Bazar , Yanvar 24 2021
Ana səhifə / Aktual / “Cümhuriyyəti quranların heç birinin ölkədə məzarı yoxdur”

“Cümhuriyyəti quranların heç birinin ölkədə məzarı yoxdur”

Tarixçi-alim, “Məhəmməd Əmin Rəsulzadə Mərkəzi”nin sədri” Nəsiman Yaqublu 2018- ci ilin ölkədə “Cümhuriyyət ili” elan edilməsindən danışıb.

N. Yaqublu “Qafqazinfo”ya açıqlamasında ölkə başçısı tərəfindən irəli sürülən bu addımı alqışlayıb: “Bu böyük bir hadisədir. Mən 6 ay bundan əvvəl ölkə  başçısına rəsmi şəkildə Cümhuriyyətin 100 illiyinin keçirilməsi ilə bağlı təkliflərimi rəsmi şəkildə göndərmişdim. Təkliflərimin üzərində yenə də qalıram. Həmin tədbirlərin görüləcəyi təqdirdə biz “Cümhuriyyət ili” nin effektiv məzmununu həyatımızda hiss edəcəyik.

Birincisi, Cümhuriyyəti quranların irsi çap edilməlidir. Onların irsi bir neçəsi istisna olmaqla çap edilməyib. İkincisi, onların Azərbaycana məzarlarının gətirilməsi məsələsi həll edilməlidir. Çünki Azərbaycanda Cümhuriyyəti quranlardan heç birinin demək olar ki, məzarı yoxdur. Bu məsələyə diqqət yetirmək lazımdır.

Üçüncüsü, onların yaşadığı binalara xatirə lövhələri vurulmalıdır. Məsələn, Nəsib bəy Yusifbəyli, Fətəli Xan Xoyski bu evdə yaşayıb. Dördüncüsü, ən azı bunların hamısının adını, fəaliyyətini əks etdirən memorial muzey tikilib yaradılmalıdır.  İnsanlar ora gedib həmin şəxsiyyətlərin fəaliyyətlərini görməlidir. Nəhayət, o fikri bir daha vurğulmaq istəyirəm ki, 1918- ci ildə təkcə Qafqazda Azərbaycan öz Cümhuriyyətinin yüz illiyini qeyd etmir. Gürcüstan, Ermənistan da yüz illiyə hazırlaşır. Yəni, bu hadisə bir növ demokratiya yarışına çevriləcək. Ona görə də biz elə işlər görməliyik ki, bu yarışda Gürcüstana, Ermənistana uduzmayaq. Qafqazda demokratik bir dövlətin qurulmasının adımızla bağlı olduğunu dünya ictimaiyyətinə çatdıraq.

Dünya ictimaiyyətinə Cümhuriyyətin yüz illiyini həm də bu cür təqdim edə bilərik ki, 1920- ci ildə yanvarın 11-də Fransa, İngiltərə kimi dövlətlər Azərbaycan Xalq Cümhuriyyətini  qarabağlı, zəngəzurlu bir cümhuriyyət kimi tanıyıblar. Həmin o Cümhuriyyətin tərkibində olan Qarabağı bu gün ermənilərin işğalı altındadır. Bu çox mühüm məsələdir.

Digər tərəfdən isə bütün mətbuatda, elektron KİV vasitələrində  ziyalılarımız, jurnalistlərimiz bir vicdanı borc olaraq Cümhuriyyətə aid yazılarla çıxış etməlidir. Cümhuriyyət haqqında təbliğat işləri görülməlidir. Yəni, biz 2-3 aylığa televizyalar şou proqramlarını kənara qoyub ciddi verilişlər, yazılar hazırlamalıdır”.

Həmçinin oxuyun

“Xərçəngdən dünyasını dəyişən jurnalistin mənzilini də mənimsəyiblər” – Yeni faktlar

Bakının Səbail rayonunda jurnalistlər üçün tikilmiş binalardan qanunsuz yollarla mənzil verilmiş jurnalistlərdən evlərin geri alınacağı …