Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / Çelyabinskdə qəzaya düşüb həlak olan biznesmen Əlişah Süleymanov Azərbaycanda dəfn olunacaq

Çelyabinskdə qəzaya düşüb həlak olan biznesmen Əlişah Süleymanov Azərbaycanda dəfn olunacaq

Rusiyanın Çelyabinsk vilayətində ötən gün qəzada həlak olan nüfuzlu azərbaycanlı biznesmen Əlişah Süleymanovun cənazəsi dəfn olunmaq üçün Azərbaycana gətiriləcək.

Virtualaz.org xəbər verir ki, bu haqda Çelyabinskdəki azərbaycanlı diasporundan bildiriblər.

Əlişah Süleymanov Uralda ən iri biznesmenlərdən hesab edilirdi, onun konditer fabriki,tikinti şirkəti, qida məhsulları şirkəti olub, heyvandarlıqla məşğul olub, bir neçə kolxoz saxlayıb. Faciə isə diaspor nümayəndələrinin bildirdiyinə görə, biznesmenin kolxozlardan birində yoxlamadan qayıdarkən baş verib.

“O, tez-tez yoxlamalara gedirdi, qəlbi istehsalda idi, bütün bunlar onda uğurlu alınırdı. Növbəti yoxlamadan qayıdanda qəzaya düşüb. Sürücü ilə gedirdi, maşın etibarlı idi. Təəsüf ki, heç nə xilas etməyib. Həmişə insanlara kömək edirdi, onun bir neçə min işçisi vardı, işçilərinə diqqətlə yanaşırdı. Çox yaxşı adamı itirdik, Çelyabinsk vilayəti üçün yeri doldurulması mümkün olmayan itkidir”,-diaspor nümayəndəsi Rafail Qulimov bildirib.

Əlişah Süleymanovla vida mərasimi sabah Çelyabinskdə olacaq, daha sonra cənazə təyyarə ilə Azərbaycana yola salınacaq.

*   *   *10:48

Rusiyanın Çelyabinsk vilayətində regionun ən varlı adamlarından və uğurlu biznesmenlərindən olan azərbaycanlı Əlişah Süleymanov qəza nəticəsində həlak olub. 

Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, “Ruslada” şirniyyat fabrikinin, tikinti  və rieltor şirkətlərinin sahibi olan Əlişah Süleymanovu həlak olması ilə nəticələnən qəza ötən gün oktyabrın 15-də Yujnouralsk-Maqnitoqorsk şose yolunun 24-cü kilometrliyində baş verib.

Çelyabinsk vilayəti üzrə yol polisinin mətbuat xidmətinin bildirdiyinə görə, “Toyota Land Cruiser 200” markalı avtomobilin sürücüsü hərəkət üçün təhlükəsiz sürət rejimi seçməyib və meteoşəraiti nəzərə almayıb, nəticədə idarəetməni itirib. Avtomobil yolun kənarındakı xəndəyə aşıb. Nəticədə avtomobilin sərnişini-biznesmen Süleymanov hadisə yerində həlak olub. 43 yaşlı sürücü yaralanıb.

1960-cı ildə Azərbaycanda anadan olan Ə.Süleymanov bir neçə şirkətin, o cümlədən “Ruslada” şirkətinin, “Kolos” qida məhsulları şirkətinin və “MontajSpetsStroy” MMC tikinti şirkətinin sahibidir. Çelyabinskdə 90-cı illərin əvvəllərində gəlib, regionun ən uğurlu biznesmenlərindən hesab olunurdu.

Süleymanov biznesə 1995-ci ildə Çelyabinskdə, bazarda mağaza açmaqla başlayıb, daha sonra biznesini böyüdüb. 2000-ci illərin əvvəllərində “Ruslada” firmasını yaradıb və sonradan onu Rusiyanın ən iri konditer fabrikinə çevirib.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …