Cümə , Oktyabr 30 2020
Ana səhifə / Aktual / Daha bir rayonda vətəndaşa xəstə inək verildi: – Nazirlik problemi niyə həll edə bilmir?

Daha bir rayonda vətəndaşa xəstə inək verildi: – Nazirlik problemi niyə həll edə bilmir?

Məlum olduğu kimi, Prezident İlham Əliyevin tapşırığına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən icra olunan özünüməşğulluq proqramı çərçivəsində kənd yerlərində yaşayan şəxslərə heyvanlar verilir

Bir-neçə ay əvvəl Ağcabədi rayon Şənlik kəndində yaşayan Paşayev İsmayıl İmamqulu oğluna da bu proqram çərçivəsində 1 baş inək verilib.

Şənlik kənd sakini İsmayıl Paşayev yeniavaz.com-a verdiyi məlumatda bildirdi ki, özünüməşğulluq proqramı çərçivəsində ona verilən inək xəstədir:

“Bu inək mənə 2500 manat qiymət qoyularaq verilib. Amma bunu heç 1000 manata da almırlar. Bu inəkləri bizə verməkdə məqsəd odur ki, bu heyvanların südün satıb dolanaq. Amma, inəyin südü yoxdur ki, balasına verək”.

Kənd sakini deyir ki, inəyin xəstə olduğunu təsdiqlətmək üçün baytar-həkimə müraciət edib:

“Lakin, inəyi bizə verən podratçı şirkət həkimə təzyiq edərək inəyin sağlam olması barədə arayış verdirmək istəyir. Amma həkim baxıb və onlara da bildirib ki, bu inəyin sağlam olduğunu təsdiqləyə bilməz”.

Məlumat üçün qeyd edək ki, daha əvvəl də bir neçə rayonda vətəndaşlara bu cür xəstə inəklərin verilməsilə bağlı məlumatlar yayılıb. Hətta, bir qədər əvvəl Əmək və əhalinin sosial müdafiə naziri Sahil Babayev də məsələyə münasibət bildirərək vətəndaşlara xəstə inəklərin verilməsi faktını təsdiqləyib.

Nazir ötən ay keçirdiyi mətbuat konfransında bildirmişdir ki, vətəndaşlara xəstə heyvan verənlər cəzalandırılıblar. Amma görünən odur ki, nazirin bu açıqlamasına baxmayaraq hələ də bu problem öz həllini tapmayıb.

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin münasibətini öyrənmək üçün qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbovla əlaqə saxlamağa cəhd etsək də, telefon zənglərimizə cavab verilmədi.(Yeniavaz.com)

Həmçinin oxuyun

Qarabağda sonuncu erməni qalanadək: İrəvandakı “müharibə partiyası”nın intihar qərarı

Ermənistan haqq elədiyini axır ki, almaqdadır. Özü də artıqlaması ilə. Təcavüzkar ölkənin terrorçu və faşist …