Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / Deputat 14 yaşlı qızı zorlayanlar barədə: “Bilirsiniz, həbsdə belələrini nələr gözləyir?“

Deputat 14 yaşlı qızı zorlayanlar barədə: “Bilirsiniz, həbsdə belələrini nələr gözləyir?“

“Bərdədə 14 yaşlı qızın zorlanması elə hadisədir ki, adam dilə gətirməyə utanır. Azərbaycanlılara yaraşmayan, azərbaycanlıların şərəfinə, ləyaqətinə, həyat tərzinə, milli mənliyinə sığışmayan haldır. Bu hadisədən hər kəs təəssüflənir, nəinki təəssüflənir, belə xəbərləri eşidəndə adam utanır. Bu cinayəti törədənlər haqqında mütləq çox ciddi tədbir görülməlidir. Yollarını azıblar, niyə belə şeyə yol verirlər? Bunların vicdanı yoxdurmu? 

Hüquq-mühafizə orqanları məsələni dəqiq araşdırmalıdırlar. Bu hadisə hansı şəraitdə baş verib? 14 yaşlı uşağı zorlayıb videosunu yaymağın özü ən böyük şərəfsizlik, ləyaqətsizlikdir. Bu adamların qızları, bacıları, yaxın qohumları yoxdurmu? Cavandırlarsa, cavanlıq onlara yaraşmır. Bu torpaq, su, Azərbaycançılıq onlara haram olsun! Azərbaycanlı adını daşıyırdılarsa, belə bir şeyə yol verməməli idilər. Yayılan bu cür videolar bilirsiniz neçə ailəni dağıdır, nə qədər insanın mənəviyyatına ziyan vurur? Bəziləri hətta şantaj xarakterli olur”.

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.

Deputat Bərdədə 14 yaşlı qızı zorlayan şəxslər barəsində ölüm hökmü verilməsi ilə bağlı səslənən fikirlərə də münasibət bildirib: “Ölkəmizdə ölüm hökmü yoxdur, ləğv olunub. Əlbəttə ki, onlara ən ağır cəza verilməlidir. Ölüm hökmü ilə insan birdəfəlik canını qurtarıb gedir. Amma elə ağır cəzalar var ki, ölüm hökmündən də betərdir. Bir var ki, insan hansısa kiçik səhv, qəbahət ucbatından, bir də var, belə şərəflizlik edib həbsə düşə. Bilirsiniz, həbsdə belələrini nələr gözləyir? Həbsdə qeyrət, namus üstündə yatan adamlar var. Kiminsə namusuna toxunublar, özünə sığışdırmayıb, özünü verib irəli, cinayət törədib. Namus üstündə həyat yoldaşını, qohumunu, yoldan keçən qadını, şəhidi, qazini müdafiə edərkən cinayət törədən oğullar var. Cinayət törətsə belə, yeri gələndə bu cür oğullar alqışlanır”.

T.Rzayev bu cü hadisələrdən valideynlərin məsuliyyətinin olub-olmamasına isə belə cavab verib: “Sözügedən uşağın valideynləri, ailə şəraiti ilə bağlı məlumatım yoxdur. Amma bir çox valideyn var ki, uşağını həddən artıq sərbəst buraxır. 14-15 yaşında qızlara maşın alıb vermək, onları açıq-saçıq geyindirmək, yaşlarına aid olmayan yerlərə, tədbirlərə aparmaq, əlbəttə ki, valideynlərin günahıdır. Hər bir valideyn övladına nəzarət etməli, tərbiyəsi ilə məşğul olmalıdır. Bir çox hallarda günahı məktəbin üstünə atırlar. Guya uşaqlar məktəbdə belə olublar. Xeyr, məktəbdə uşaq günün 4 saatını keçirirsə, 20 saatını valideynin yanında olur. Uşağın tərbiyəsi ilə ən çox valideyn, ailə məşğuldur. İlk tərbiyəni uşaq ailədə alır. Valideyn uşağı özbaşına buraxırsa, belə hallarda da zorlama ola bilər. İstintaq bu məsələni düzgün araşdırmalıdır. Valideynlər diqqətli olmalıdırlar. Bizdə tərbiyədə bir çox məsələlər, təəssüf ki, başlı-başına buraxılıb. Valideyn deyir məktəbin günahıdır, məktəb deyir cəmiyyətin… Belə olmaz. Tərbiyədə vahidlik, hərtərəflilik olmalıdır. Ailə də, məktəb də, ictimaiyyət də cavabdehlik daşımalıdır. Ancaq bir nəfəri günahlandırmaq düzgün deyil. Hər birimiz cəmiyyətin normal halda olmasına cavabdehik. Azərbaycan cəmiyyətinin sağlam, nümunəvi formalaşmasına borcluyuq. Hamı yaxasını kənara çəksə, “cəhənnəmə olsun” desə, vəziyyət necə olar? Əxlaqsız hadisələri çəkib yayan, sosial şəbəkələrdə, saytlarda, “Youtube”da paylaşanlar haqqında tez zamanda tədbir görülməlidir. Çünki bütün bunlar insanların tərbiyəsini çox korladı, kormalağa da davam edir”. 

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …