Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Aktual / Deputatın daha bir borcu üzə çıxdı – 240 min dollar

Deputatın daha bir borcu üzə çıxdı – 240 min dollar

Millət vəkili Rafael Cəbrayılovun daha bir şəxsə külli miqdarda borcu olduğu üzə çıxıb.

Bu, Yusif Orucov adlı həkimdir. Yusif həkim Rafael Cəbrayılovun “borc qalmaqalı” barədə mediada yazılanları oxuduqdan sonra özü ilə bağlı problemi də ictimailəşdirmək qərarına gəlib və KİV-ə üz tutub.

O bildirib ki, 2015-ci ildə Rafael Cəbrayılova 240 min ABŞ dolları verib: “Biz Rafael Cəbrayılovun Binəqədidə tikdiyi binanın birinci mərtəbəsindən qeyri-yaşayış sahəsi almaq istəyirdik. Bu pulu da onun üçün vermişik. Lakin bir neçə aydan sonra aldandığımızı başa düşmüşük”.

Onun sözlərinə görə, dəfələrlə Rafael Cəbrayılovla əlaqə saxlasa da, pulu geri ala bilməyib. “Əvvəllər “bu gün-sabah” deyirdi. Amma sonradan təhqir və təhdidlərə başladı. Təhqiramiz formada deyirdi ki, pulum yoxdur, nə istəyirsən məndən?!” deyən Yusif həkim məsələ ilə bağlı bir sıra dövlət qurumlarına və yüksək vəzifəli şəxslərə müraciət etdiyini bildirib…

Şikayətçi məsələ ilə bağlı məhkəməyə müraciət etməyib. Yusif Orucov bunu belə izah edib: “Əvvəla, məhkəməyə müraciət etməyə vaxt yoxdur. Həm də düşündüm ki, müraciət etdiyim şəxslər problemi həll edər. Amma indi baxıram ki, artıq bu məsələ ictimailəşib. Xeyli adama borcu varmış. Yəqin ki, mən də pulumu geri almaq müəyyən hüquqi addımlar barədə düşünəcəm”.

Yusif Orucov KİV-ə bağlanmış müqavilənin surətini və kassa mədaxil qəbzini də təqdim edib. Sənədlərdən aydın olur ki, müqavilə Yusif Orucovun xanımı ilə Rafael Cəbrayılovun qardaşı Rauf Cəbrayılovun təsisçisi olduğu “Binəqədi-İnşaat” MMC-nin direktoru Aqil Mirqasım oğlu Talıbov arasında bağlanıb. Aqil Talıbov Rafael Cəbrayılovun bacısının həyat yoldaşıdır. Müqavilədən aydın olur ki, Orucovlar ailəsinə ödədikləri 240 min ABŞ dolları müqabilində Binəqədi rayonu, 8-ci mikrorayon, Ş.Məmmədova küçəsi, ev 8-in birinci mərtəbəsində 100 kvadratmetr qeyri-yaşayış sahəsi verilməli imiş…

Xatırladaq ki, Milli Məclisin deputatı Rafael Cəbrayılov borca görə məhkəməyə verilib. Belə ki, 9 sentyabr 2015-ci ildə R.Cəbrayılov deputat vəsiqəsini girov qoyaraq 2015-ci ildə 300 min ABŞ dolları məbləğində borc alıb. Borcun qaytarılmadığını görən Fətəliyeva Təranə Rasim qızı Abşeron Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə 15 fevral 2019-cu ildə iddiaçının xeyrinə qətnamə qəbul edib.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …