Cümə , Dekabr 4 2020
Ana səhifə / Aktual / Deputat Adil Əliyev yox, məmur Abit Əliyev…

Deputat Adil Əliyev yox, məmur Abit Əliyev…

Bakının daha bir səmtində– Səbail rayonu, Bayıl qəsəbəsi, Qurban Abbasov küçəsi, 42 ünvanda yaşayan sakinlərin qulağı səsdədir. Onlar buldozerlərin ötən həftə olduğu kimi qəfildən evlərini dağıdacağını səksəkə içərisində gözləməkdədir. Çünki Bakının bir neçə digər səmtində olduğu kimi bu ərazidə də bir sıra köhnə evlər Nazirlər Kabinetinin “pilot layihə” proqramı çərçivəsində yerində yeni çoxmərtəbəli yaşayış binasının tikilməsi üçün sökülmək ərəfəsindədir. Sakinlər isə onlara təklif edilən varianta-yeni mənzillər hazır olana qədər kirayə yaşamağa qane olmurlar.

Xəbər verdiyimiz kimi, ötən həftə gecə saatlarında həmin evlərin evlərin bir qismi  sakinlər köçmədiyi halda dağıdılıb, bir neçə ev qəzalı vəziyyətə düşüb. Söküntü zamanı bir evin damı tamamilə uçurulub, işıq, qaz, su xətti sıradan çıxıb. Buna görə də evin sahibi köçmək məcburiyyətində qalıb.

Söküntünü aparan “Dönüş 1” MMC adlı indiyə qədər heç kimin adını eşitmədiyi, fəaliyyətinə bələd olmadığı şirkətdir. Bu şirkətin nümayəndələri müqavilə və ya rəsmi sənəd təqdim edilmədiyindən sakinlər aldadılacaqlarını düşünürlər, buna görə də bəribaşdan  kompensasiya və ya hazır mənzil tələb edirlər. Sakinlərin narazılığından sonra Səbail rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov onlarla görüşüb, şikayətlərin araşdırılması üçün işçi qrupunun yaradılacağını vəd edib.

Virtualaz.org Bayıl qəsəbəsi, Qurban Abbasov küçəsi, 42 ünvandakı vəziyyətlə bu gün-dekabrın 26-da bir daha maraqlanıb. Məlum olub ki, hələlik nisbi sakitlikdir, söküntü aparılmır, ərazidə buldozerlər gözə dəymir. Amma sakinlər bu sakitliyin nisbi xarakter daşıdığını, mətbuatda yazılanlardan sonra söküntü aparanların müvəqqəti olaraq geri çəkildiyini deyirlər.

Abit Əliyev

Ötən reportajımızda sakinlərdən və tikinti sektorundakı bəzi mənbələrdən əldə etdiyimiz məlumatlara istinadən “Dönüş-1” MMC adlı şirkətin deputat Adil Əliyevlə əlaqəli olduğunu yazmışdıq. Lakin deputat daha sonra saytımıza açıqlama verib şirkətin və Bayıl qəsəbəsi, Qurban Abbasov küçəsi, 42 ünvandakı söküntünün ona heç bir aidiyyatının olmadığını bildirdi. Eyni zamanda “pilot layihə” proqramını öz şəxsi mənfəətləri üçün istifadə edib gözdən salan bəzi icra hakimiyyəti başçıları barədə danışdı.

Doğrudan da Bakı şəhərində istismara yararsız vəziyyətdə olan, yaxud şəhərin ümumi görkəminə xələl gətirən tikililərin sökülərək yerində müasir binaların tikilməsi, köhnə binaların sakinlərinin yeni mənzillərlə təmin olunması yaxşı layihədir. Lakin daha yaxşı olmazdımı ki, bu layihəni həyata keçirməyi yağışdan sona göbələk kimi ortaya çıxmış hansısa müəmmalı MMC-lərə deyil, nüfuzlu tikinti şirkətlərinə, investorlara həvalə edərdilər və nəticədə belə narazılıqlar yaranmazdı? Axı “Dönüş-1” MMC və ya digər bu kimi “birgünlük” şirkətlərə tikinti dələduzluğunun geniş yayıldığı şəhərdə inanan yoxdur?

Sakinlərin sözlərinə görə, söküntünü aparan şirkətin rəhbəri kimi təqdim edilən Əli Həsənovu əvvəllər bu ərazidə ev dəllalı kimi tanıyıblar. Ə.Həsənov Qurban Abbasov küçəsində 13 mənzil alıb və həmin evlər birinci sökülüb.  “Dönüş-1” şirkəti isə deputat Adil Əliyevə yox, deyəsən Səbail rayon icra hakimiyyəti başçısının müavini Abit Əliyevə yaxındır.

 

Sakinlərdən Sara Poladova deyir ki, dekabrın 19-da gecə Səbail rayon İcra Hakimiyyətinin nümayəndələri  100-ə yaxın polisin müşayəti ilə  heç bir xəbərdarlıq etmədən evlərin söküntüsünə başlayıb. “Qonşunu güclə çölə çıxardılar, qadının ayağı qapının arasında qalmışdı. Polislər qonşuların müdaxilə etməsinə imkan vermədi. Bundan sonra Abit Əliyev gəldi, dedi ki, şirkətdən fantastik məbləğ istəyirsiz”. Etirazlarımıza baxmadan “sökün” əmrini verdi”, -Poladova deyir.

Sakinlərdən Dürdanə Hacıyeva isə deyir ki, 14 ildir bu küçədə yaşayır. Qonşunun evini sökən zamanı onun evinin otağının biri dağıdılıb, dam örtüyü uçurulub. Özü evi qəzalı vəziyyətə salındığından qohumlarının evinə sığınıb: “Söküntüdən əvvəl oğlumu ərazi mənzil istismar sahəsinə çağırmışdılar, demişdilər ki, evinizi söküb yerində çoxmərtəbəli bina tikəcəyik. Həmin bina hazır olana kimi kirayədə yaşayarsız. Oğlum isə müqavilə, yeni tikiləcək binanın layihə sənədlərini istəmişdi. Sənədləri göstərmədilər”.

Şikayətçi əlavə edir ki, söküntü başlayandan Əli Həsənovun Cavad adlı işçisi onları təhdid edir. “Cavadı da əvvəllər dəllal kimi tanıyırdıq. Gəlib qonşulara deyir ki, köçməsəz evi başınıza uçuracağıq. Biz dövlətin qərarına qarşı çıxmırıq, amma ədalətli qərar vermələrini istəyirik”-sakinlər deyir.

Şikayətçilər deyir ki, Cavadın hərəkətlərindən Abid Əliyevə şikayət ediblər, o isə sakinləri günahlandırıb. Sakinləri işıq və qazların kəsilməsi ilə  təhdid ediblər. Onlar isə işçi qrupunun yaradılmasını gözləyirlər, ümid edirlər ki, bəlkə şikayətlərini araşdırıb, ədalətli qərar çıxararlar…

Həmçinin oxuyun

Bakı Qələbə paradına hazırlaşır – VİDEO

Azərbaycan Ordusunun 44 günlük Vətən Müharibəsindəki tarixi qələbəsi münasibətilə Bakıda möhtəşəm hərbi parad təşkil olunacaq. …