Şənbə , Oktyabr 31 2020
Ana səhifə / Aktual / DAHA 6 RAYONDA VƏZİFƏLİ ŞƏXSLƏRƏ CİNAYƏT İŞİ AÇILDI – Adlar

DAHA 6 RAYONDA VƏZİFƏLİ ŞƏXSLƏRƏ CİNAYƏT İŞİ AÇILDI – Adlar

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən elan edilən xüsusi karantin rejimi qaydalarının müxtəlif yollarla pozulması, bu dövrdə işləməyən şəxslər və az təminatlı ailələrə ayrılmış ərzaq yardımlarının paylanmasında neqativ hallara təəssüf ki, hələ də rast gəlinməkdədir. Prokurorluq orqanları tərəfindən şəhər və rayon icra hakimiyyətləri ilə əlaqəli şəkildə qanunamüvafiq tədbirlər davam etdirilir.

Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumata görə, Lənkəran və Yevlax şəhər, Saatlı, Salyan, Daşkəsən və Hacıqabul Rayon İcra hakimiyyətləri başçılarının inzibati ərazi nümayəndəliklərinin bəzi vəzifəli şəxslərinin bu qəbildən olan qanunazidd hallara yol vermələri barədə şəhər və rayon icra hakimiyyətlərindən rayon prokurorluqlarına daxil olmuş müraciətlərə baxılıb.

Araşdırmalarla Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Nərimanabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rafail Alışovun vəzifə səlahiyyətlərindən sui istifadə edərək Heydər Əliyev Fondu tərəfindən imkansız ailələrə göndərilmiş ərzaq yardımlarının paylanması zamanı neqativ hallara yol verib ərzaq paylarını özünün yaxın qohumlarına, o cümlədən kəndin imkanlı şəxslərinə paylamasına əsaslı şübhələr müəyyən olunub.

Yevlax Şəhər İcra hakimiyyəti başçısının Qaraməmmədli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Mikayıl Əsədovun da eyni xarakterli qanun pozuntusuna yol verərək qulluq mövqeyindən sui-istifadə edib imkansız ailələrə göndərilmiş ərzaq yardım qutularını açaraq müxtəlif sayda və növdə məhsulları götürüb ərzaq yardımlarını natamam paylamasına şübhələr üçün əsaslar müəyyən olunub.

Bundan başqa, Saatlı Rayon İcra Hakimiyyəti başçısının Saatlı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Nəsir Qədirovun, Salyan Rayon İcra Hakimiyyəti başçısının Parça Xələc kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Sadiq Dəmirovun və Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının Zağalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Hətəm Əzizovun vəzifə saxtakarlığına yol verərək xüsusi karantin rejimi qaydalarını pozub sərbəst hərəkət etmək istəyən şəxslərə qanunsuz olaraq arayışlar vermələrinə əsaslı şübhələr müəyyən edilib.

Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının Navahı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Namiq Baxşıyev və Qarasu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsini icra edən İlknur Hüseynov tərəfindən də eyni xarakterli qanun pozuntusuna yol verilməsinə şübhələr üçün əsaslar müəyyən olunub.

Həmin şəxslər müvafiq rayon icra hakimiyyətləri başçılarının əmrləri ilə tutduqları vəzifədən azad ediliblər.

Toplanmış materiallar üzrə müvafiq rayon prokurorluqlarında Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işləri başlanıb.

Hazırda həmin işlər üzrə təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu bu qəbildən olan qanunazidd hallarla üzləşən vətəndaşlara müraciət edərək 961 nömrəli “Çağrı Mərkəzi”nə məlumat vermələrini xahiş edir.

Həmçinin oxuyun

Təmkinli Əliyev, özgüvənsiz Paşinyan… – Kimin əlləri daha etibarlı görünür?

İngiltərəli təlimçi və bədən dili mütəxəssisi Martin Nyuman Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri …