Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / Deportasiya Qurbanları Cəmiyyəti dünya ictimaiyyətinə müraciət etdi

Deportasiya Qurbanları Cəmiyyəti dünya ictimaiyyətinə müraciət etdi

Deportasiya Qurbanları Cəmiyyəti 1918-ci ildə Bakı soveti və Daşnaksütuna bağlı olan erməni terrorçu silahlı dəstələri tərəfindən azərbaycanlıların kütləvi şəkildə öldürülməsi, soyqırıma məruz qalmasının 103-ci ilində bəyanatla çıxış edib.

Azinforum.az
-a daxil olan bəyanatda bildirilir ki, son iki yüz ildə Azərbaycan xalqı tarixən yaşadığı ata-baba torpaqlarında mənfur qonşular tərəfindən dəfələrlə etnik təmizləməyə və soyqırıma məruz qalıb, insanlar qətlə yetirilib, yaşayış məntəqələrimiz, tarixi-mədəni abidələrimiz dağıdılıb.

1918-ci ilin martında erməni silahlı dəstələrinin dinc və silahsız azərbaycanlıları soyqırıma məruz qoyması kütləvi hal alıb, Cənubi Qafqazda azərbaycanlıların kökünü tamamilə kəsmək məqsədilə bolşevik-daşnak birləşmələri geniş bir coğrafiyada qanlı qırğınlara başlayıblar. Bu qırğınlar Bakı-Şamaxı-Quba, Bakı-Ağdaş-Kürdəmir-Gəncə-Qazax-Balakən və s. istiqamətlərdə olmaqla bütün Şimali Azərbaycanı, Naxçıvan-Dərələyəz-Zəngəzur-Qarabağ, İrəvan-Gümrü-Pəmbək-Loru, Dərəçiçək-Qaraqoyunlu-Göyçə istiqamətlərində bütün Qərbi Azərbaycanda törədilib.

Hər yerdə azərbaycanlılara qarşı ən qəddar, ən vəhşi üsullarla soyqırımı həyata keçirilib, insanlar kütləvi şəkildə öldürülüblər. Nəticədə tarixi ərazilərimiz boşaldılıb və orada Türkiyədən, İrandan sürülüb gətirilən erməni əhalisi yerləşdirilib. 1918-ci ilin mart qırğınları nəticəsində 10 mindən çox azərbaycanlı xüsusi qəddarlıqla qətlə yetirilib, erməni məkrli siyasəti bununla kifayətlənməyərək sonrakı dövrlərdə də azərbaycanlılara qarşı amansız mövqe nümayiş etdiriblər. Məhz bunun nəticəsində 1948-1953-cü illərdə indiki Ermənistan Respublikası adlandırılan tarixi Azərbaycan torpaqlarından 100 mindən çox insan deportasiya edilib, 1988-ci ildə isə növbəti köç başlayıb.

Deportasiya Qurbanları Cəmiyyəti xatırladır ki, Azərbaycanın mərhum lideri Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.

Cəmiyyət beynəlxalq qurumları, dünya dövlətlərini bu soyqırıma diqqət yetirməyə və günahsız insanların öldürülməsinə bais olan Ermənistana qarşı sərt addımlar atmağa çağırıb.

Cəmiyyət həmçinin Qərbi Azərbaycandan deportasiya olunan insanların öz ata-baba yurduna dönüş üçün mübarizədən çəkilməyəcəyini bəyan etməklə yanaşı təklif edib ki, soyqırımı abidə kompleksi yaradılsın, Qərbi Azərbaycandan 100 minlərlə türkün deportasiya edilməsi tarix dərsliklərinə salınsın, soyqırım muzeyi yaradılsın və 31 Mart – Azərbaycanlıların Soyqrımı Gününün yaddaşlardan çıxmaması üçün vacib olan digər addımlar atılsın.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …