Ana səhifə / Aktual / Deputat BDU-da islahat gözləyir: “Hər dəfə ora daxil olanda, özümü inzibati orqanın aurasında hiss edirdim…”

Deputat BDU-da islahat gözləyir: “Hər dəfə ora daxil olanda, özümü inzibati orqanın aurasında hiss edirdim…”

“Bakı Dövlət Universiteti (BDU) ənənəvi olaraq əslində Azərbaycanda ali təhsilin hansı səviyyədə olmasının barometri saylır. Ölkənin tələbə sayına və tarixinə görə ən əzəmətli universiteti sayılan BDU haqqında rəylər bizləri də yaxından maraqlandırır, çünki bu gün az-çox qazandığımız bilgilərə, həyat təcrübəsinə görə onun müəllimlərinə və təhsil mühitinə borcluyuq”.
Mia.az xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa sosial şəbəkədəki hesabında yazıb.
Deputat qeyd edib ki, hər dəfə BDU-ya daxil olanda, özünü inzibati orqanın aurasında hiss edib:
“Etiraf edim ki, son illərdə hər dəfə bu universitetin binasına rəsmi tədbirlərdə iştirak etmək üçün daxil olanda özümü hansısa inzibati orqanın aurası içində hiss etdiyimdən burada sağlam təhsil mühitinin yaranmasını çox arzulayırdım. Hazırda Bakı Dövlət Universitetini üçün belə bir şansın yarandığını düşünürəm.
Vaxtilə Milli Təhlükəsizlik Nazirliyinin durumunu xatırlayanda görürsən ki, hansısa bir kadr dəyişikliyi bir qurumun korlanmış imicini qısa müddətdə necə dəyişə bilir. Bir neçə il öncə insanlar üçün işgəncə aparatına çevrilmiş, sahibkarlardan şantaj və quldurluq yolu ilə pul soyan müxanizm sayılan Milli Təhlükəsizlik Nazirliyi Mədət Quliyevin təyinatından sonra sırf dövlətin təhlükəsizliyi ilə məşğul olan quruma çevrildi, rüşvət və soyğunçuluq tamamilə ortadan qaldırıldı və bu qurumun itirilmiş nüfuzu bərpa olundu. Yəni niyyət olanda bir şeyləri köklü şəkildə dəyişmək mümkün olur.
İndi də universitet rektoru vəzifəsinin icrasına təhsil nazirinin müavini Firudin Qurbanovun təyin olunması ilə belə bir mütərəqqi dəyişimin baş verməsini gözləmək olar. Korrupsiyada adı hallanmayan, təhsil sistemində ciddi təcrübəyə malik olan Firudin Qurbanovun burada sağlam təhsil mühiti, elmi araşdırmalara təşviq sistemi yaratmaq potensialına güvənirəm və ümid edirəm ki, yaxın gələcəkdə daha fərqli bir Universitet imici ilə qarşılaşacağıq. Bakı Dövlət Universitetində baş verəcək müsbət dəyişikliklər ali təhsil sistemimizdə sağlam islahatlar üçün ciddi bir stimul ola bilər”.

 

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …