Ana səhifə / Aktual / Daldan atılan daş, yaxud Lapşinin “zühuru”

Daldan atılan daş, yaxud Lapşinin “zühuru”

Yəhudi blogger Aleksandr Lapşin əfv edilib azadlığa buraxılandan və İsrailə gedəndən sonra yenə sayıqlayıb. Azərbaycanı tərk edər-etməz, bu zat Azərbaycan əleyhinə fikirlər söyləyib. Bir növ, təzədən “zühur” edib.

Zatən, gözlənilirdi də. Çünki belələri rastımıza az çıxmayıb. Onlar haqda yaxşı bir deyim var: “Qozbeli qəbir düzəldər”. Bəlkə də heç düzəltməz… Bəs bu dəfə bədnam blogger nə deyib?

Sosial şəbəkələrdə o, yazıb: “Etiraf eləməyə utanıram, ancaq azəri (Azərbaycan – Z.S.) həbsxanasına düşənəcən mən səmimi şəkildə güman edirdim ki, Dağlıq Qarabağ münaqişəsi çox mübahisəli məsələdir və Azərbaycanın milli sərhədlərinə hörmət nəzərə alınmaqla həll olunmalıdır. Mən necə də axmaq olmuşam”.

Yaxud Lapşin statusunda “əzabkeş” ermənilərə xitabən deyir: “Özünüzü gözləyin. Bu adamlar sizi ölü görmək istəyirlər. Və əgər siz danışıqlar və ya mövqelərinizin zəifləməsi nəticəsində Qarabağı itirsəniz, bilin ki, onlar gəlib sizi qıracaq”.

Öz günahı və naşılığı üzündən Azərbaycan həbsxanasının bir neçə ay “qonağı” olmuş A.Lapşinin yuxarıdakı sərsəmləməsinə əslində fikir verməmək də olardı. Ona görə ki, bu, obrazlı desək, sındırılmış birisinin daldan atdığı daşa bənzər.

Adama deyərlər, sənin Azərbaycanda verdiyi açıqlamalar, bəyan elədiyin peşmançılıqlar, ən əsası, “Dağlıq Qarabağ məsələsi Azərbaycanın ərazi bütövlüyü daxilində həll edilməlidir”, yaxud “İnanıram ki, Azərbaycan xalqı öz ərazi bütövlüyü və suverenliyini bərpa edəcək” sözlərin, nəhayət, dönə-dönə əfv diləməyin necə olsun bəs?

Bəlkə bir az abrına qısılasan (Amma hardadı o abır-həya)? Daha yaxşı olardı ki, özünü təzədən rüsvay eləməkdənsə, heç olmasa susardı?! Hər halda, davadan sonrakı yumruq silkələməyə heç kim ciddi baxmır.

Dava isə qurtarıb. Qarabağ davasını demirik təbii ki. Lapşinin apardığı davanı deyirik. Belə görünür, onu Azərbaycanı tərk edəndən sonra ağzına gələni danışmağa vadar edən də hələ ki bitməyən Qarabağ davasıdır, Azərbaycana qarşı təbliğat savaşıdır.

Aydındır ki, sifarişçiləri hələ də ondan – artıq bir dəfə istifadə olunmuş “material”dan yenə istifadə eləmək niyyətindədirlər. Neyləsinlər, pullar, projelər batıb. Ancaq bağışlayın, bu, daha mümkün deyil. Ən azından əvvəlki effekt alınmayacaq.

Alına da bilməz. Əsas səbəb deyildi: Lapşin Azərbaycan həbsxanasını haqq edəndən və mərhəmət göstərilib bağışlanandan sonra əvvəlki Lapşin deyil. Onun “barıtı” alınıb. Lapşin indi yazığın, bədbəxtin birisidir. Bu bədbəxti rahat buraxın, onun qatarı gedib. O, indi olsa-olsa, erməni sifarişçilərin qulağından “lapşa” asa bilər, bizim yox.

Yəhudi bloggerin öz “xoşbəxt” sonluğuna görə Azərbaycana minnətdar olmaq əvəzinə, naşükürlük eləməsi, məsələdə qoyulan nöqtəni “vergülə” çevirməyə çalışması onun keyfiyyətsiz adam olduğunu göstərməklə bahəm, təəssüf doğurur. Fəqət, bütün hallarda onun başına gələn bu hekayət şəxsi maraqlar naminə onun durumuna, obrazına girmək istəyənlərin hamısına görk olacaq – Lapşinin indi nə danışmasından və sarsaqlamasından asılı olmayaraq.

Bir də ki, Lapşin Azərbaycanla İsrail arasında əlaqələrin yaxşı olmasına minnətdar olmalıdır ki, azadlığa çıxa bilib. Yəni məntiqlə indi o, həmin əlaqələrin dərinləşməsinə töhfə verməlidir, nəinki korlanmasına. Axı, Ermənistanla İsraili hansı ortaq maraqlar birləşdirə bilər ki, o, erməni işğalçılarını vəsf eləməyə davam eləsin? Demək, qalır sırf lobbi maraqları, erməni lobbisinin təlimatlarının qarşılığında alınan “xidmət haqqı”…

*****

“Mən necə də axmaq olmuşam”. Qeyd olundu artıq, Lapşin bu sözləri öz statusunda yazıb. Və bu, onun yeganə, bir az da gecikmiş doğru etirafıdır. Artıq nəsə əlavə etməyə bir şey qalmır. Bircə bundan başqa: sən elə indi də axmaqsan, Lapşin!..

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …

Bir cavab yazın