Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / Aktual / “Corcu niyə Mehmanla müqayisə edirsiz?” – Video+Fotolar

“Corcu niyə Mehmanla müqayisə edirsiz?” – Video+Fotolar

Bir neçə gündür ki, müğənni Roza Zərgərlinin oğlu Corc Qafarovun Qaraçuxur bələdiyyəsinə üzv seçilməsi müzakirələr yaradıb. Hazırda “İmtahan” serialında rol alan gənc aktyorun səsvermədə uğur qazanması sosial şəbəkələrdə həm tənqidlə qarşılanıb, həm də müsbət qiymətləndirilib.  

“Qafqazinfo”  müğənni və oğlu ilə görüşərək onların mövzu barədə fikirlərini öyrənib. C. Qafarov fəaliyyətindən bəhs edərək onu seçkilərdə iştirakına görə, qınayanlara münasibət bildirib. 

Corc qeyd edib ki, iki saylı Uşaq Evində böyüyüb, təhsil alıb, eyni zamanda 282 saylı məktəbin də şagirdi olub. Gənc aktyor uşaq ikən Lider TV-də yayımlanan “Talant” şouda rəqqas kimi qatılıb və rejissor Yavər Rzayevin diqqətini çəkib. 

Y. Rzayev uşaq evində kastinq keçirərək 300 min uşaq arasında 11 yaşlı Corcu seçib və onu Xalq artisti Nurəddin Mehdixanlı, Əməkdar artistlər Vəfa Zeynalova və Münəvvər Əliyeva ilə birgə “İlahi Məxluq” filminə çəkib.  Corc bundan sonra  vətənpərvərlik mövzusunda çəkilən “Dolu”, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə lentə alınan “Bakı, mən səni sevirəm”, “Bir ovuc sonsuzluq”, “Cek pot” filmlərinə çəkilib, “Tək olanda qorxma”, “Qisas” seriallarında rol alıb. 

O, Roza Zərgərli ilə də çəkilişlərdə tanış olur. Belə ki, “Tək olanda qorxma” serialında ana-oğul obrazını canlandırırlar. Hazırda isə  Akademik Milli Dram Teatrında aktyor kimi fəaliyyət göstərir. 

Qafarov bələdiyyəyə üzv seçilməyinin cəmiyyətdə bu qədər səs-küy yaratmasına təəccübləndiyini bildirib: 

“Bələdiyə seçkilərinə namizədliyimi verdim. Əslində, sənədlərimi hazırlayarkən çox fikirləşdim. 17 namizəd arasında 15-ci oldum. Gözləmirdim, çox sevindim. Sədr seçiləcəyim təqdirdə həyata keçirəcəyim planlarım çoxdur. Uşaq evləri barədə layihələr də olacaq. Siyahıda axırdan 3-cü olmağım niyə bu qədər səs-küy yaratdı? Elə şərhlər, yazılarla rastlaşıram ki… Əslində, böyük bir şey baş verməyib. 17 namizəd arasında 6677 səslə axırdan 3-cü olmuşam. Niyə Corc onları narahat edir? Kimə nə etmişəm?”.

Gənc aktyor bioloji anasını xatırlayaraq onunla birlikdə qurduğu arzudan da danışıb: “Uşaqlar var idi ki, ana-atası öz avtomobili ilə yanlarında ayda-ildə bir dəfə gəlirdilər. Anam Leyla Qafarova həftədə iki dəfə yanıma gəlirdi. Anamın bir arzusu var idi ki, bir ocağımız olsun. O, inanırdı ki, mən bu şəraiti yaradacam. Uşaq evinin direktoru Sevda Hacıyeva bu işlərdə mənə çox kömək oldu. Qəpik-qəpik pul yığıb şərait yaradacaqdım, anamla bir yaşayacaqdım”. 

Roza Zərgərli isə xəbəri ilk dəfə köməkçisindən öyrəndiyini açıqlayıb: “Səhər qalxdım ki, telefonum dağılır, hamı təbrik mesajları yazır. Elə bildim ki, Qazaxıstandakı çıxışımla bağlı məni təbrik edirlər. Sonra başa düşdüm ki, söhbət məndən getmir. 

