada sadəcə 5 il qalmaq üçün sənədlər imzalanıb. Həmin tarix bitəndən sonra gedəcəklər. Qaldı ki, orada olan büstlərin qoyulmasına, biz büst, abidə dağıtmağı xoşlamırıq. Həmin abidələrin önündə onlardan da gözəl, yəni bəstəkarlarımızın, alimlərimizin, şəhidlərimizin, milli qəhrəmanlarımızın abidələrini də biz orada qoyacağıq. Bu məsələ bir az sülhməramlılarının elədiyi təxribatdır. Amma sülhməramlılar gəldikləri kimi də gedəcəklər. Biz Şuşaya Azərbaycan bayrağını sancmışıqsa, deməli, hər yerdə bayrağımız dalğalanacaq. Cənab Prezident əli ilə Xankəndini göstərib dedi ki, ora da bayraq sancacağıq. Eyni zamanda Rusiya sülhməramlı kontingentinin ilk komandanı Rüstəm Muradov bir maşın medal gətirib. Muradovun orada nə işi var? Millətimiz belə şeyə görə narahat olmasın. Onlar cavablarını alacaqlar”.
Millət vəkili Fazil Mustafa bildirib ki, büstlərin qoyulmasının hər hansı bir şəkildə Azərbaycana təhdid yaradan tərəfi yoxdur:
“Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazidə Rusiya tarixi və mədəniyyətinin görkəmli simalarına büst qoyulması, mədəni komponentləri qabardılması, əslində, bu prosesi ümumi mədəni tədbirlər istiqamətində apardıqlarını göstərir.
Çünki orada olan yazarlar, düşüncə adamları yaxud da sərkərdələrlə bağlı Azərbaycanda problemli məsələ yoxdur. Bizdə də Puşkin adına müəyyən yerlər, orada nəzərdə tutulan şəxslərin müəyyən bir hissəsinin abidəsi var. Yəni, sovet dövründən qalan miras olaraq büstləri qoyulub. Rusiya ədəbiyyatının nəhəngləri olduğuna görə hər hansı bir problem bizdə yaranmır”.

Millət vəkili vurğulayıb ki, ümumilikdə bu, məsələnin Azərbaycanın razılığı alınmadan edilməsi yanlış bir addımdır:

“Bu kimi məsələləri mütləq Azərbaycanla məsləhətləşib etməlidirlər. Təbii ki, Azərbaycan buna müəyyən dərəcədə icazə verəcək. Çünki söyədiyim kimi Rusiya hərbi birliklərinin burada sülhməramlı funksiyasından başqa bir funksiyası yoxdur və ola da bilməz. Əgər bunun başqa niyyətlərlə edilməsi aydın olarsa, o zaman Azərbaycan tərəfi bu məsələdə öz mövqeyini bildirəcək. İndiki vəziyyətdə hələ ki, sülhməramlılar burada fəaliyyət göstərirlərsə, hər hansı bir şəkildə bu məsələdə bir narahatçılıq üçün əsas yoxdur. Əgər orada bir erməni abidəsi, Azərbaycana qarşı müəyyən bir mesajlar verilməsi düşünülərsə, o zaman Azərbaycan öz sərt mövqeyini bildirəcək və bunun aradan qaldırılmasına çalışacaqdır. Eyni zamanda bu ərazidə Rusiya sülhməramlılarının Azərbaycanla razılaşmadan hansısa bir addımlar atmağına da imkan verməməliyik. Çünki onların mandatı Azərbaycandan asılıdır. Rusiya sülhməramlıları Azərbaycanda bu kimi fəaliyyətləri genişləndirsələr, onların bölgədə yerləşməsi ilə bağlı məsələdə Azərbaycan özünün sərt mövqeyini ifadə edəcək. Amma indiki vəziyyətdə buna əsas və lüzum yoxdur”.

BakuPost

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …