Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Aktual / Daha bir söküntü qalmaqalı – “Fedek” MMC sakinlərlə anlaşa bilmir

Daha bir söküntü qalmaqalı – “Fedek” MMC sakinlərlə anlaşa bilmir

Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospektində yerləşən 80 nömrəli binanın bir qrup sakini (E. Kərimov, F Bəkirova, F.Bədirxanov, S.Bədirxanova, E.Hacızadə, X.Ağayeva, H.Mirzəyeva, T.Tağıyeva, E.Sultanova) yaşadıqları binanın qəzalı vəziyyətdə olmamasına baxmayaraq “Fedek” MMC tərəfindən sökülməsindən narahatdırlar.
Moderator.az-ın redaksiyasına müraciət edən bina sakinləri iddia edirlər ki, artıq üç aydır ki, “Fedek”MMC-nin “fəaliyyəti” ucabatından öz mənzillərində rahat yaşaya bilmirlər.
\”Məhz bu firma 18 may 2016-cı ildə təşkil olunmuş “pilot layihə” adı ilə, heç bir instansiyada təsdiq edilməsə də,  102 mənzilli binanı söküb yerində yeni yaşayış kompleksi  inşa etmək hüququ əldə edib.
Memarlıq və şəhərsalama üzrə Dövlət komitəsinə etdiyimiz  müraciət bizim  nədən ehtiyat etdiyimizi təsdiq etdi. Firmanın əməkdaşları adamlara evin sökülməsi və əvəzinə virtual binadan mənzil verilməsini təklif edir. Bu yaxınlarda internetdən və informasiyalı mənbələrdən məlum oldu ki, firmanın sahibi Yavər Qurbanov Cinayət Məcəlləsinin 178.32 maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunub. Təəccüb doğuran odur ki, belə ağır cinayət törədib 8 il həbs alan (6 il həbsdə yatıb) adam Nəsimi rayon icra hakimiyyətindən  belə böyük bir layihəni həyata keçirmək necə icazə ala bilir. AR Nazirlər Kabinetinin məmurlarının qəbulunda olub lazımi sənədləri onlara təqdim etdik, onlar da öz növbəsində Nəsimi rayon icra hakimiyyətinin məmurlarını xəbərdar etdilər, amma hələ də heç bir təşkilati nəticələr yoxdur. Qurbanov və onun firması hələ də işləyir, müqavilələr bağlayıb adamları köçürürlər\”.
Sakinlər qeyd edirlər ki, Yavər Qurbanov eyni  mənzili bir neçə şəxsə satdığına görə məhkəmə tərəfindən 8 il azadlıqdan məhrum edilib. Məhz Qurbanovun “kriminal” keçmişinə görə, 80 nömrəli binanın sakinləri də Qurbanovun növbəti dələduzluğunun qurbanı olmaqdan qorxurlar:
\”Eyni zamanda MMC-nin təqdim etdiyi sənədlərdən də aydın olur ki, çox məsələlər bir birinə uyğun gəlmir. Məsələn, müqavilələrdə firmanın  müxtəlif VÖEN-ləri  göstərilir- birində 1304509241, başqasında 9900001881. (Hüquqi ünvan, Yasamal rayonu, İbrahimbəyov küçəsi 15) Bundan başqa, sakinlərə müxtəlif layihələr göstərilir, guya sökülən binanın yerində bunlar inşa olunacaq. Eyni zamanda firma sığortalanmayıb, müflis ola bilər, amma təqdim olunan  müqavilədə fors-major maddəsi var və həmin maddəyə əsasən belə situasiyada firma heç nəyə cavabdeh deyil, heç bir məsuliyyət daşımır. Bu da o deməkdir ki, mənzillərindən çıxarılıb kirayəyə göndərilən  sakinlər, ümumiyyətlə perspektivdə mənzilsiz qala bilərlər\”.
Bundan başqa “Fedek” MMC-yə bu ilin 23 iyununda 172 nömrəli sərəncamla binanın sökülməsinə icazə  verən Nəsimi rayon İcra Hakimiyyəti də binanın sökülməsinə və yerində yeni yaşayış kompleksinin tikintisinə  aid heç bir sənədi sakinlərə təqdim etməyib. Bir sözlə, o qədər sual yaranır ki, sakinlərin gələcəkdə mənzilsiz qalacaqlarına xeyli əsas verir. Bu azmış kimi, MMC-nin işçiləri sakinləri  binanın qazını, işığını, suyunu kəsməklə də hədələyirlər. Sakinlər hətta polis çağırmağa məcbur olublar.  Hüquqi normalara görə, konflikt yarandığı halda evin sökülməsinə və yeni tikintiyə icazəsi olan kompaniya (burda aydın olmayan odur ki, hansı əsaslarla bir il əvvəl yaranmış kompaniyaya belə iri miqyaslı tikintini etibar ediblər) sakinləri güc və zorla çıxara bilməz, bütün mübahisələri məhkəmə yolu ilə həll etməlidir. Amma, görünür “ Fedek” MMC üçün qanun yazılmayıb.
Sakinlərin dediklərindən belə aydn olur ki, bina şəhərin mərkəzində, prestij məkanda  yerləşir və əgər sakinlərdən mənzilləri alsalar, mənzillərin hər bir kvadrat metri çox yüksək qiymətə- 4-5 min manata satılacaq. Ona görədə insanlarda haqlı ehtiyyatlılıq yaranır ki, kimsə Qurbanovun keçmiş”təcrübəsindən” istifadə etməklə xüsusi xərc tələb etmədən bu yerə sahib olmaq istəyir:
\”Bu binada yaşayan 100 ailənin taleyi heç kimi maraqlandırmır. Çünki, müxtəlif instansiyalara, o cümlədən Nazirlər Kabinetinə müraciət etməyimizə baxmayaraq, bir dənə də yazılı cavab almamışıq, halbuki bizim maraq və hüquqlarımız həyasızcasına tapdalanır. Ümumiyyətlə, hüquq-mühafizə orqanları  yaranmış situasiyaya çoxdan diqqət yetirib, tərəfimizdən qaldırılan  məsələlərə dəqiq cavab verməli idilər\”.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …

Bir cavab yazın