Ana səhifə / Aktual / Dəbdəbəli və bahalı qəbir daşları sifarişi azalıb – Reportaj

Dəbdəbəli və bahalı qəbir daşları sifarişi azalıb – Reportaj

Naxçıvanda qəbirüstü işlərin təsviri ilə bağlı qəbul edilən qərar son günlərin ən çox müzakirə olunan mövzularından birinə çevrilib. Belə ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 noyabr tarixli, 115 nömrəli qərarı ilə yeni qaydalar təsdiq edilib. Bundan sonra Naxçıvanda bütün qəbirüstü abidələr bir formada olacaq.

Bu məsələ uzun müddətdir ki, mətbuatda müzakirə olunurdu. Azərbaycanda baş daşlarının sadələşdirilməsi həm ziyalılar, həm də ictimaiyyət nümayəndələri tərəfindən təklif olunurdu. Lakin bu məsələdə hələ də bir irəliləyiş əldə olunmayıb. İnsanlar ümumi dəyəri 5-10 min manat arasında dəyişən dəbdəbəli mərmər baş daşlarına üstünlük verirlər. İmkanlı təbəqə üçün bu, elə də çətin olmasa da, aztəminatlı ailələr onlarla yarışa bilmək üçün bəzən illərlə borca girərək ölülərinə baş daşı düzəltdirməli olurlar. Nəticədə Azərbaycan qəbiristanlıqları məzarlıqdan çox “heykəltəraşlıq muzeyi”ni xatırladır.

Bəs görəsən, Naxçıvanda verilən qərarın ölkə üzrə tətbiqi gerçəkləşərsə, bu müvafiq sahədə məşğul olanların biznesinə necə təsir göstərəcək?

Bu suala aydınlıq gətirmək üçün “Yeni Müsavat”ın müxbiri Suraxanı rayon ərazisində yerləşən Günəşli qəbiristanlığı yaxınlığındakı qəbir daşı sexlərinə baş çəkib. Demək olar ki, bütün qəbiristanlıqların yaxınlığında qəbir daşı düzəldilən sexlər var ki, burada sifariş götürülür və ona uyğun baş daşı hazırlanır.

Naxçıvanda verilən qərar isə bu sahədə çalışanları əməlli-başlı narahat edib. Onlar bu sahənin dövlətin nəzarətinə keçəcəyindən narahatdırlar.

Adının çəkilməsini istəməyən sahibkar Naxçıvanda tətbiq olunacaq qaydalardan xəbərdar olduğunu bildirdi. Qeyd etdi ki, bu qərar ümumilikdə müsbət dəyişikliyə yol açsa da, qəbir daşı sexlərində çalışanların iş yerini itirməsinə səbəb olacaq: “Əslində qəbirüstü abidələrin vahid formada olması yaxşı bir haldır. İnsanlar israfçılıq edib, dəbdəbəli baş daşı düzəltdirirlər. Naxçıvanda baş daşı və sinə daşlarının vahid formada olması ilə bağlı qərarı eşitdik. Təəssüf ki, bu vəziyyət ən çox qəbirdaşı sexlərində çalışan usta və fəhlə sinfini işsiz qoyacaq. Bir qəbirüstü abidənin hazırlanması üçün 3 işçi çalışır. Biri daş üzərində yazı yazır, biri ölçmə və kəsmə işlərini aparır, digəri isə heykəllərin yonulması ilə məşğul olur. Əgər qəbirlər sadə və standart formada olarsa, bu işçilərə ehtiyac qalmayacaq. Bu isə sexləri müflisləşdirəcək”.

Qəbristanlıqda olan mollalarla da həmsöhbət olduq. Onlar qəbir daşlarının standart formada olmasına müsbət baxırlar: “Onsuz da əhalinin əvvəlki kimi dəbdəbəli qəbir daşları düzəltdirməyə imkanı qalmayıb. Baş daşı və sinə daşlarının hazırlanmasında istifadə olunan materiallar çox bahalaşıb. İslamda ümumiyyətlə, bir qəbir üçün bu qədər israfçılığa yol verilməsi doğru sayılmır, israfçılıq haramdır. İnsanlar borca pul götürüb, atasına bahalı qəbirdaşı sifariş verir. Bir çoxları aylarla sexlərə borclu qalırlar. Ən yaxşısı köhnə adətlərə uyğun şəkildə sadə bir baş daşı və sinə daşı düzəltdirməkdir, üzərində çardaq tikmək, heykəl ucaltmaq izafi işlərdir. Bundansa bir imkansız ailəyə maddi yardım etmək daha savabdır və ölünün ruhunu şad edər. Çox təəssüflər olsun ki, vətəndaşlarımız əzizlərinə bahalı qəbir daşı qoymaqla şöhrətpərəstlik edirlər”.

Sexlərdə öyrəndik ki, bir qəbirüstü abidənin hazırlanması üçün müxtəlif qiymətlər təklif olunur. Keyfiyyətli mərmərlə hazırlanan qəbirlərin ən ucuzu 1000-1500 manat civarındadır. Sadə formada olan qəbirüstü abidələr isə 300-400 manat civarındadır. Lakin bahalı qəbirüstü abidələr də təklif olunur. Qırmızı mərmərdən hazırlanan qəbirüstü abidələrin ən ucuzu 20 min manatdan başlayır. Buraya təbii ki, mərhumun heykəli və qəbir daşları daxildir. Sexdə çalışanların dediyinə görə son zamanlar dəbdəbəli və bahalı qəbir daşları sifarişi kəskin azalıb.

Satıcılar bunun səbəbini baş daşlarının hazırlanmasında istifadə olan qranit və mərmər daşlarının fantastik dərəcədə bahalaşmasında görürlər: “Ümumiyyətlə indiki zamanda onsuz da rəhmətə gedənin yaxınları sadə aqlay daşlarından məzar daşı sifariş verirlər. O, nisbətən daha ucuz başa gəlir. Bildiyiniz kimi, mərmərlə hazırlanan qəbirlərin ən ucuzu 1000-1500 manatdır. Bu qiymətə yalnız baş və sinə daşı daxildir. Ətrafı da aqlay və mərmərdən olacaqsa qiymət bir qədər də bahalaşır. Gömrük rüsumlarının baha olması bu daşların qiymətini kəskin bahalaşdırıb. Mərmərlərin kvadratmetri 150 dollara başa gəlir. Odur ki, qəbirüstü abidələrin standart formada olması təklifi əhali tərəfindən müsbət qarşılanacaq”.

Qəbir daşı sexlərinin sahiblərini isə narahat edən odur ki, bu qərarın ardından monopoliya gələ bilər. Yəni, bu biznes növü hakimiyyətdə təmsil olunan bir qrupun nəzarətinə keçə bilər. O zaman yüzlərlə insanın işsiz qalması məsələsi də gündəmə gəlir. Monopoliya isə özü ilə bərabər qiymət artımı da gətirə bilər. Qəbirüstü abidələr standart olsa da, qiymətlərin aztəminatlı əhalinin maddi durumuna uyğunluğu məsələsi də müzakirə olunmalıdır.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …