Çərşənbə axşamı , Oktyabr 27 2020
Ana səhifə / Aktual / Deputat: “Mənə zəng etdilər, bir-birimizə qoşulub ağladıq”

Deputat: “Mənə zəng etdilər, bir-birimizə qoşulub ağladıq”

“Naxçıvana əvvəlki qrafikdə-həftədə 4 dəfə olmasa da, xüsusi hallar üçün təyyarə reysləri bərpa olunmalıdır”.

Bunu Milli Məclisdə Naxçıvanı təmsil edən deputat Eldar İbrahimov səsləndirib.

 
E.İbrahimov Naxçıvanın Azərbaycanın bir parçası olduğunu vurğulayıb:
 

“Mən Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün qərarlarına əməl olunmasının tərəfdarıyam və özüm də şəksiz həmin qaydalara riayət edirəm. Hara gedirəmsə, mütləq tibbi maskadan istifadə edirəm, sosial məsafə saxlayıram. Bunu etməklə təkcə özümü yox, həm də ətrafımdakıları qoruyuram. Hər bir vətəndaşın da borcudur ki, qaydalara riayət etsin. Çünki yumşalmaya gediləndən sonra yoluxanların sayında artım var.
 

Amma Naxçıvanın ölkənin tərkib hissəsi olduğunu unutmamalıyıq. Bu günlərdə mənə Naxçıvandan olan seçicilər tərəfindən çoxsaylı müraciətlər daxil olur. İnsanlar yaxınlarının dəfnində iştirak edə bilmir. Naxçıvan xarici ölkə, Türkiyə, İran, Rusiya deyil. Naxçıvan Azərbaycandır. Virusun təhlükəsinin də fərqindəyəm, Operativ Qərargahın qəbul etdiyi qərarlardan da məlumatlıyam. Amma bu günlərdə şahidi olduğum iki hadisə məni bu təklifi səsləndirməyə vadar edir.
 

Təsəvvür edin ana Naxçıvanda vəfat edib, oğul Bakıdan onun dəfninə gedə bilmədi. Digərinin də atası Bakıda vəfat etmişdi, övladları Naxçıvandan Bakıya gələ bilmədi. Bu dəhşətli haldır, valideynin ölür və sən onun son nəfəsində yanında ola bilmirsən. İnanın onlar mənə zəng etdilər və biz bir-birimizə qoşulub ağladıq. Bu, elə bir haldır ki, sözlə ifadə etməkdə çətinlik çəkir insan”.
 

Deputat deyib ki, heç olmasa xüsusi hallar üçün həftədə 1-2 reys təşkil edilməlidir:
 

“Mən demirəm kimsə xeyir işə gedir, onun üçün reys açsınlar, heç ona icazə verməsinlər. Amma şər iş, yas elədir ki, hamımızın başına gələ bilər. Belə hallarda insanları anlamaq lazımdır.
 

Bakıdan Naxçıvana, Naxçıvandan Bakıya gedənləri həm burda, həm orda karantində saxlamaq artıqdır. Yoxlasınlar, adam sağlamdırsa, onu niyə karantində saxlasınlar, axı biz bir ölkəyik, Naxçıvana qarşı ayrı-seçkilik edilməməlidir. Mayın 31-dən Naxçıvana yolların açılması müzakirə edilir deyiblər, amma açılıb-açılmayacağı da dəqiq bilinmir.
 

Buna görə də həm Naxçıvanı təmsil edən deputat, həm də bir vətəndaş kimi Operativ Qərargahdan xahiş edirəm ki, bu kimi halları nəzərə alıb, daimi olaraq yox, həftədə 2 dəfə olmaqla reysləri bərpa etsinlər”.
 

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə mart ayından etibarən Bakl-Naxçıvan-Bakı aviareysləri dayandırılıb.(Modern.az)

Həmçinin oxuyun

“Belə atəşfəşanlıqla küçəyə çıxmaq, hay-küy yaratmaq təhlükəlidir”

Azərbaycan 27 il erməni işğalında olan torpaqlarını azad etmək üçün əks-hücum əməliyyatına başlayandan ölkədə hərbi …