Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / “Çekistlərin” “Texnikabank” sahibi Etibar Əliyevə yaşatdıqları detektiv roman süjeti kimi…

“Çekistlərin” “Texnikabank” sahibi Etibar Əliyevə yaşatdıqları detektiv roman süjeti kimi…

MTN-in ifşa edilən şəbəksinin əməlindən zərər çəkənlərdən biri də “Texnikabank”ın sabiq rəhbəri Etibar Əliyevdir. Bir neçə gün əvvəl “Texnikabank”ın keçmiş sədri Etibar Əliyevin yenidən həmin bankın rəhbərliyinə qaytarılacağı haqda xəbərlər dolaşırdı. Artıq həmin məlumatlar öz təsdiqini tapmış olub. Belə ki, bankda toplantı keçirilib və E.Əliyev “Texnikabank”ın Müşahidə Şurasının sədri seçilib.

Hazırda bankda Milli Bankın nümayəndələrinin iştirakı ilə təhvil-təslim işlərinin getdiyi bildirilir.
E.Əliyev mediaya açıqlamasında faktı təsdiq edib. O bildirib ki, ilk işi bank kollektivi ilə toplantı keçirib yaranmış problemləri dəyərləndirmək, təhlil etmək və bu problemlərin həlli yollarını tapmaq olacaq. O, bankın əvvəlki nüfuzunun geri qaytarılacağını qeyd edib.

Bundan başqa, bankın mərkəzi ofisi yenidən Atatürk prospektində yerləşən binaya köçürüləcək.
Onu da qeyd edək ki, E.Əliyev yaxın günlərdə mətbuat konfransı keçirməyi planlaşdırır.
Xatırladaq ki, bir neçə il əvvəl E.Əliyev MTN tərəfindən həbs edilmişdi. Ardınca isə nazir Eldar Mahmudov bankı qudası Cahangir Hacıyevə vermiş və adı dəyişdirilərək “Bank Technique” adlandırılmışdı. C.Hacıyevin qısamüddətli rəhbərliyi vaxtında isə bank defolt vəziyyətə düşdü.

Qeyd edək ki, sözügedən bank rəhbərinin həbsi də ölkəni bürüyən və barəsində geniş bəhs olunan sabiq MTN rəhbərliyinin törətdiyi cinayət kateqoriyasına aid edilə bilər. Etibar Əliyevin həbsindən əvvəl MTN-in ifşa olunan qanadı vasitəsilə onun barəsində öz nəzarətlərində olan KİV-lərə yalan məlumatlar ötürülürdü. Sonradan isə həmin xəbərlər məqsədli şəkildə şəbəkəyə aid olan və adına media deyilən quruluşlar vasitəsilə tirajlanırdı.
Bu sahədə geniş torbatikmə təcrübəsinə malik olan keçmiş MTN-çilər dövriyyəyə buraxılan həmin dezinformasiya tipli məlumatlarla Etibar Əliyevi şərləyərək həbs etməyə və onun əmlakına əl qoymağa hazırlaşırmış.
Həmin vaxt Etibar Əliyev barəsində dövriyyəyə buraxılan və onun həbsinə nail olduqdan sonra heç də təsdiqini tapmayan məlumatlara diqqət edək.

MTN-lə yaxından “paslaşan” KİV-lərdən birinin dərc etdiyi materiala diqqət edək:

“Xatırlayırsınızsa, ötən saylarımızın birində Etibar Əliyevin həbsindən sonra “Texnikabank” ASC-də mülkiyyətçinin və rəhbərliyin dəyişdirildiyini bildirmişdik. Məsələ ilə bağlı etibarlı mənbənin məlumatına əsasən qeyd etmişdik ki, Azərbaycan Beynəlxalq Bankının İdarə Heyəti sədrinin müavini, baş maliyyə direktoru İsmayılov Rövşən İsmayıl oğlu “Texnikabank” ASC-nin Müşahidə Şurasının yeni sədri vəzifəsinə təyin olunub. Özü ilə birlikdə 10 nəfərlik kollektivlə bankın rəhbərliyinə gələn Rövşən İsmayılov təcrübəli, öz işini bilən peşəkar kadrların köməkliyilə tez bir zamanda Etibar Əliyevin və digərlərinin səhvlərini düzəltməyi planlaşdırır. Bu barədə məlumat verən mənbənin sözlərinə görə, yeni rəhbərlik artıq bu istiqamətdə bir sıra ciddi addımlar atmağa müvəffəq olub. “Texnikabank”a yeni gələn heyət Rövşən İsmayılovun başçılığı ilə bankda elə bir işin üstünü açıb ki, bununla Etibar Əliyevin qanundankənar hərəkətlərə yol verdiyi bir daha aydın olur. Məsələn, qısa vaxt ərzində aparılmış araşdırmalardan sonra məhz Etibar Əliyevin göstərişilə bankdan 200 min manatlıq obyekt üçün nə az, nə çox düz 1 milyon manat pulun kredit verildiyi məlum olub. Həmçinin, bu zaman müştərilərdən “şapka” alındığı da müəyyənləşdirilib. Bu cür faktlar yüzlərlədir. Yəqin ki, Rövşən İsmayılov və komandası mərhələ-mərhələ onların hamısını araşdırıb vəziyyətin nə yerdə olduğuna aydınlıq gətirəcək”.

Bəs bəh-bəhlə təriflənən yeni komandanın gəlişindən sonra “Texnikabank”da nələr baş verdi? Aydın oldu ki, banka təyin olunan yeni rəhbərlik nəinki oranı inkişaf etdirdi, əksinə, qısa müddət ərzində həmin bankı defolt həddinə saldılar. Elə bu səriştəsizliyin özündən də göründü ki, həmin dairələrə bankı dirçəltmək yox, onu Etibar Əliyevin əlindən zorla almaq lazım imiş.

Məlum şəbəkəyə aid başqa bir KİV isə Etibar Əliyevi belə şərləyirdi: “Etibar Əliyevin bir neçə il ərzində həyata keçirdiyi digər qanunsuz bank əməliyyatları da ifşa olunub. Bununla bağlı məlumat verən mənbə bildirir ki, Etibar Əliyev və “Texnikabank”ın bir neçə filialının rəhbəri Bakı şəhərindəki kimsəsizlərin – “bomj”ların adından istifadə edərək külli miqdarda qazanc əldə ediblər. Məlum olub ki, kimsəsiz insanlar ilk əvvəl normal görüntüyə gətiriliblər. Yəni onlar üzləri qırxılıb, hamam qəbul edib bahalı geyimlərlə təmin olunduqdan sonra adlarına şirkətlər, MMC-lər təsis edilib. Bunun ardından həmin kimsəsizlər şirkət rəhbəri kimi “Texnikabank”ın filiallarında təqdim olunaraq müxtəlif sənədləri imzalayıblar. Nəticədə təxminən 10 milyon manata yaxın vəsait mənimsənilib və ayrı-ayrı məmurların qeyri-qanuni yollarla əldə etdikləri pullar “təmizə çıxarılıb”. Və artıq bu işlə bağlı kifayət qədər ciddi faktlar ortaya çıxıb. Həm də məlum olub ki, hüquq-mühafizə orqanları zamanında bu işlərdən bəzilərinin izinə düşsə də, həmin kimsəsiz insanlar günahkar kimi təqdim olunub və məsuliyyətə cəlb ediliblər”.
Hansısa “bomj”ların adı ilə milyonları mənimsəmək kimi nağıllara ancaq onu yazanlar və həmin yazını sifariş verənlər inana bilərdi.

Nəhayət, MTN Etibar Əliyevin həbsinə nail olur və bank onun əlindən alınır. Amma çirkin oyun bununla da bitmir. Azğınlaşmış və başqalarının bədbəxtliyi üzərində öz xoşbəxtliyini təmin etmək istəyən şəbəkə Etibar Əliyevin adı ilə başqa nüfuzlu şəxsləri də şantaj etmək istəyib. Çox böyük ehtimalla həmin şəxslərdən də şantaj üsulu ilə nələrsə qoparılıb. Gəlin MTN-in öz şəbəkə mətbuatına ötürdüyü şantaj xarakterli xəbərə diqqət edək: “Himayədarlarının ona arxa durmadığını görən Etibar Əliyev artıq danışmağa qərar verib. O bu işdə əli olan hamının adını çəkəcək və çox güman ki, onların arasında tanınmış nazirlərin də adı var. Etibar Əliyev kimlərlə əlbir olduğunu, kimlərə, nə vaxt və nə qədər pul verdiyini, həmçinin himayədarlarının kimlər olduğunu bəyan edəcək. Hələlik məlum olan odur ki, bu işdə, yəni bankdakı böyük pulların itkin düşməsində kənd təsərrüfatı naziri İsmət Abasov başda olmaqla, bir neçə nazir və məmurun adı hallanır. Deyilənə görə, məhz onlar külli miqdarda vəsaitin “Texnikabank”dan itkin düşməsinə səbəb olublar. Odur ki, artıq Etibar Əliyevin susmaq fikri yoxdur. O hələ də çoxlarına qaranlıq qalan bir çox mətləblərə aydınlıq gətirəcək”.

Nəticə eibarilə Etibar Əliyevin işinə görə heç bir nazir istintaqa cəlb edilmədi. Onda bu tip şantaj nəyə lazım idi?

Yəqin ki, istintaq orqanları bu versiyanı da saf-çürük edəcək. Həmin ərəfələrdə Etibar Əliyevin şərlənmə prosesində “Texnikabank”da 38 milyona yaxın əmanətin batmasına dair də informasiyalar dövriyyəyə buraxıldı. MTN-in şərinə yalnız Etibar Əliyev deyil, onunla bərabər: İdarə Heyətinin sabiq sədri Samir Hüseynov, Bakı filialının rəhbəri Zal Yusifov və filialın əməkdaşları Vüqar Behbudov, İslam Yusifov, Səmayə Məmmədova, Ramal Yusifov, Rauf Əhmədov, Ülvi Hüseynov, Fəxri Hüseynov, Dağıstan Nəsirov, Akif Həsənov, Elşən Həsənov, İntiqam Sultanov, Mübariz Zeynalov, Saleh Qasımov, Məhəmməd Mürsəlov həbs edildilər. Ümumilikdə 30-a yaxın bank işçisi dəmir barmaqlıqlar arxasına salındı.
MTN-in əli ilə məlum şəbəkə Etibar Əliyevi azadlığa çıxandan sonra da sərbəst buraxmırdı. O, yeni mövzularla bağlı gündəmə gətirilirdi. İnsanın haqları uğrunda mübarizə aparması onları qane etmirdi. Görün, Etibar Əliyev azadlığa buraxılandan sonra onun barəsində nələr dövriyyəyə buraxılırdı…

“Qeyd edək ki, bir müddət həbs həyatı yaşayan Etibar Əliyev 2012-ci ilin noyabrından azadlıqdadır. Düzdür, hazırda onun bankdakı payı xeyli azdır. Belə ki, 2012-ci ilin oktyabrında “Texnikabank” adını dəyişdirərək “Bank Technique” kimi fəaliyyətini davam etdirməyə başlayıb və E.Əliyev yeni bankda əvvəlki hüdudsuz səlahiyyətlərə malik deyil. Amma bu onun tam səlahiyyətsiz və müflis olması anlamına da gəlmir. Birincisi, “Texnikabank”la bərabər, “KredAqro” da onun nəzarətində idi. “KredoAqro”nun Həsən Əliyev 63 ünvanında yerləşən baş ofisi Etibar Əliyevin həyat yoldaşı Sevda Əliyevanın, “KredAqro”nun Abşeron və “Xalqlar dostluğu” filialları isə Etibar Əliyevin oğlu Kəramət Əliyevin adına olub. Son insidentə kimi “KredAqro”nun bütün bank əməliyyatları “Texnikabank”da aparılırdı. Bankın törəmə müəssisəsi olan “Alfa-Sığorta”da müştərilər çox yüksək faizlə sığortalanırdı. Həmçinin, Etibar Əliyevin yaxın dostu, “Texnikabank”ın Müşahidə Şurasının keçmiş üzvü Məcid Əsədov yüksək əməkhaqqı ilə Eldar Cəfərova birinci müavin gətizdirilmişdi. Etibar Əliyevlə Eldar Cəfərov müxtəlif yollarla qazandıqları pullarla “İnvest Kredit” İttifaqını yaratmışdılar”.

Azğınlaşan şəbəkə hətta 1975-ci ildə Laçın rayonunda anadan olmuş “Oray” MMC-nin rəhbəri Qaşqay Həsənovun 2009-cu ildə özünə qəsd etməsində də bank rəhbərini təqsirləndirmək istəyirmiş. Bu mövzu ilə bağlı dövriyyəyə buraxılan məlumatlara diqqət edək: “Mənbənin məlumatında bildirilir ki, Qaşqay Həsənov məhz Etibar Əliyevin rəhbərliyi dövründə “Texnikabank” ASC və “KredAqro” BOKT üçün yer alıb ofis binaları tikdirib. O, 2009-cu ildə intihar etdikdən sonra bəzi nüfuzlu şəxslər tərəfindən qardaşlarına müxtəlif formalı hədə-qorxular gəlindi. Həmçinin, Etibar Əliyevlə “KredAqro” BOKT-un o zamankı rəhbəri Eldar Cəfərovun himayədarları Qaşqay Həsənovun intihar səbəblərini ört-basdır etməyə müvəffəq oldular. Bununla da “KredAqro”nun rayon filialında Qaşqay Həsənovla bağlı olan 100 minlərlə dəyərində kreditin taleyi qaranlıq qaldı. Və heç kim bu məsələ ilə maraqlanmadı”.
Hər halda, ilahi ədalət deyilən bir məfhumun olduğu burada özünü aydın büruzə verir. Etibar Əliyev uzun müddət rəhbəri olduğu banka qayıtdı, onu şərləyənlər isə həbsə getdi. Təbii ki, Prezident İlham Əliyevin cəsarətli ifşa addımlarının açdığı imkanların sayəsində…

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …

Bir cavab yazın