Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Aktual / Deputat “qanuni oğru”lara rəğbətdən narazıdır- cəmiyyət niyə onları qəhrəman edir?

Deputat “qanuni oğru”lara rəğbətdən narazıdır- cəmiyyət niyə onları qəhrəman edir?

Xalq kütlələrinin kriminal avtoritetlərə hörmətinin səbəbi; Əhəd Məmmədli: “Türmədə cavanlar onlara biət edir”

“Rövşən Lənkəranski ilə həmkəndliyəm, haradasa qohumluğumuz çatır, hələ atası, babası ilə şəxsi münasibətlərimiz vardı, amma bunun məsələyə aidiyyəti yoxdur.  Məsələn, bu gün mətbuatı açanda az qala hər yerdə qarşımıza ”Lotu Quli” haqqında xəbərlər çıxır. Lotu Quli olub Brejnev, Reyqan…

O nə edib axı? Biz niyə onu gənclərimiz, uşaqlarımız üçün təbliğ edirik? Bu, hansı normaya uyğundur? Mən belə şeylərin təbliğinə doğru baxmıram”.

Deputat Cavanşir Paşazadə teleqraf.com-a açıqlamasında belə deyib. Onun sözlərinə görə, gənclər arasında qanuni oğruların qəhrəman kimi təqdim olunması doğru yanaşma deyil.

C.Paşazadənin hardasa fikirlərini qəbul etmək olar. Amma xalq kütlələri arasında “lotu”ların, kriminal avtoritetlərin böyük hörmətə malik olmasının, qəhrəman kimi təqdim edilməsinin əsas səbəbi onların “aşağı”lara etdikləri yaxşılıqlardır.

“Rövşən Lənkəranski”, “Lotu Bəxtiyar”, “Sabirabadlı Hikmət”, “Masallı Mamed” kimi mərhum avtoritetlərin sevilməsi, rəğbətlə qarşılanması məhz kasıblara, işsizlərə, darda olan adamlara köməklik göstərmələridir.

Ona görə “qanuni oğru” adı daşıyan bu şəxslər barəsində kitablar çap olunur, həmin romanlar “bestseller”ə çevrilir, onların həyat yolu gənclik tərəfindən nümunə kimi qarşılanır, hətta onların yolunu getmək istəyənlərə, özlərini “lotu”lara oxşatmaq arzusunda olanlara rast gəlinir.

Bunun bir səbəbi də haqsızlıqla üzləşən insanların imdadına Lənkəranski, Quli kimi “qanuni oğrular”ın çatması olub. Yəni insanlar hansısa dövlət məmuruna, görkəmli alimə, siyasi liderə yox, məhz kriminal avtoritetlərə simpatiya bəsləyir.

Məsələn, bəzən tənqidlər səslənirdi ki, cəmiyyət “Lənkəranski”nin ölümünə göstərdiyi diqqət və sayğını  dünya şöhrətli alim Lütfi Zadə vəfat edəndə nümayiş etdirmədi. Bu, həm də sözə əməl olunması ilə əlaqədardır.

Darda olan insana əl tutmuş “vor zakon” vədlər verib xalqa heç bir köməyi dəyməyən siyasətçidən, elm adamından, deputatdan üstün qəbul edilir.

Ona görə də elə C.Paşazadənin lənkəranlı, astaralı seçicilərinə etdiklərindən daha çox həmyerlisi R.Lənkəranskinin cənublulara yaxşılığı keçib.

Kimisi işlə təmin edilib, kimisinin müalicə xərci ödənilib, kimisinin təhsil haqqı verilib, kimisinin verdiyi borcu ala bilməməsinə görə yardımı olub.

İkincisi, cəmiyyətdə kriminal avtoritetlərə olan hörmət psixoloji mahiyyət daşıyır. İnsanlar döyüş filmlərinin qəhrəmanlarını, əli silahlı personajları sevir, onların yerində olmaq istəyir.

Bu baxımdan “lotu”lar, “qanuni oğrular” barəsində əfsanələr dolaşır, onların mərdliklərindən söhbətlər açılır, ağızdan-ağıza dolaşan əhvalatlar dillərdə dastan olur.

Siyasi məhbus həyatı yaşamış AĞ Partiyanın başqan müavini Əhəd Məmmədlinin sözlərinə görə, bu, sovetdən qalan ənənədir: “Azərbaycanda indi də təsiri var. Amma təkcə bizim ölkədə yox, Rusiyada, İtaliyada, hətta Amerika və Türkiyədə müxtəlif cinayətkar qruplaşmalar var.  Məsələn, Siciliyada yaranmış Nyu-Yorka qədər gedib çıxmış ”Koza nostra” italyan-amerikan mafiyası var. Çində “Triada” mafiyasını, “Kamorra”nı qeyd etmək olar.

Amma Almaniya, Britaniya və yaxud Hollandiyada bu məsələlər yoxdur. Çünki kriminal aləmin yaranması  həm də sosial-iqtisadi inkişafla əlaqəlidir”.

Əhəd Məmmədli.jpg (50 KB)

Ə.Məmmədli gənclərin qəhrəman axtarışına çıxması ilə bağlı dövlətin yanlış təbliğat siyasəti yürütdüyünü düşünür:“Telekanallarda şou-biznes adamlarıdır, cavanlar hansısa cinsi azlığa rəğbət göstərməyəcək ki?

Gənclik özünə qəhrəman axtarır. Əgər şəhid təbliğatı getsəydi, Çələbi, Cavad, Fətəli xanlar barədə, Nəsib bəy Yusifbəyli, Mübariz İbrahimov haqda daha ciddi təbliğat olsaydı, insanlar kriminal adamlara bu qədər rəğbət bəsləməzdilər”.

Ə.Məmmədli qeyd etdi ki, həbsxanalar “qanuni oğru”ların evi adlandırılır: “Türmədə də cavan təbəqə onlara tabedir, biət edirlər. Əksəriyyəti də ali təhsili olmayan gənclər idi. Bu, Stalin dövründən qalan ənənədir. Həbsxanaları kriminal aləm idarə edir və ”qanuni oğru”lar da məhbəslərin “padşahı”dırlar.

Lakin onlar da elmə, savada meylli adamlar olur. Səninlə ədəbiyyat, siyasət, coğrafiyadan danışacaqlar. Hesab etməyin ki, dünya inkişafından uzaqdırlar. Sadəcə, Ukrayna, Qazaxıstan, Rusiya ilə müqayisədə bizim həbsxanalarda vəziyyət fərqlidir. Artıq dövlət bu məsələnin üstünə gedib, sadəcə, yenə də onlar var.

İndiki türmə şəraitində proses nə qədər davam edəcək, bu, dövlətdən asılıdır. Əgər Almaniya həbsxanaları kimi türmələr qurmaq istəyiriksə, dustaqların saxlanma şəraiti, qida, tibbi yoxlanış səviyyəsi yaxşılaşmalıdır”.

Həmçinin oxuyun

“Rusiya Azərbaycan vasitəsilə Paşinyanı cəzalandırmaq niyyətindədir”

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı Meydan TV-yə deyir ki, Rusiya sülhməramlılarının Azərbaycanı vaxtından əvvəl …