Ana səhifə / Aktual / Cin ayrı, din ayrı – pir və ocaqlardan şəfa umanlar əsri

Cin ayrı, din ayrı – pir və ocaqlardan şəfa umanlar əsri

Gəncliyimdə iki il Şabran rayonunda işləmişəm. O zamanlar rayonun adı Dəvəçiydi. Təyinatla getmişdim. 30 il əvvəl rayon sakinləri xurafatçı deyildi, şən, deyib-gülən, yeyib-içən camaat idi, hər yerdə olduğu kimi, Şabranda da təhsilə, savada önəm verirdilər.

Dünən yayılan xəbərdə isə Şabranda 6 nəfərin birləşərək bir ruhi xəstəni müalicə adı ilə öldürməsindən bəhs edilir. Bu adamlar fanatikcəsinə inanıblar ki, adamı yerə yıxıb çubuqlamaqla müalicə etmək, onun canındakı cini çıxarmaq olar. Cəhalətin dibi.

Cin çıxaranların telekanallarda boy göstərdiyi, tolk-şoulara qatıldığı, öz peşələrini sərbəst şəkildə təbliğ etməyin olacağı buydu.

Bu hadisə istənilən rayonda baş verə bilərdi. Zatən, baş verir də. Hər gün minlərlə adam falçı yanına, cindara, ocaqlara şəfa tapmaq ümidilə gedir, aparılır, sadəcə, ölüm hadisələri baş vermir deyə biz bunlardan xəbər tutmuruq.

Bu ölkədə yüz minlərlə adam var ki, ömrünün 30-40 ilini tibb elminə həsr etmiş, minlərlə kitab oxumuş, onlarla kitab yazmış professorlara, akademiklərə güvənmir, amma türmədən dünən çıxmış, heç bir təhsili, iş-peşəsi olmayan, bundan sonrakı həyatını dələduzluqla keçirməyə qərar vermiş, “tüpürcəyi şəfalıdır” deyə adını çıxarmış birinə etimad edir.

Mat qalmalı işdir: nədən insanlarımız 21-ci əsrin 18-ci ilində, dünyanın dəmirdən, rezindən adam düzəldib yeritdiyi, danışdırdığı bir vaxtda hələ də cinlərə, iblislərə, mələklərə və sair fövqəlbəşərlərə inanırlar?

Elm bu qədər inkişaf edib, modern texnologiyalar vasitəsilə göyün yeddinci qatını, okeanın dibini tədqiq etmək mümkündür, amma milyonlarla insan hələ də fövqəlbəşər varlıqların mövcudluğuna, onların insanların həyatına maneə törətdiyinə inanır, onlarla mübarizə aparırlar.

Birdəfəlik anlamaq lazımdır: dünyada belə varlıqlar yoxdur, heç vaxt da olmayıb. Bu, min illər öncə elmsiz, cahil insanların uydurduğu şeylərdir. Hərgah fövqəlbəşər varlıqlar olsaydı, elm onların özünü, izini, görüntüsünü ortaya çıxarardı.

Kimlərinsə gözünə kabusların görünməsinin sırf elmi izahı var: onlar psixikası pozulmuş insanlardır, sadəcə, onları qara basır, gözlərinə xəyalətlər görünür. Həyatda isə elə varlıqlar olmadığı üçün ruhi cəhətdən sağlam insanların gözünə görünmürlər. Bu qədər bəsit.

Amma kimə deyirsən? İmtahan üçün, adı çıxmış falçılardan, cindarlardan birinin qəbuluna gedək, növbə gözləyən onlarla adam görəcəyik. Onların bir çoxu ilk “tibbi instansiya” olaraq falçıya, “ocağ”a gələnlər, bəziləri isə hər yerdən əlacları kəsildikdən sonra pənah gətirənlərdir.

Bunu da birdəfəlik anlamaq lazımdır ki, heç bir ocaq, pir, türbə, ibə, ziyarətgah xəstələrə şəfa vermək gücündə deyil. Elə yerləri yalnız daxili rahatlıq, mənəvi saflıq, bir də turizm məqsədilə ziyarət etmək olar, ancaq məzarlardan, yastı-yapalaq tikililərdən şəfa, nicat, müşküllərə çarə gözləmək əbəsdir.

Bunun adı cəhalətdir, xurafatdır. Sekulyarizmi prioritet sayan ziyalılar yüz illərdir deyirlər, yazırlar, amma bir cahil çıxır, onların yüzillik zəhmətini bir absurd “məziyyəti” ilə puç edir.

Mirzə Fətəli Axundovun 150-170 il öncə, Əbdürrəhim bəy Haqverdiyevin, Cəlil Məmmədquluzadənin, Mirzə Ələkbər Sabirin, digər işıqlı ziyalılarımızın 100-120 il əvvəl yazıb ifşa etdikləri nadanlığın, cəhalətin günümüzdə hələ də aktual olması gerçəkdən də fenomendir.

İnsanlar hələ də şeyx nəsrullahlara inanır, bənzər dələduzların toruna düşürlər. Ali təhsilli, məşhur adamlar arasında belələrinə sərvət yedirənlər, bu dələduzlara inanıb ailəsini dağıdanlar, ya da ailəsini qorumaq üçün var-yoxdan çıxan, amma uğurlu nəticə ala bilməyən yüzlərlə şəxs var.

Görünür, bu sahədə vəziyyəti nəzarət altına almağın yükü təkcə maarifçi ziyalıların üzərinə düşməməlidir, hüquq-mühafizə orqanları da insanlar arasında elmi cəhətdən inkar olunan müalicə üsullarını (dua yazmaqdan çildağ etməyə qədər) təbliğ edən, adamların dini inancından yararlanan dələduzlara qarşı təqibi artırmalıdır.

Bir şey gün kimi ortadadır ki, özbaşına qoyulanda şeyx nəsrullarlar, ibrahimxəlillər, ağac altına tunel çəkən, şam yandırıb pir açanlar meydan sulayır.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …