Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Aktual / Deputat oğlunun Dubaydakı biznesi: Yaxtalar, eksklüziv maşınlar… və daha nələr, nələr… – ARAŞDIRMA

Deputat oğlunun Dubaydakı biznesi: Yaxtalar, eksklüziv maşınlar… və daha nələr, nələr… – ARAŞDIRMA

Möhtərəm oxucu! Əgər Siz AMEA İnsan hüquqları institutunun direktoru, deputat Aytən Mustafayeva haqqında internetdə kiçicik bir araşdırma aparsanız, onun müsahibələrinin birində bu cümləyə rast gələcəksiniz: “Mənim maaşım 500 manatdır. Təsəvvür edirsinizmi, elmlər doktoru və institut direktorunun maaşı hansı səviyyədədir?”

Əlbəttə, Aytən Mustafayevanın dövlətdən, hakimiyyətdən, hökumətin elmlər doktoruna, institut direktoruna verdiyi maaşdan narazılığını başa düşmək mümkün deyil. O sadə səbəbə görə ki, həmin müsahibəni verdiyi zamanlarda Aytən Mustafayeva həm də 21 saylı Nəsimi Seçki Dairəsindən deputat idi. Milli Məclis üzvü kimi, Azərbaycanda ən yüksək maaş alan şəxslərdən sayılırdı. O, deputat mandatını məhz elmlər doktoruna və institut direktoruna verdiyi maaşa görə istehza hədəfinə çevirdiyi hökumətin yandırdığı “yaşıl işıq” sayəsində qazanmışdı. Çağırış müddətinin başa çatmasına az qalmışsa, etiraf edəcəkdi ki, Milli Məclisdə çıxışa yazılmaq üçün düyməni basmağı hələ də öyrənə bilməyib. Amma bu, Aytən Mustafayevanın 2015-ci ildə yenidən namizəd və deputat olmasına əngəl yaratmadı.

Mustafayeva 16 saylı Yasamal İkinci Seçki Dairəsinin təmsilçisi kimi, Milli Məclisin yeni tərkibdə keçirdiyi ilk iclasların birində həvəslə çıxışa yazıldı. Görünür, düyməni basmağı öyrənib-öyrənmədiyini sınaqdan keçirmək istəyirdi. Ağzını elə təzəcə açmışdı ki, Milli Məclisin spikeri Oqtay Əsədovun sərt təpkisinə məruz qaldı: “Çıxış edəndə, bilin ki, harada çıxış edirsiniz!”.

İnstitut direktoru kimi Prezident Administrasiyasının rəhbəri, görkəmli akademik Ramiz Mehdiyevin, deputat kimi isə Milli Məclis sədri Oqtay Əsədovun açıq və kəskin tənqidlərinə məruz qalmış Aytən Mustafayeva “yeni dairəsində” də seçicilərlə effektiv ünsiyyət qura bilmir. Fakt: Dövlət Statistika Komitəsinin Baş Hesablama Mərkəzinin kollektivinin 25 yanvar 2016-cı ildə ölkə başçısı İlham Əliyevə ünvanladığı açıq məktubda Aytən Mustafayevanın elementar hüquqi biliklərə malik olduğuna şübhə ifadə edilir!

Ancaq Aytən Mustafayeva bütün bu tənqidlərdən nəticə çıxarmaq, institut direktoru,  parlament üzvü kimi siyasi hakimiyyətin ona göstərdiyi böyük etimadı doğrultmağa çaba sərf etmək əvəzinə, absurd iddialarla öz rəqiblərini və tənqidçilərini məhkəməyə verir. Sən demə, parlament seçkiləri dövründə 16 saylı Yasamal II Seçki Dairəsindən namizəd olaraq mənim Aytən Mustafayevanın gəlir deklarasiyasının araşdırılması ilə bağlı MSK-ya etdiyim şikayət onun psixologiyasında mənfi reaksiyalara, sarsıntı və iztirablara səbəb olubmuş. Hər halda özü belə yazır iddia ərizəsində (Yeri gəlmişkən, xatırladım ki, Aytən Mustafayeva mənim MSK-ya müraciətimi işıqlandıran Strateq.az saytını da məhkəməyə verib – T.Ş.)

Çox pakizə, bəs nədən Aytən Mustafayeva əmindir ki, yazmış olduğu savadsız və əsassız iddia ilə hər kəsin gözü önündə olan bir faktı – AMEA İHİ-nin rekvizitlərinin Azadsirniyyat.az adlı qənnadı məmulatlarının istehsalı ilə məşğul olduğunu deyən bir internet saytında koordinat kimi göstərilməsini – təkzib etdirə bilər?! Doğrudanmı, 21-ci əsrdə, informasiya texnologiyalarının hər bir vəzifəli şəxsin özü və ailə üzvləri haqqında məlumatları önümüzə sərdiyi bir zamanda Aytən Mustafayeva cəmiyyətin gözünə kül üfürə biləcəyini zənn edir?

Budur, Aytən Mustafayeva övladları haqqında 2014-cü ildə mətbuata deyir:

“İki oğlum var. Böyüyü 24 yaşındadır, evlidir. Dubayda magistraturanı bitirib. Hazırda doktorluq işini yazır”.

orxan-m-1.jpg

Onun haqqında söhbət açdığı böyük oğlunun adı Orxandır. Anasının müsahibəsindən onun 1989, yaxud 1990-cı ildə dünyaya göz açdığını, hazırda 26, uzaqbaşı 27 yaşlarında olduğunu təxmin edə bilərik. O, Dubaydakı Amerika Universitetinin bakalavr pilləsini bitirib, magistr təhsilini isə Heriot Watt Universitetində davam etdirib. ASAİF adlı təşkilatın İdarə Heyətinin üzvü kimi fəaliyyət göstərib. Bu şəbəkə barədə oxucular “Nurçuların ASAİF şəbəkəsində kimlər var” adlı yazıya daxil ola  (http://axar.az/news/11922) və daha ətraflı məlumatlana bilərlər.

2013-cü ilin fevralından isə Orxan İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən təsis edilmiş Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) Birləşmiş Ərəb Əmirliklərindəki nümayəndəsidir. O, vətəndən uzaqda təhsil almasına, AZPROMO-nun nümayəndəsi statusunda “Azərbaycana investisiya cəlb etmək üçün çalışmalarına” rəğmən Dubayda öz “kiçicik biznes”ini qurmağa da macal tapıb!

“Kiçicik biznes” dedik, gərək faktlarla danışaq.  

orxan-m-2.jpg

Öz “Linkedin” profilində – https://www.linkedin.com/in/orkhan-mustafayev-3718b955- yazdığında görə, bizim gənc  biznesmen 2014-cü ilin noyabrından bəri İdeal Concept Group adlı şirkətin prezidentidir.

İdeal Concept Group fəaliyyəti Birləşmiş Ərəb Əmirliklərini, Azərbaycanı və Türkiyəni əhatə edən bir investisiya şirkətidir. Həmin şirkətin web səhifəsindən – http://www.idealconceptgroup.com/- belə görünür ki, Aytən Mustafayevanın oğlunun biznes fəaliyyəti ərzaq, meyvə, tərəvəz satışından tutmuş katric doldurumuna qədər “çox geniş sahə”ni əhatə edir. Amma deputat oğlunun qazanc sferası bunlarla yekunlaşmır. Çünki İdeal Concept Group əsas pulu inşaat, reklam, “facilities management” kimi sahələrdən çıxarır. Həmin qrupun menecmenti altında olan şirkətlər isə bunlardır:

  1. “One o One” ticarət kompaniyası/Dubay;
  2. “Fresh Berry” supermarket/Dubay;
  3. “Newadvice”- PRO şirkəti/Dubay.
  4.  QART eksklüziv avtomovil studiyası/Dubay.
  5. “Twilight” yaxta, su oyunları, icarə və menecment şirkəti/Dubay
  6. “Qalagroup”- mərkəzi ofisi Bakıdadır. Orxan Mustafayev “Linkedin” səhifəsində özünü “Qala Group” şirkətinin qurucusu (founder) kimi təqdim edir. Hüquqi ünvanı Nizami rayonunda yerləşən həmin şirkətlə Orxan Mustafayevin bağları barədə araşdırmamızın dərcini sonraya saxlayıram. Hazırda diqqətinizi Aytən Mustafayevanın oğlunun yalnız Dubaydakı biznesinə çəkmək niyyətindəyəm. İlk növbədə yaxtalara.

yaxta-1.jpg

Www.idealconceptgroup.com saytında verilən məlumata görə, “Twilight” lüks yaxtalar kompaniyası Dubayda yerləşir.  Bu şirkətin Tarrab, Canados, Azimut, Cabo kimi brendlər daşıyan özəl yaxtaları Dubayın məşhur Jumeriah Beach Hotel, Marina Yacht Club, Marina Mall kimi yerləşmələrində xidmət göstərir.

Şirkətin kolleksiyasında olan “One o One” adlı yaxta çox genişdir, “Tarrab” tərəfindən istehsal olunub. Yaxtada 4 kabinet, yataq və qonaq otaqları, mətbəx, hətta cakuzi var. İnternetdəki kirayə saytlarına göz gəzdirəndə məlum olur ki, bu cür lüks yaxtaları icarəyə götürmək üçün Dubayda müştərilər hər saat üçün orta hesabla ən azı 500 dollar ödəməlidirlər.

Kolleksiyadakı “Galatea” adlı yaxta da lüksdür. 4 otaqdan ibarət olan ”Galatea”da 20 nəfərlik qrupun gözəl bir gün keçirməsi üçün hər şərait mövcuddur.

“My wave” adlı yaxta isə nisbətən kiçik olsa da, sahibkarlarının dediyinə görə, ailəvi istirahət üçün əla seçimdir.

Kolleksiyanın “sonbeşiyi” olan kiçik “Twilight-1” qayığı isə balıq ovu üçün münasibdir.

İdeal Concept Group-un yaratdığı və inkişaf etdirdiyi konsepsiyalardan biri də su oyunları təşkil edən və lüks sahil təcrübəsi yaşadan “Sea Breeze” xidmətləridir.

avtomobili-2.jpg

“Müştərisi bol olsun” deyib yaxtalardan “düşək” və hamımız birlikdə QART adlanan eksklüziv avtomobil studiyasına yollanaq.  Siz bu studiyanın fəaliyyəti ilə bağlı şəkillərəhttps://www.facebook.com/QART-car-studio-1514377545532249/ linkində baxa bilərsiniz. Mən isə“sağlıqlarına qismət” deyib də əlavə şərhə vaxt ayırmadan keçirəm prezidenti Orxan Mustafayev olan İdeal Concept Group-un menecmenti altındakı “One o one”, yəni “101” şirkətinin qida satışıişlərinə. Həmin şirkətin tualet kağızı və katric satışına heç toxunmadan…

erzaqi-1.jpg

Rəsmi səhifəsində – http://www.101trading.ae/ göstərilir ki, “One o one” ərzaq və tərəvəz satışı ilə məşğul olur, İtaliya, Almaniya, Bolqariya, Hollandiya, Türkiyə, Azərbaycan, Danimarkadan mal daşıyır.

sezak-1.jpg

Şirkətin əsas partnyorlarından biri İtaliyadakı SEZAK şirkətidir. SEZAK-ın ofisi İtaliyanın Milan şəhərində yerləşir, öz müştəriləri ilə bir çox dillərdə, o cümlədən Azərbaycanca əlaqə saxlayır. Maraqlıdır ki, həmin şirkətin rəsmi internet səhifəsi də bir azərbaycanlının adına qeydiyyatdan keçirilib. Bu şirkətin əsas özəlliyi isə, diqqət edin, HALAL SERTİFAKATLI məhsulların satışı ilə məşğul olmasıdır. Həmin şirkət eyni zamanda ŞİRNİYYAT BİZNESİnə də pul qoyur.

Həm SEZAK-ın, həm də onu əsas tərəfdaş sayan “One o One” kompaniyasının satdığı məhsullara nəzər salanda, brendlər bizi 2003-cü ildə şirkətləşmiş, Avropadan Afrikaya bir çox ölkəyə ixracat yapan DEMKA GmbH adlı bir ərzaq istehsalçısına götürür.  DEMKA-nın baş ofisi Almaniyada yerləşir. Ət və ət məhsulları, süd və süd məhsulları, un və qənnadı məhsulları istehsal edən həmin şirkətin brendləri arasında “AZAD” ismi xüsusi gözə çarpır.

one-1.jpg

Zira, “One o One” şirkətinin təklif etdiyi mallar bununla yekunlaşmır. Dünyanın ən məşhur süd və süd məhsulları şirkəti olan “Parmalat”ın, yenə məşhur bir italyan markası olan “Santal” şirələrinin, “İcemary” isimli orqanik və alkoqolsuz içkinin satışına prezidenti Aytən Mustafayevin oğlu olan şirkət qollarını çırmalamış durumundadır.

Orxan Mustafayevin menecmenti altında olan Fresh Berry supermarketi isə 24/7 konsepsiyası ilə Dubayın Princess Tower səmtində xidmət göstərir.  Market məhz keyfiyyətli ərzaqlar satması ilə öyünür. Məlum, ucuz ətin şorbası keyfiyyətsiz olur…

İdeal Concept Group-un yerləşdiyi məkan – Grosvenor Business Tower Dubayın ən bahalı biznes mərkəzlərindən biridir. Oradakı kirayə qiymətləri, Anadolu türkləri demiş, dodaq uçuqladır. Gözəyarı təxminlərə görə, icarənin illiyi ən azı 500 min dollar civarındadır.

kolbasa-111.jpg

icemary-1.jpg

santal-1.jpg

Bütün bunlardan sonra ortaya sadə bir sual çıxır: Aytən Mustafayevanın uzaqbaşı 27 yaşı olan və bu qədər böyük kapital yönəldən oğlunun “biznes şəraitinin yaxşılaşmasında” xanım deputatın rolu nədən ibarətdir? 

Axı Aytən Mustafayeva idi deyən: “Mənim maaşım 500 manatdır. Təsəvvür edirsinizmi, elmlər doktoru və institut direktorunun maaşı hansı səviyyədədir?”

Taleh ŞAHSUVARLI

Xüsusi olaraq, Strateq.az üçün

Həmçinin oxuyun

DTX 105 yaşında – VİDEO

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb. Azinforum.az xəbər verir ki, qurumun sosial …

Bir cavab yazın