Şənbə , Noyabr 28 2020
Ana səhifə / Aktual / Deputat: “Sırf millət vəkili olduğum üçün kimsə mənə 100-200-300 manatlıq hədiyyə verməz”

Deputat: “Sırf millət vəkili olduğum üçün kimsə mənə 100-200-300 manatlıq hədiyyə verməz”

Adil Əliyev: “Bu gün Milli Məclisdə insanlarımız var ki, parlamentə avtobusla gedib-gəlirlər”

“Mən qərargahımda otururam. Aidiyyatı olmayan məsələlərlə bağlı müraciət edirlər. Bəzən bir insana öz şəxsi kanalların hesabına yardım edirsən. İkinci dəfə o yardımı edə bilməyəndə artıq pis adam olursan”.  

Bu sözləri musavat.com-un Facebook üzərindən gerçəkləşdirdiyi canlı yayıma qatılan deputat Adil Əliyev bildirib. Onun sözlərinə görə, məhz bu səbəbdən də problemlərin həlli ümumilikdə bütün insanlarımızı əhatə etməlidir.

Əməkdaşımızın “siz seçicilərin problemlərini bir qayda olaraq şəxsi imkanlar hesabına həll edirsiz” sualına cavabda A.Əliyev bildirib ki, şəxsi imkanlar deyəndə təkcə öz maddi durumun hesabına nəyisə həll etmək nəzərdə tutulmur:“Biz şəxsi əlaqələr hesabına yardım etməyi nəzərdə tuturuq. Ən azı insanlara da göstərmək lazımdır ki, mən bunu etmək istəyirəm. Millət vəkillərinin hamısının statusu bu gün eynidir, onlara eyni gözlə baxılır. Onlara deyən yoxdur ki, sən bu problemi qaldır, o biri problemi isə qaldırma. Əksinə, parlamentin sədri də, Ali Baş Komandanımız da hər zaman məmurlarla bağlı problemlərin qabardılmasını, səsləndirilməsinin tərəfdarıdır. Əgər səndən əvvəl bu problemi iki nəfər deyibsə, eyni şeyi üçüncü dəfə demək yanlış anlaşılır, pafosa çevrilir. Kimsə orda danışmırsa, bu, o demək deyil ki, məsələlərə biganədir və ya onu qabartmır”.

Müsahibimiz eyni zamanda parlamentdə danışmayan, mövqe bildirməyən həmkarları ilə bağlı da danışdı. Dedi ki, millət vəkilləri bu gün xalq tərəfindən seçilib və xalqın böyük məsələlərinin həlli ilə məşğuldurlar: “Ola bilər ki, seçiciləri az-az görür. Amma o insanlar beynəlxalq təşkilatlarda Azərbaycanımızı təmsil edirlər. Bu gün beynəlxalq təşkilatlarda təmsil olunan, bir neçə dil bilən millət vəkilləri var. Onlar mötəbər tədbirlərə gedirlər. Bu zaman bizim millət vəkilləri ordakı millət vəkillərindən fərqlənməməlidilər. Mən MDB dövlətləri üzrə parlamentlərarası assambleyanın üzvüyəm. Ora gedəndə Azərbycan nümayəndə heyəti 2-3 ulduzlui oteldə qalırsa, Ermənistan parlamentinin deputatı gedib 5 ulduzlu oteldə qalır. Bu baxımdan millət vəkilləri deyiblər ki, millət vəkillərinə ayrılan xərclər artırılsın. Burada təkcə məvacibin artırılmasından söhbət getmir ki… Bu cür detallar da önəm daşıyır. Dövlət əhəmiyyətli tədbirlərin parlament səviyyəsində, yüksək standartlarla keçirilməsi üçün də büdcədən ayırmalar lazımdır. Bu baxımdan millət vəkilləri maaşlarının artırılmasını istəyir. Təbii ki, heç bir millət vəkili orda şəxsi mənafeyini qorumur. Mən parlamentimizlə qürur duyuram. Orda elə millət vəkilləri var ki, onlar doğurdan da Azərbaycanımızı dünya miqyasında təmsil edirlər, doğurdan da ölkəmizi sevən əsl insanlardır. Böyük bir məktəb, akademiyadır. Hər şey ola bilər. İnsanlarımızı qane etməyə bilər”.

A.Əliyev dövlət məmurlarına, millət vəkillərinə verilən hədiyyə barədə gedən müzakirələrə də toxundu. Bildirdi ki, millət vəkili olduğu üçün ona heç kim hədiyyə vermir: “O insana hədiyyə verilir ki, onun əlində rıçaqları olsun və ya hansısa məsələnin həllində qanuna göz yumsun, ona da hədiyyə verilsin. Millət vəkilləri bu gün xalqın mənafeyini qoruyur. Ona insanlar nə hədiyyəsi verəcək? Bu günə qədər mənə ancaq dostlarım ad günlərimdə hədiyyə verə bilər. Amma onlar mənə sırf millət vəkili olduğum üçün nəyə görə 100-200-300 manatlıq hədiyyə verməlidir? Bu gün Milli Məclisdə insanlarımız var ki, parlamentə avtobusla gedib-gəlirlər. O insanlar o hədiyyələri, hansısa məmurdan ala bilsəydi, avtobusla gəlməzdi. Bu gün artıq pulun heç kimə ziyanı yoxdur. Amma bu məsələnin müzakirəsi mənasızdır. Çox adam yazır ki, ay millət vəkilləri neftin, qazın pulunu yedi. Mən bilmirəm, o necə olur. Harda, necə yeyirlər?”

Müsahibimiz barəsində yayılan yanlış fikirlərə də aydınlıq gətirdi. Deputatın sözlərinə görə, onun “bu gün kəndlilər işləmək yox, dövlətin neftinin-qazının pulunu istəyirlər” sayaq fikirləri yayılıb ki, bu da həqiqəti əks etdirmir: “Bu, yanlış fikirdir. Mən öz kəndimizdə olanda, qonum-qonşudan soruşmuşam ki, toyuq-cücə saxlayırsızmı? Yox, bunlar yumurtanı dükandan alır. 10 toyuq saxlamağa nə şərait? Mən bunu nəzərdə tutmuşam”.

P.S. Müsahibənin tam videoversiyası ilə musavat.com saytında tanış ola bilərsiz.

Həmçinin oxuyun

“Onun psixi problemləri var” – Erməni generaldan Paşinyana CAVAB

“Nikol Paşinyan psixi pozuntulardan əziyyət çəkir. O, ordunun, müharibənin, nəyin nə vaxt olduğunu bilmir”. Azinforum.az …