Axırdan 3-cü yerə səs toplayıb. Bu o qədər acınacaqlı haldır? Azərbaycan balasıdır, aşağıdan yuxarıya gəlir. Yuxarıda durub daha da yuxarı atılmaq istəmir. Uşaq evindən çıxan uşaqlara narkoman, oğru donu geyindiririk. Niyə savadlı, dünya miqyasına çıxan gənclərdən danışmayaq?! O, ilk dəfə rəsmi olaraq Azərbaycanı Kann festivalında təmsil edib. Niyə bu haqda danışmırlar? Niyə müğənni Roza Zərgərlinin oğlu kimi müzakirə edirsiz? Bu övlad məndən öncə incəsənət fəaliyyətində olub. 11 yaşından fiziki şəxs kimi pul qazanıb.  Uşaq evindən çıxan hər bir valideynsiz uşağa təqaüd və ev verilir. Corc himayəmdə olan zaman bunlardan imtina edib. Corc deyib ki, özüm qazana bilirəm və himayəsində olduğum ailə normal imkana sahibdir. Ev başqa möhtacı olanları verilsin. 

Biz bunu reklam etmirik deyə müzakirə etmirsiz? İki saylı Uşaq Evindən bunları maraqlana bilərsiz. Corc öz evindən imtina etdi ki, özüm qazanıb alacam. Corcla üz-üzə qoyulan gəncin (Mehman Hüseynov) özü də yaxşı insan ola bilər.  Amma  niyə Corcla müqayisə edirsiz? Siyahıda Corcdan başqa 16 nəfər var, niyə onlardan danışılmır? İnsan incəsənət sahəsindədirsə, tapdalamaq lazımdır? Bu, qeyri-insanlıqdır. Bu işdə mən yoxam, Corcun öz nailliyətidir. Çünki Roza Zərgərli seçkidən öncə instaqram səhifəsində bir post paylaşsaydı, mənə elə gəlir ki, birinci namizəddən də çox səs toplayardı. Mən bu işə qarışmıram, bu, onun öz seçimidir”. 

Bundan əlavə, R. Zərgərli Corcu övladlığa götürdüyü ilk zamanlar qarşılaşdığı çətinliklərdən söhbət açıb:

“Corcgili tanımadan əvvəl doğma qızımın 3 yaşı var idi. Birinci evimə böyük övladım Natavan gəldi. İndi evlidir, Sofiya adlı qızı var. Corcgil ilk övladlığa götürdüyüm uşaqlar deyil. Hamı elə bilirdi ki, Corc və Jirar mənim doğma övladlarımdır. Sağ olsunlar, bəzi sənət nümayəndələri xoşagəlməz söhbətlər yaydı. Corc mənə dedi ki, bioloji anam olmadığını hər kəslə bölüşə bilərsən, burada utanılacaq bir şey yoxdur.  Mən də onların xətrinə dəyər deyə heç kəsə demirdim. O, qızım Bənövşəni düşündü. Bu, onun böyük genlərindən xəbər verir. Çünki onun anası ziyalı, ali təhsilli xanım idi, 4 dil bilirdi. Sadəcə olaraq həyat elə gətirdi ki, hadisələr bu cür cərəyan etdi. Valideynlər var ki, uşaq dünyaya gətirib zibil qabına atır, övladlarını zibilə bərabər tuturlar. Corcun uşaq evinə düşməyi belə yaxşı haldır. Tale belə gətirdi”. 

Müğənni onu da qeyd edib ki, övladığı Corcun anasına “Məcnunsuz Leyla” adlı kitab həsr edib.  O, kitabın tezliklə çapdan çıxacağını söyləyib. 

Elvin Elxan


Həmçinin oxuyun

Ərdoğan işğala məruz qalanla işğalçını ayırd etməyin vacibliyini Ruhaninin diqqətinə çatdırdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İran Prezidenti Həsən Ruhani arasında telefon danışığı olub. “Anadolu” …