Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / Aktual / Deputat Rüstəm İbrahimbəyovu həm qınadı, həm müdafiə etdi

Deputat Rüstəm İbrahimbəyovu həm qınadı, həm müdafiə etdi

Elmira Axundova: “Bu film dediyimiz qədər də dəhşətli deyil, əgər doğrudan da antiazərbaycan ruhda çəkilsəydi, əgər məhz belə çirkin məqsəd güdsəydi, ermənilər çoxdan onu təbliğ edərək dünyaya yayardılar”

Rüstəm İbrahimbəyovun “Qafqaz üçlüyü” filmi ətrafında müzakirələr davam edir. Filmdə yer alan Azərbaycan əleyhinə səhnələrə görə bir sıra şəxslər kinorejissorun fəxri adlardan məhrum edilməsi barədə təşəbbüslər çıxış ediblər və hətta məhkəməyə müraciət etmək niyyətindədirlər.

Bu yaxınlarda prezidentin fərmanı ilə “Xalq yazıçısı” fəxri adına layiq görülmüş deputat Elmira Axundova film ətrafında gedən müzakirələrlə bağlı fikirlərini “Yeni Müsavat”a bildirib. “Qalmaqal başlayanda və jurnalistlər məndən filmə münasibət bildirməyi xahiş edəndə, filmə internetdə diqqətlə baxmağa məcbur oldum. Əvvəla, sizə deyim ki, film zəif çəkilib, aktyor oyunu da çox zəifdir. Mən öyrəndim, bu filmi 3 il qabaq Moskvada cəmi bir dəfə kinoteatrda göstəriblər, 600 nəfər baxıb, 32 min rubl da yığılıb. Ondan sonra heç yerdə göstərilməyib”-deyə, E.Axundova deyib. Yazıçı-deputatın sözlərinə görə, bu fakt filmin səviyyəsindən xəbər verir: “Biz isə istər-istəməz onu reklam etmişik. Bu, məsələnin bir tərəfi. Digər tərəfdən, mənə elə gəlir ki, bu film dediyimiz qədər də dəhşətli deyil. Əgər doğrudan da antiazərbaycan ruhda çəkilsəydi, əgər məhz belə çirkin məqsəd güdsəydi, ermənilər çoxdan onu təbliğ edərək dünyaya yayardılar. Amma onlar bu filmi soyuqqanlılıqla, sükutla qarşıladılar”.

Картинки по запросу Elmira Axundova

E.Axundova digər məqamı da vurğuladı: “Bəli, filmdə bizim heysiyyatımıza toxunan, ədalətsiz epizodlar var. Lakin eyni zamanda baş qəhrəmanlar Fərhad və erməni uşağını öz oğlu kimi böyüdən Kamil erməni obrazından qat-qat üstündürlər. Onlar erməni Edikdən qat-qat yaxşı, daha pozitiv görünürlər. Ermənini zəif bir aktyor, Yuri Stoyanov oynayır, özü də çox primitiv oynayır. O, əslində kloun, şoumen, komikdir. Və öz qəhrəmanını da təbiətinə uyğun oynayır. Bəlkə rejissorun tələbi idi bu, bilmirəm. Əslində erməni xarakterinin təcəssümüdür: ermənilər gözə kül üfürən, öz həyatlarından şou, operetta yaratmağa çalışan, qaşınmayan yerdən qan çıxartmağa bacaran xalqdır. Moskvaya gələn oğlunu yenidən Bakıya göndərir ki, get ora, soyadını dəyiş, çünki sən ermənisən. Oğlu soruşur, axı nəyə görə? Nəcib bir səbəb olsaydı, Ediki başa düşmək olardı. Yox, səbəb ondadır ki, Fransadan bir qadın qohumu Edika miras qoyacaq, əgər o, oğlunun sənədlərini ona göstərəcəksə. Görünür, Edikin maliyyə problemləri var. Bu, nə deməkdir? Deməli, Kamil erməni uşağı 30 il ərzində azərbaycanlı kimi böyüdüb, adam edib, aktyor səviyyəsinə çatıb, 30 ildən sonra isə erməni deyir “sənin atan mənəm, get, öz soyadını dəyiş. Çünki mənim problemim var və Fransadakı qohumum onu həll edə bilər”. Həm gülməli, həm dəhşətlidir”.

“Ermənistan-Azərbaycan davasının yüksək səviyyəli bədii təsvirini Cəlil Məmmədquluzadə öz “Kamança”sıyla verib. Bunun üçün gərək Mirzə Cəlil kimi dahi olasan…”

Xanım deputatın sözlərinə görə, Edikin obrazında əslində ermənilərin eqoistliyi nümayiş etdirilir: “Mən bu ermənidə bircə dənə də yaxşı cəhət görmədim. Bunun əksinə olaraq dostu Fərhad, Kamil və onun ailəsi çox alicənab, mərhəmətli, təmkinli görünürlər. Müzakirələr zamanı belə fikirlər səsləndi ki, guya bu filmdə bütün azərbaycanlılar qorxaq və qəddardırlar. Mən bununla da razı deyiləm. Erməni uşağını öz uşağı kimi böyüdən Kamilmi qorxaqdır? Ya öz karyerası, sevimli işi hesabına gənclik dostluğuna sadiq qalan Fərhad? Yaxud da maşınını saxlayan və erməni oğlanın köməyinə çatan naməlum azərbaycanlı qoca? O ki qaldı Edika, o bəlkə də cəsarətli, amma başsız insandır və belə ağılsızca etdikləri hər iki xalqın başına – təkrarçılığa görə üzr istəyirəm – çoxlu müsibətlər gətirib. Yeri gəlmişkən Edik filmdə göründüyü kimi iridodiaqnostdur, gözə baxaraq diaqnoz qoyur. Bu peşənin sirrini o, ancaq Bakıda öyrənə bilərdi, çünki SSRİ-də iridodiaqnostikanın əsaslarını və güclü məktəbi akademik Zərifə xanım Əliyeva yaradıb. Deməli, keçmiş bakılı Edik onun şagirdidir və Moskvada da onun ənənələrini davam etdirir. Loru dilində desək, bizim çörəyimizi yeyir”.
Bununla belə, E.Axundova filmlə bağlı bəzi tənqidi fikirləri bölüşdüyünü vurğulayıb: “Eyni zamanda razıyam ki, filmdə Bakını, onun mühitini düzgün göstərmirlər, boyaları tündləşdiriblər. Görün nə qədər erməni axır zamanlar şəhərimizə gəlir – deputatlar, jurnalistlər, idmançılar! Hamını da qəbul edirik. Bax bu epizodlara mən etiraz edirəm”.

Картинки по запросу rüstəm ibrahimbəyov

E.Axundova Rüstəm İbrahimbəyovun fəxri adlarının geri alınması barədə təkliflərə etirazını bildirdi: “Yox, onun adının geri alınmasının da əleyhinəyəm. Ümumiyyətlə, kampaniyaçılığın əleyhinəyəm. Necə olsa, onu bütün dünyada tanıyırlar, Rusiyada hörməti böyükdür. Bir də ki, yaşlı, ağır xəstəliyə düçar olmuş insandır. Mərhəmətli olmalıyıq. Biz onu tənqid etdik, öz sözümüzü dedik, iradlarımızı bildirdik, bununla kifayətlənməliyik. Dayanmaq lazımdır…”

Amma xanım deputat hesab edir ki, bu hadisələr digər yazıçı, ssenarist, rejissorlara dərs olmalıdır: “Rüstəmin özü və müdafiəçiləri deyir ki, film iki xalqı barışığa yönəldir, barışığa çağırır. Əgər sən belə bir missiyanı üzərinə götürürsənsə, onda qat-qat talantlı, qat-qat möhtəşəm əsər yaratmalısan. Çox böyük bir məsuliyyət hiss etməlisən. Elə etməlisən ki, xalqın heysiyyatına toxunmasın, bu mövzuda elə yazmaq, elə filmlər çəkmək lazımdır ki, xalq küsməsin, səni başa düşsün. Axı, Azərbaycan xalqının dərdi böyükdür, yaralarında hələ də qan damır. Ona görə mən Rüstəm İbrahimbəyovun “Xalq yazıçısı” adının geri alınmasının əleyhinəyəm, amma onu da deyirəm ki, ay Rüstəm müəllim, sən niyə bu işlərə qarışırsan? Gah siyasətə qarışırsan, gah kinoda siyasi mövzulara toxunursan. Bütün cəhdlərin də uğursuzdur. Başqa mövzu qalmayıb?! O ki qaldı Ermənistan-Azərbaycan davasının yüksək səviyyəli bədii təsvirinə, onu Azərbaycan ədəbiyyatında bir adam eləyə bildi – Cəlil Məmmədquluzadə öz “Kamança”sıyla. Amma bunun üçün gərək Mirzə Cəlil kimi dahi olasan…”

Həmçinin oxuyun

Hadrutda qalmış erməni qadın: “Məni zirzəmidə qazsız, susuz, çörəksiz qoydular” — VİDEO

“Mən, Babayan Jenya Pavlovna 21 mart 1935-ci ildə anadan olmuşam. Biz həmişə azərbaycanlılarla birgə yaşamışıq. …