Çərşənbə , İyun 19 2019
Ana səhifə / Aktual / Deputatdan prezident yanında ictimai şura yaratmaq təklifi

Deputatdan prezident yanında ictimai şura yaratmaq təklifi

Zahid Oruc: “İctimai şura informasiya məkanında təhlükəsizliyi təmin edəcək fəaliyyətin proqramlarını hazırlamalıdır”

Dünyada ədəbiyyatların, tarix kitablarının, filmlərin, eləcə də hüquqi araşdırmaların, məhkəmə aktlarının daha çox kütləviləşdiyi dövr birinci və ikinci dünya müharibələri zamanı olub. İndi siz təsəvvür edin ki, bu illərdə hazırkı müasir kommunikasiya vasitələri olaydı. Dövrün mənzərəsi bütövlükdə dəyişə bilərdi, hadisələrin ictimai, siyasi yönü ayrı istiqamətə gedərdi, idarəetmənin özünün prinsipləri dəyişərdi.

Deputat Zahid Oruc mühacir adı ilə Avropaya gedib müasir kommunikasiya sistemlərinin verdiyi imkanlardan istifadə edib oradan Azərbaycana, hakimiyyətə qarşı hər gün ittihamlar yağdıranların informasiya müharibəsini neytrallaşdırmağın yolu kimi yeni təklif irəli sürüb.

“Yeni Müsavat”a açıqlamasında Zahid Oruc bildirdi ki, bu gün kommunikasiya inqilabı idarəetmə sisteminə yeni yanaşmaları tələb edir. Belə olan təqdirdə biz düşünməliyik ki, klassik yanaşmalar işləmir. Hər gün dünyada informasiya məkanında baş verən bu sürətli yeniliklərə rəğmən yeni sistemdə çevik metodları tətbiq eləmək lazımdır:“Baxın, ABŞ-da hər gün Donald Trampın çevrəsində olan qüvvələrin məhkəmə çəkişmələrinə məruz qaldığını görməkdəyik, orada 20-30 il əvvəlki dövrə görə adamları çarmıxa çəkirlər və bu yolla Trampı öz çevrəsindən məhrum edirlər, komandasını sarsıdırlar, komandanın vahid bir güc halına gəlməsinə imkan vermirlər. Belə olan təqdirdə biz başa düşməliyik bu fenomen dünya üzərindədir. Hər bir dövlət özü kənar məkanlara, ələ keçirmək istədiyi ölkələrə bu qeyd etdiyim reseptlərdən nə qədər istifadə edərək yararlanırsa, eləcə də ölkə daxilində özü həmin problemlərin qarşısındadır. Bugünkü fenomen sosial şəbəkələr və YouTube kanalıdır. Biz başa düşməliyik ki, bunun, sadəcə, seyrçisi olarsansa, oradan aldığın zərbələr öz-özlüyündə sənin ictimai dayaqlarına təsir eləmiş olur. Mən bunu hər bir orqana aid edirəm. Biz görməkdəyik ki, xaricə mühacir adı ilə gedən bir sıra şəxslər getdikləri ölkələrdə ələ alınıblar. Xaricdən ölkəmizə qarşı cəbhə açanların başlıca  niyyəti ölkə içərisində hakimiyyətin dayaqlarını müəyyən mənada zərbə altına almaqla vətəndaş toqquşmaları doğurmaq, xaos yaratmaq, ölkənin iqtisadi sərvətlərini hansısa dövlətlər üçün açmaq və sairdir. Məsələn, Qurban Məmmədov Londona gedib və oradan hər gün məhz bu niyyətə xidmət edən fikirləri yağdırır. Qurban Məmmədov əgər Londonda bunun əvəzinə bir Qarabağ kanalı yaratsaydı, Azərbaycanın maraqları üçün çalışmalar etsəydi, bunları həyata keçirə bilərdimi? Xeyr. Ona bunun üçün xaricdə kimsə maddi yardım etməyəcəkdi. Amma Azərbaycana qarşı hərəkətlərə çox asanlıqla yardım əldə edə bilirlər. Onun hər gün ölkə rəhbərliyinə qarşı həyata keçirdiyi informasiya təxribatına meydanı var. Onlar gündəlik tezislər alırlar, konkret mərkəzlərdən idarə olunurlar. Onların hərəkətlərinin arxasında dayanan maliyyə resursları var. Ona görə də bu investisiyanı onlara yatıranların mübarizəsini əngəlləmək üçün ölkə başçısı yanında xüsusi bir ictimai şura yaradılmalıdır”.

Deputat hesab edir ki, həmin ictimai şurada hər bir qurumdan təmsilçilər yer almalıdırlar. İctimai şura informasiya məkanında təhlükəsizliyi təmin edəcək fəaliyyətin proqramlarını hazırlamalıdır: “Biz bilməliyik informasiya müharibəsinin qarşısına çox ciddi sistemli iş mexanizmi ilə çıxmalıyıq. YouTube-da Azərbaycanın maraqlarını müdafiə edən bir neçə kanal yaranmalıdır. Bu fəaliyyəti biz oraya keçirməliyik, o resursda yerləşməliyik. O cümlədən sosial şəbəkələrdə. Sadəcə, arada bir-iki məmurun, bir neçə deputatın hücumlara cavabı ilə biz bu hücumların təsirini tam heçə endirə bilməyəcəyik. Yuxarıda irəli sürdüyüm təkliflərin reallaşması, məncə, kontrmüqavimətin qurulmasına gətirib çıxaracaq və ciddi effekt görünəcək”.

Həmçinin oxuyun

“Övladım əlimdən getdi, borcun içində də batıram”- sabiq müstəntiqin işi

Dələduzluqda ittiham edilən sabiq müstəntiq hakim önünə çıxarılıb. Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində …