Cümə axşamı , Dekabr 2 2021
Ana səhifə / Aktual / Deputat: “Tənqidi qəbul etməyən məmurların troll dəstəsi var” – “Bu, eynən ərköyünlük kimi bir şeydir”

Deputat: “Tənqidi qəbul etməyən məmurların troll dəstəsi var” – “Bu, eynən ərköyünlük kimi bir şeydir”

Tənqidi sevmək və qəbul etmək indiki dövrdə hər məmurun, nazirin, deputatın işi deyil.

Bu gün cəmiyyətimizdə neçə nazir və ya məmur tənqidə açıqdır?

Amma tərif və ya mədh məzmunlu yazıları yazanı da, yayımlayanı da özlərinə “dost” elan edirlər. Hər tədbirlərində yerləri yuxarı başda olur. Vay o gündən ki, hansısa ən kiçik məmurdan kiçicik tənqid yazasan, o saat çevirilirsən, asi düşmənə. Nə sənə açıqlama verir, nə tədbirlərə dəvət edir, dərhal da yazının, hətta sosial şəbəkədə yazılan rəyin silinməsini tələb edirlər.

Əslində, insan faktoru olan yerdə mütləq şəkildə problem və bu problemi çözmək üçün sağlam tənqid olmalıdır. Bizim məmurlar isə yuxudan duran kimi qəzetlərdə, saytlarda, internet resurslarında özləri barədə mədhiyyə oxumaq istəyirlər.

Bu istək nədən doğur? Yalançı tərif və ya həqiqi tənqid işgüzarlıq göstəricisidir? Yaxud, cəmiyyət tənqidlə ya təriflə inkişaf edir?

Mia.az xəbər verir ki, Milli Məclisin deputatı Aqil Abbas Modern.az-a açıqlamasında məsələyə münasibət bildirərkən, Nikita Xruşovun sözünü yada salır:

“Tənqid hamamdakı kisə kimidir. Nə qədər çox tənqid olarsa, sən daha da təmiz olarsan. Bu Xruşovun sözüdür. Tənqid olmasa cəmiyyətdə, dünyada heç nə düzəlməyəcək”.

Deputat məmurların tənqiddən qorxduğunu vurğulayıb:

“Mən bütün haqlı tənqidi qəbul edirəm, oxuyuram. Çoxları bu gün tənqiddən qorxur. Əslində bu sual məncə onlara verilməli idi. Mən heç vaxt tənqiddən çəkinməmişəm, qorxmamışam. Amma haqsız tənqid olanda hirslənirəm. Məmur, yüksək vəzifə sahibi tənqid olunan halı aradan qaldırmalı, düzəltməlidir. Saçı pis görsənirsə, güzgünü vurub qırmalı deyil, saçını düzəltməlidir. Tənqidə qarşı çıxmaq güzgünü vurub qırmaq deməkdir”.

A.Abbas bildirib ki, tənqidi qəbul etməyən məmurların troll dəstəsi var:

“Troll məsələsi bu gün çox ciddidir. İndi hamısının trollu var. Sən istədin, istəmədin o trollar sənə, yazdığın yazıya qarşı çıxacaqlar. Hər yerdə, sosial şəbəkələrdə insanları sənə qarşı yönəldəcəklər. Tərifli yazıları paylaşıb yaymaqla, guya rəhbərlərini işgüzar kimi qələmə verirlər. Cəmiyyətin və dünyanın inkişafı üçün tənqid mütləq və vacibdir”.

Tənqidə qarşı dözümsüz olmaq uşaqlıqdan alınan tərbiyə ilə bağlıdır

Psixoterapevt Elmir Əkbər tənqidi qəbul etməməkdə vəzifənin deyil, uşaqlıq travmasının önəmli olduğunu bildirib:

“Ola bilər ki, yüksək vəzifədə olan biri tənqidi sevir və ya əksinə, heç bir vəzifəsi olmayan insan tənqidi qəbul etmir. Bu, eynən ərköyünlük kimi bir şeydir. Məsələn, bəzi insanlar elə bilirlər ki, ərköyünlük ancaq varlı ailələrin uşaqlarına məxsusdur. Amma deyərdim ki, bu belə deyil. Kasıb ailələr var ki, uşaqları çox ərköyündür.

Tənqidə münasibət də insanın təbiətindən, xarakterindən, şəxsiyyətinin quruluşundan asılıdır. Tənqidə qarşı dözümsüz olmaq uşaqlıqdan alınan tərbiyə ilə bağlıdır. Bəzi ailələr övladını həddindən artıq tənqid edir və insan bundan travma alır. Bəzi ailələr övladlarını yersiz yerə ancaq tərifləyirlər. Hər iki halda insan böyüyəndə tənqidə qarşı dözümsüz olur. Ən əsası uşaq vaxtı çox danlananlar böyüyəndə tənqidə qarşı dözümsüzlük nümayiş etdirirlər. Kimsə onları haqlı yerə tənqid edəndə belə, onlar uşaq vaxtı valideynlərinin onun danlamasını xatırlayır.

Ömrü böyu səhvi göstərilməyən, ərköyün böyüyən uşaqlarda da tənqidi qəbul etmək vərdişi yoxdur. Ona görə də valideynlər övladlarına balanslaşdırılmış, psixoanalitik bir tərbiyə verməlidirlər. Uşaqlara körpə yaşından uduzmağı, tənqidi qəbul etməyi öyrətmək lazımdır. Ən əsası da tənqiddən doğru nəticə çıxarıb, öz səhvlərini görməyi bacarmalıdılar. Çünki tənqidə qarşı dözümsüz olan insanın gələcəkdə inkişafı olmayacaq. Tənqid bizim səhvlərimizi düzəldib, daha da inkişaf etməmiz üçün lazımdır”.

Həmçinin oxuyun

Helikopter qəzasına görə məsuliyyət kimindir və kimlər cəzalanmalıdır? – Ekspertlər

Ötən gün Dövlət Sərhəd Xidmətinin (DSX) Mi-17 tipli hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya …